Nikah öncəsi tibbi müayinə 

15:29 11.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Ekspertlər hesab edirlər ki, bu müayinələrin keçirlməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır

Gələcək nəsillərin sağlam olması həm də bu gün qurulan ailələrdən asılıdır. Çünki valideynlərin sağlamlığı onların gələcək övladlarının da sağlamlığına təsir edir. Milli genefondun qorunmasını, əhalinin sağlamlığını dövlətin əsas prioritetləri sırasında görən ölkələr bu məqsədlə davamlı olaraq müxtəlif proqramlar həyata keçirirlər.

Qeyd edək ki, Azərbaycan dövləti üçün də milli genefondun qorunması, əhalinin sağlamlığının təmin olunması, cəmiyyətdə sağlam ailələrin formalaşması əsas prioritet məsələlərdəndir. Bu istiqamətdə atılmış ən vacib addımlardan biri isə ölkəmizdə nikahdan öncə tibbi arayışın tələb olunmasıdır. Mütəxəssislər də hesab edirlər ki, nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu müayinələrin keçirlməsi ilk növbədə genefondun sağlamlığı üçün əsasdır.

Yeri gəlmişkən, Azərbaycanda 2015-ci ildən aparılan bu müayinələr nəticəsində indiyədək nikaha daxil olmaq istəyən 720 897 nəfərdən qan nümunəsi götürülüb. Aparılan müayinələr zamanı 25 073 cütlükdən birində talassemiya daşıyıcılığı, 293 cütlüyün hər ikisində daşıyıcılıq aşkarlanıb. Bu müddət ərzində 2 802 nəfərdə sifilis, 740 nəfərdə HİV(QİÇS) qeydə alınıb. Ölkəmizdə bu ilin fevral ayı ərzində isə nikaha daxil olmaq istəyən 9 676 nəfər müayinədən keçib. Statistikaya görə, onların 373-də talassemiya daşıyıcılığı, 97-də sifilis, 21 şəxsdə isə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 7 olub.

Tibbi arayış 1 ay müddətinə etibarlıdır

Məlumat üçün bildirək ki, tibbi arayış almaq üçün müraciət edən zaman şəxsiyyət vəsiqəsinin əslini və surətini mütləq təqdim etmək lazımdır. Tibbi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər bunlardır:

1) hemoqlobinopatiyalar:

1.1. böyük beta-talassemiya;

1.2. aralıq beta-talassemiya;

1.3. drepanotalassemiya;

1.4. oraqvari hüceyrəli anemiya;

2) İİV/QİÇS;

3) sifilis

Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən etibarən 2 (iki) həftədən çox olmamalıdır. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır. Arayışın vaxtı keçdikdən sonra qeydiyyat şöbəsindən nikah üçün tarix alına bilinməz. Burda diqqət edilməli məqam nikah üçün qeydiyyatdan keçmə tarixidir, çünki, tibbi arayışın müddəti qeydiyyatdan keçmə tarixinə qədər hesablanır. Qeydiyyatdan keçdikdən sonra tibbi arayışın müddəti keçsə də sizin nikah tarixinizə heç bir təsiri olmur. Tibbi arayışı aldıqdan sonra 1(bir) ay keçməmiş nikah üçün qeydiyyat şöbələrindən və ya ASAN xidmətlərdən nikah günü almaq üçün müraciət edilməlidir.

ASAN xidmət mərkəzlərində tibbi arayışın verilməsi üçün xidmət haqqı bir nəfərə görə 9 manat nəzərdə tutulub. Arayışın verilməsi 1, 2, 3, 4, 5 saylı Bakı "ASAN xidmət" mərkəzləri və Sumqayıt regional "ASAN xidmət" mərkəzində - 5 iş günü;

Sabirabad, Bərdə, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakən regional "ASAN xidmət" mərkəzlərində - 9 iş günüdür. Bu prosesdə nikaha daxil olmaq istəyən şəxsin özü iştirak etməlidir. Arayış vətəndaşın özünə şəxsən təqdim edilir.

Ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, nikahdan öncə tibbi müayinənin keçirilməsi əksər xəstəlik daşıyıcılarının üzə çıxmasına şərait yaradır: "Əvvəllər insanlar nikah öncəsi yoxlanmırdılar. Məsələn, yalnız talassemiyalı uşaq doğulandan sonra valideynlər gedib yoxlanırdı və bu zaman aydın olurdu ki, hər iki valideyn talassemiya daşıyıcısıdır. Talassemiya proqramı çıxdıqdan sonra nikaha girənlərin yoxlanışı proqrama daxil oldu, belə aşkarlanma da təbiidir. Yəni bu yoluxucu, keçici xəstəlik deyil. Sadəcə olaraq talassemiya irsi yolla sonrakı nəsillərə ötürülə bilər. O baxımdan da talassemiyalı uşaqlar ana bətnində təyin oluna bilir. Əgər uşaq talassemiyalıdırsa, onun doğuşuna icazə verilmir. Talassemiya daşıyıcıları evlənincə, bu xəstəlik daşıyıcısı olan uşaqların da doğulma şansı çoxdur”.

Professor deyib ki, talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nikahlarda təsadüf edilir. Talassemiya nəsildən-nəslə keçən çox ağır irsi qan xəstəliyidir: "Belə xəstələrdə lazım olan miqdarda hemoqlobin hasil olmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur. Bu mənada nikah öncəsi müayinə zamanı yoxlanışdan keçirilən xəstəliklər sırasında talassemiyanın olması müsbət haldır”.

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, bu addım gələcək nəslin sağlamlığına hesablanıb: “Nikahdan öncə tibbi arayışın tələb olunması həm evlənən cütlüklərin, həm də dünyaya gələcək övladların sağlamlığının qorunması baxımından çox önəmlidir. Qaydaların tətbiqi göstərir ki, ailələrin sağlamlığı dövlət siyasətinin prioritetidir. Əslində, evlənməyə, ailə həyatı qurmağa hazırlaşanların tibbi müayinədən keçməsi onların ailə həyatına necə məsuliyyətlə yanaşdığının göstəricisidir. Amma təəssüf ki, Azərbaycan cəmiyyəti bundan hələ çox uzaqdır. Azərbaycan mühitində ailələr çox zaman yalan üzərində qurulur. İstər ailələrin sosial vəziyyəti ilə bağlı, istərsə də evlənməyə hazırlaşan cütlüklərlə bağlı. Ailələr var ki, qızının, ya oğlunun, məsələn, ürək çatışmazlığı olduğunu qarşı tərəfə demir. Hətta övladlarının pis vərdişləri gizlədən ailələr də olur. Nə qədər belə faktlar var ki, evlənəndən sonra oğlanın, hətta bəzən qızların da narkotik aludəçisi olduğu üzə çıxıb, ailələr dağılıb, nəsillər arasında düşmənçilik yaranıb. Bizim cəmiyyət, təəssüf ki, ailə müqəddəsliyini unutmağa başlayıb və ilk gündən etibarən gələcək ailənin təməlini yalan üstündə qurmağa üstünlük verirlər”. Ekspertin sözlərinə görə, ailələr var ki, müxtəlif irsi xəstəliklər üzündən xəstə uşaqlar dünyaya gəlir: “Bəsən müxtəlif yoluxucu xəstəliklər üzündən ər və arvad arasında birgə yaşayışda problemlər ortaya çıxır və bunlar bəzən ailələrin dağılması ilə nəticələnir. Bunu düşünən insan özünün də, həyatını bağlamağı düşündüyü insanın sağlamlığına laqeyd qalmamalıdır. Ailənin də, gələcək nəslin sağlamlığını da evlənən cütlüklər düşünməlidir. Evlənənlər anlamalıdırlar ki, sağlamlıq ailə həyatında ən önəmli məsələdir. Həmçinin doğulacaq uşaqların da gələcəyinin sağlam və ya qeyri-sağlam olacağı bu gün qurulan ailədən asılıdır. Hər bir sağlam düşüncəli insan öz sağlamlığının təminatçısı olmalıdır. Normal, ağlı başında insan anlamalıdır ki, ailə qurmaq yalnız iki nəfərin birgə yaşayışından ibarət deyil. Ata da, ana da övladlarının qatilinə çevrilməməlidirlər. Hansısa xəstə cütlükdən sabah xəstə uşaq dünyaya gələcəksə, bunun günahkarı da valideynlər olacaq, bədəlini də onlar ödəyəcəklər. Bu baxımdan gənclərin bu məsələdə diqqətli olması vacibdir”.

Sağlam ailənin təməli sağlam evliliklə qoyulur

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu da nikahdan öncə tibbi arayışın tələb olunmasının cəmiyyət üçün lazımlı olduğunu bildirib. O deyib ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, xəstəliklər çoxalır: “Təbii ki, belə bir zamanda bu addım cəmiyyətin xeyrinədir. Çünki ailələrin dağılmasının, ailədaxili gərginliklərin səbəblərindən biri də məhz tərəflərdən birinin, yaxud hər ikisinin sağlamlığında problemlərin olmasıdır. Bu, gələcəkdə də yeni nəslin daha sağlam doğulmasına kömək edəcək. Əslində, sağlam ailə məhfumu geniş anlayışdır. Bu qanun orada amillərdən biridir və sağlam ailənin qurulmasına müəyyən qədər kömək edir. Sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur. Gələcək ailənin hər iki fərdi bir-birini anlamaqla yanaşı mənəvi xüsusiyyətlərinə görə də uyğun olsa yaxşıdır. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini də cəmiyyət çəkir”.