Nəsimi rayonunda iyun ayında səyyar qəbullar diqqət mərkəzində olub

17:20 30.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.

Cari ilin iyun ayı ərzində RİH başçısı Asif Əsgərov tərəfindən rayon ərazisində səyyar qəbullar və yerlərdə görüşlər keçirilmişdir. Qəbul və görüşlər 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanları əhatə etmiş, keçirilən 4 səyyar qəbul və görüşlərdə 500-dən çox sakinin iştirakı ilə 60-a qədər müraciətlər dinlənilmişdir. Qaldırılan  məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, görüləcək işlər vətəndaşlara geniş izah edilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülmüşdür. Vətəndaşların müraciətləri əsasən həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam örtüklərinin və zirzəmilərin təmiri, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi,  küçə və həyətlərin işıqlandırılması, qrafiklərlə verilən su təchizatının daha da yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və s. məsələlərlə bağlı olmuşdur.

Qəbul və görüşlərdə sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu barədə mütəmadi olaraq məlumat verilmişdir.

Qəbullar və görüşlər zamanı  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması, ölkəmizin qüdrətlənməsi istiqamətində görülən çoxşaxəli işlər qeyd edilmiş, sakinlər yerlərdə qəbulların təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə, Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərinə görə razılıqlarını bildirərək dövlət başçısına minnətdarlıq etmişlər.

Oxunma sayı 91