Millli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar üzrə komitənin üzvü Ceyhun Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, “Dini etiqad və azadlıqlar” haqqında qanuna dəyişikliklər olsa da, hələ ki, prosesə tam başlanılmayıb. Onun sözlərinə görə, bu sistem bir müddətdən sonra işləməyə başlayacaq.
“Əvvəl də qeyd olunduğu kimi burada əsas məqsəd və hədəflərdən biri nəzir və ianələrin verilməsi, toplanmasında şəffaflığın artırılmasıdır. Lakin bu o demək deyil ki, nəzirlər yalnız onlayn qaydada olacaq. Nəzirlər həm fiziki formada, yəni istənilən şəxsin məscidlərə, ziyarətgahlara gedərək birbaşa ödəməsi ilə də gerçəkləşəcək. Vətəndaşın bunu həm də, onlayn qaydada da yerinə yetirməsi mümkün olacaq. Hazırda məqsəd və hədəf budur”.
C.Məmmədov bildirib ki, onlayn sistemə keçid bir çox hallarda insanların işini asanlaşdıracaq.
“Nəzirini məscidə getmədən vermək istəyənlər üçün daha rahat şərait, imkanlar yaradılmış olacaq. Ona görə də nəzirlərin onlayn verilməsinin müsbət tərəfləri çoxdur. Yəqin ki, bir müddətdən sonra bu barədə mətbuata geniş və ətraflı açıqlama veriləcək”.