Nobel mükafatçısı Məhəmməd Yunisin ölkədən çıxışı qadağan edildi

10:53 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Banqladeş Ali Məhkəməsi əmək qanunlarını pozmaqda ittihamlanan Nobel mükafatlı bankir və iqtisadı professor Məhəmməd Yunis və onun 3 həmkarına məhkəmə icazəsi olmadan xaricə getmələrini qadağan edən qərar çıxarıb.

Hafta.az-ın yazdığına görə,  Ali Məhkəmənin bu qərarı əmək qanunvericiliyinin pozulması ilə bağlı işlərdə Yunisin 6 aylıq həbs cəzasının təxirə salınması və girov müqabilində azadlığa buraxılması barədə başqa məhkəmənin qərarına etirazlar olunduqdan sonra qəbul edilib.

Qeyri-kommersiya şirkəti “Grameen Telecom”a rəhbərlik edən 83 yaşlı Yunis uzun müddətdir vergidən yayınma iddiaları da daxil olmaqla, azı 168 məhkəmə iddiası ilə üzləşib.

1983-cü ildə “Grameen Bank”ı yaradan və banklardan kredit ala bilməyən kiçik sahibkarlara bu imkanı verən Yunis 2006-cı ildə sosial və iqtisadi inkişaf yolunda göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına layiq görülüb.

2008-ci ildə Yunisə qarşı bir sıra araşdırmalar açılıb.

Məhəmməd Yunis 2011-ci ildə “Grameen Bank”ın fəaliyyətinin araşdırılmasından sonra hökumətin pensiya qaydalarını pozduğu səbəbilə bank meneceri vəzifəsindən uzaqlaşdırılıb.

2013-cü ildə xaricdə qonorar, konfrans çıxışları və aldığı mükafatlara görə vergidən yayınmaqda ittihamlanan Yunis “Grameen Telecom” və “Grameen Phone” adı ilə qurduğu şirkətlərlə bağlı da bir çox ittihamlarla üzləşib. Bundan əlavə, Yunis 2023-cü il avqustun 22-də əmək qanunvericiliyini pozduğu iddiası ilə hakim qarşısına çıxarılıb.

Yanvarda Banqladeşin Əmək Məhkəməsi Məhəmməd Yunisi əmək qanunvericiliyini pozduğuna görə 6 ay həbs cəzasına məhkum edib.