Nikahdankənar usaqlar atanın vərəsəsi ola bilərmi?

12:57 06.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

***

- İşəgötürənin işdən çıxma haqqında ərizə yazan işçini bir aydan çox işdə saxlamaq hüququ varmı?

- Mövcud qanunvericiliyə görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitəndən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

Əgər ərizə daxil olduqdan 1 ay sonra işəgötürən işçini müvafiq əmr ilə işdən azad etməsə, artıq işəgötürənin hərəkətləri qeyri-qanuni hesab edilir. Bu müddətdən sonra işəgötürən işçini əmrlə işdən azad etməsə, işçi nəzarət orqanı olan Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə və qurumun vəzifəli şəxsləri həmin təşkilat haqqında müvafiq ölçü götürə bilər. İşçinin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı məhkəməyə də müraciət etmək hüququ var.

***

-  Tələbə köçürülməsi zamanı tələbənin hansı hallarda ödənişsiz təhsil alması mümkündür?

- Mövcud qaydalara görə, əgər tələbə ödənişli əsaslarla oxuyursa, köçürülmə zamanı da ödənişli yerə köçürüləcək. Tələbə ödənişsiz təhsil alırsa, ixtisasını dəyişmədən digər hər hansı universitetə köçürülsə, bu halda ödənişsiz oxuyur. Əgər tələbə hər hansı ixtisasın əyani formasında oxuyursa, onun qiyabi formasına köçürülsə, bu halda da ödənişsiz təhsil alır. Üçüncü hal isə budur ki, tələbə ingilis dili qrupunda ödənişsiz oxuyursa, həmin ixtisasın Azərbaycan bölməsinə köçürülürsə, ödənişsiz oxuyacaq.

***

-  Əmək kitabçasının dublikatı hansı hallarda verilir?

- Əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir.işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır.Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə  əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur.

***

-Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanunvericiliklə necə tənzimlənir?

-“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtdan borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmə qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırılmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.