Nüvə müharibəsi riski artır

09:34 17.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Wall Street Journal” qəzeti yazır ki, dünyanın müxtəlif yerlərində gedən münaqişələr səbəbindən nüvə müharibəsi riski artır. Təhlildə Soyuq Müharibədən sonra nüvə silahının yayılmasının qarşısının alınması səylərində əhəmiyyətli irəliləyiş əldə edildiyi, lakin son qlobal münaqişələrlə birlikdə nüvə müharibəsi riskinin yenidən gündəmə gəldiyi vurğulanır.

Hafta.az-ın yazdığına görə, Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi nüvə silahlarının yayılmasının qarşısının alınması səylərinin Soyuq Müharibədən bəri görünməmiş təhlükə altında olduğunu bildirir.

9 ölkə nüvə silahına malikdir: ABŞ, Rusiya, Fransa, Çin, Böyük Britaniya, Pakistan, Hindistan, İsrail və Şimali Koreya. Lakin ekspertlər bu rəqəmin gələcəkdə daha da arta biləcəyinə diqqət çəkirlər.

Vaşinqtonda yerləşən Nüvə Təhdidi Təşəbbüsü beyin mərkəzindən Erik Brever deyir: “1960-cı illərdən bəri nüvə silahının yayılmaması nizamının yaradılmasında və qorunub saxlanmasında mühüm rol oynamış böyük dövlətlər arasında onların yayılmasının qarşısının alınmasının vacibliyi ilə bağlı ümumi konsensus zəifləyib”.

Amerika Alimləri Federasiyasının məlumatına görə, hazırda Çində təxminən 500, ABŞ-da 3708, Rusiyada isə 4380 nüvə başlığı var.

Nüvə silahlarına nəzarət BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) vasitəsilə həyata keçirilir.

NPT, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsi zamanı ilk dəfə atom bombasından istifadə etdi. 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə edildikdən sonra ölkələrin nüvə silahlanma yarışının qarşısını almaq məqsədilə 1 iyul 1968-ci ildə imzaya açılmış və 1970-ci ildə qüvvəyə minib.

Soyuq Müharibə dövründə gündəmdə qalan NPT üç əsas prinsipə əsaslanır: nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə tərksilahı.

Türkiyə, Rusiya və ABŞ da daxil olmaqla 191 ölkənin imzaladığı müqaviləyə nüvə silahı olan BMT üzvləri Hindistan, İsrail və Pakistan qatılmayıb. Nüvə silahı olmayan BMT üzvü Cənubi Sudan müqaviləni imzalamayıb. Şimali Koreya 1993-cü ildə qoşulduğu NPT-dən 2003-cü ildə çıxdığını elan edib.

Bildirilir ki, son vaxtlar ABŞ, Çin və Rusiya arasında gərginliyin artması ilə NPT-yə inam da zəifləyib. Vaşinqton İranın ilin sonuna qədər nüvə silahı istehsal edə biləcəyini bildirsə də, Tehran bu iddiaları rədd edib.

Cənubi Koreya və Türkiyə də bu yaxınlarda nüvə silahı variantını araşdırıblar. “New York Times” qəzeti də avqust ayında öz xəbərlərində Cənubi Koreyanın nüvə silahı yaratmaq istədiyini bildirib.

Digər tərəfdən, Türkiyə ilə bağlı dəqiq məlumat paylaşılmır. Nüvə silahları müzakirəsi sonuncu dəfə 2019-cu ildə prezident Rəcəb Tayyib Ərdoğanın bu sözləri ilə gündəmə gətirilib: “Kiminsə nüvə başlıqlı raketi var, bir-iki deyil. Amma mənim nüvə başlıqlı raketim olmamalıdır! Mən bunu qəbul etmirəm”.

Rusiya prezidenti Vladimir Putin sentyabrda nüvə silahından istifadə ilə bağlı doktrinanı dəyişib.

Ukrayna, eləcə də Qəzza müharibələri ilə birlikdə nüvə hücumu təhlükəsi yenidən narahatlıq yaradır. Xarici işlər naziri Hakan Fidan mart ayında verdiyi açıqlamada İsrailin nüvə silahından istifadə ilə bağlı təhdidlərini tənqid edib və Türkiyənin "nüvə silahsızlanması səylərini dəstəklədiyini" deyib.