Rəsmi Moskvanın dünyanı Ukraynaya nüvə silahı atacağı ilə hədələməsi hazırda ən çox müzakirə olunan məsələlərdəndir. Belə ki, Putin ötən həftə bu məsələyə yenidən toxunaraq bəyan edib ki, ölkəsinin ərazi bütövlüyü təhdid edilərsə, bütün vasitələrdən istifadə edəcəklər: “Ölkəmizin ərazi bütövlüyü təhdid edilərsə, Rusiyanı və insanlarımızı müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil". Kreml rəhbərinin nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı dəfələrlə yerli və beynəlxalq ekspertlər tərəfindən müxtəlif açıqlamalar verilib. Regiona yaxın coğrafi mövqedə yerləşdiyimizi nəzərə alsaq, nüvə silahından istifadənin Azərbaycan üçün hansı fəsadlar yaradıb-yaratmayacağı ciddi narahatlıq doğurur.
Maraqlıdır, Rusiya əgər Ukraynaya nüvə silahı atarsa, bunun Azərbaycana ekoloji cəhətdən hansı fəsadları ola bilər? Bizi hansı təhlükə gözləyir?
Yeri gəlmişkən, qeyd edək ki, nüvə silahları bütün ölkələr üçün qorxuludur. Bu baxımdan belə silahı olan ölkələr digərləri üzərində istədikləri şəkildə hegemonluq edə bilirlər. Stokholm Beynəlxalq Sülh İnstitutu və Amerika Elm Adamları Federasiyasının birgə apardığı araşdırmalara görə, hazırda dünyada 9 ölkədə nüvə silahı var. Siyahıya Rusiya rəhbərlik edir. Altı min 850 nüvə silahı olan Rusiyada Prezident Vladimir Putin bu silahları istədiyi kimi istifadə etmək hüququna malikdir.
Onu da xatırladaq ki, Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə ABŞ aviasiyası tərəfindən atılan atom bombası bəşər tarixində nüvə silahının hərbi məqsədlə tətbiq olunduğunun ilk və yeganə nümunəsidir. Bu, İkinci dünya müharibəsinin sonlarında Sakit okean cəbhəsində aparılan hərbi əməliyyatlar çərçivəsində ABŞ Silahlı Qüvvələri tərəfindən Yaponiyanın kapitulyasiyasını sürətləndirmək məqsədilə həyata keçirilib. Atom bombası böyük partlayışlara və onminlərlə insanın ölümünə səbəb olub.
Ekspertlər bildirirlər ki, hazırda ABŞ və Rusiyanın arsenalında olan nüvə başlıqları əgər müharibədə tətbiq olunarsa, iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə “nüvə qışına” səbəb olacaq. Çox kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğın törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığını blok edib, dünyanın böyük qismində “qış alatoranlığı” yarada bilər. Nüvə müharibəsi o deməkdir ki, insanlar tüstü və zəhərli hava ilə nəfəs alacaq, içməli su təminatı məhv olacaq. Əksər insanlar nüvə partlayışı ərazisində olmasa da, sonradan “nüvə qışı”nın təsirindən ciddi ərzaq və su çatışmazlığına görə acından öləcək.
Kiçikərazili regional nüvə müharibəsi – indiki halda Rusiya Ukrayna və ya Avropa sərhədlərinə tətbiq edərsə, qlobal miqdasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər. Qlobal faciə indiki və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.
Rusiyanın Ukraynaya nüvə silahı atacağı təqdirdə, bunun Azərbaycanda hansı ekoloji fəsadlara səbəb ola biləcəyini hafta.az-a şərh edən “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, ekoloq, dosent Elman Yusifov bildirir ki, bu, təkcə ölkəmizdə deyil, bütün bəşəriyyətdə böyük faciə yarada bilər: “Əgər Rusiya Ukraynaya nüvə silahı atarsa, təbii ki, qarşı tərəfdən də buna cavab gələcək. Bu, böyük faciəyə səbəb ola bilər. Radiasiya yağıntıları torpağı tamamilə çirkləndirəcək. Bitki örtüyü məhv olacaq, insanların həyatı çox böyük təhlükə altında qalacaq. Su mənbələri zərəhlənəcək, su mənbələrindən qidalan bütün bitkilər, heyvanlar, o cümlədən insan radioaktiv çirklənmələrə məruz qalacaq. Yəni, bu, region üçün fəlakətli hadisələrə yol aça bilər”.
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyev vurğulayıb ki, bu hadisə nəinki Azərbaycan, digər ölkələr üçün də ciddi faciələrə səbəb ola bilər: “Hələ Zaporojye Atom Elektrik Stansiyasına hansısa təxribat olarsa, bu, bütöv regionun radiasiyaya məruz qalması deməkdir. Məsələn, götürək Çernobılda baş verən hadisəni. Bu hadisədən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, yenə də orada inəklərin südündə radiasiya aşkar edilir. Yəni bu, böyük faciələrə yol aça bilər. İnanmıram ki, Rusiya o qədər ağılsızlıq edib belə bir hərəkət etsin. Rusiya özü Ukraynaya bizdən daha yaxındır. Sadəcə, bu formada danışmaqla dünyanı qorxudurlar. Ümumiyyətlə, bu hal baş verərsə, əsrin qəzası ola bilər”.