Nöqsanlar buraxılmış vəzifəli şəxslər cəzalandırıldı - Qaradağda operativ iclas

20:44 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

24 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində Süleyman Mikayılovun sədrliyi ilə 14 mart 2020-ci il tarixində yaradılmış xüsusi qərargahın rayon ərazisində aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirəsi keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən hafta.az-a verilən məlumata görə, müşavirə zamanı qeyd edilib ki, rayon ərazisində gündəlik genişmiqyaslı dezinfeksiya işləri aparılır və bu işlərə nəzarət məqsədi ilə monitorinqlər keçirilir. Bildirilib ki, rayonun Lökbatan və Ələt qəsəbələrində ciddi nöqsanlar buraxılıb və bu qəsəbələrdə aparılan dezinfeksiya işləri qeyri-qənaətbəxş hesab olunub.

Rayon ərazisində aparılan dezinfeksiya işlərində buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verilib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrahimov tutduğu vəzifədən azad edilib.

Qaradağ rayonunun qəsəbələrində gündəlik aparılan dezinfeksiya işləri ciddi müzakirə olunub, mövcud olan nöqsan və çatışmazlıqlar təhlil edilib. Daha sonra mövcud olan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmiş və ciddi şəkildə bildirilib ki, gələcəkdə öz işlərində nöqsanlara yol vermiş şəxslər cəzalandırılacaqlar.

Oxunma sayı 41