Norveçdə tutulan braziliyalı casus rusdur

10:17 15.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya kəşfiyyatına işləməkdə şübhəli bilinən Braziliya vətəndaşı 2022-ci ilin oktyabrında Norveçdə saxlanılıb. Daha sonra Norveç Polisinin Təhlükəsizlik Xidməti (PST) iddia edib ki, saxlanılan braziliyalı əslində Rusiyadandır və gizli işləyirmiş.

Hafta.az-ın yazdığına görə, saxlanılan Braziliya vətəndaşı bildirib ki, rus əsillidir və adı da Mixail Mikuşindir.

Norveç polisi təhlükəsizlik agentliyinin məlumatına görə, casusluq işi üzrə saxlanılan şəxsin Rusiya əsilli olduğu etirafı şübhəlinin vəkili Marijana Loziç tərəfindən də təsdiqlənib.

Tromso Universitetinin özünü braziliyalı Xose Assis Giammaria kimi təqdim edən 45 yaşlı tədqiqatçıya qarşı casusluq işi açılıb və o, saxlanılıb.

Araşdırmanın əvvəlində PST Rusiya səfirliyinə diplomatlardan bu məlumatı təsdiq və ya təkzib etməyi xahiş edən müraciət göndərib. Müraciətə heç bir cavab verilməyib.

Müttəhimin etirafından sonra PST Rusiya səfirliyinə yeni məktub göndərib. Norveç hakimiyyəti iddia edir ki, Mikuşin “ad dəyişikliyindən” sonra Rusiya səfirliyindən konsulluq yardımı alıb və rus diplomatlar həmin şəxslə iki dəfə əlaqə saxlayıblar.

Rusiyanın Norveçdəki səfirliyi bu iddiaları təkzib edərək, “Səfirliyin konsulluq şöbəsində Xose Assis Giammariyanın Rusiya vətəndaşlığı olduğuna dair məlumat yoxdur. Bu halda ona konsulluq yardımı da göstərilə bilməz”.