“Onların məqsədi 100 minə yaxın hərbçinin etimadını sarsıtmaqdır...” - Sabiq nazir müavini

17:34 15.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Hafta.az redaksiyasına Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimovun ehtiyatda və istefadakı  hərbi qulluqçular sırasından olan əmək pensiyaçılarının pensiyalarının artımı problemi ilə əlaqədar müraciəti daxil olub. 

İctimai aktuallığını nəzərə alaraq həmin müraciəti dəyərli Hafta.az oxucularının nəzərinə çatdırırıq:

“Fevralın 8-də saytlardan birinə geniş açıqlamamda Azərbaycan Prezidentinin 23 dekabr 2021-ci il tarixli məlum Fərmanlarına öz münasibətimi bildirmiş və həmin Fərmanların müddəalarının  hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin  vəzifə maaşlarına edilmiş 20% miqdarında əlavənin ehtiyatda və istefada olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarına şamil edilməməsinə aydınlıq gətirmişdim. Və mənim mövqeyim belə olmuşdu ki, həmin Fərmanların  təsir dairəsinə biz ehtiyatda və istefada olan əmək pensiyaçıları da  düşməli idik. Lakin görünən odur ki, müəyyən qüvvələr bunu istəmirlər və məqsədləri də maraqlarına toxunulan həmin əmək pensiyaçılarının  dövlətdən narazı salınması olub”.

Və mənim açıqlamamdan bir neçə gün əvvəl Azərbaycan Respublikası  Konstitusiya Məhkəməsinin Plenumunun 02.02.2022-ci il tarixli Qərarı ilə “Əmək Pensiyaları Haqqında” Qanunun 9.6-cı maddəsinin  AR  Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə uyğunluğu  yoxlanılıb.

Həmçinin, həmin günlərdə AR  Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin   tabeliyində  DSMF-nin direktoru Himalay  Məmişovun sosial şəbəkələrdə jurnalistlərə verdiyi müsahibə geniş yayılıb.

Bir çox ehtiyatda və istefada olan hərbi qulluqçular və xüsusi rütbəli şəxslər mənə zəng vuraraq Konstitusiya Məhkəməsi Plenumunun   Qərarına və DSMF-nin direktorunun çıxışlarına  istinad edərək hərbi qulluqçuların  və xüsusi rütbəli şəxslərin  pensiyalarının  artımı ilə əlaqədar olan problemin artıq həll olunduğunu  həvəslə və sevincli halda mənə bildirdilər.

Həqiqətənmi ehtiyatda və istefadakı  hərbi qulluqçular sırasından  olan əmək pensiyaçılarının pensiyalarının artımı ilə əlaqədar problem  öz həllini artıq tapıb?

Lakin təəssüf ki, hüquqşünas dostlarımızın dəstəyi ilə apardığımız araşdırmamızla onları məyus etməli olacağıq.  Belə ki:

1.AR Konstitusiya Məhkəməsi Plenumunun  02.02.2022-ci il tarixli Qərarının və DSMF-nin direktorunun məlum çıxışının hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artımı  ilə heç bir əlaqəsi yoxdur.

Çünki  AR Konstitusiya Məhkəməsinin Plenumunun  qərarı ilə “Əmək Pensiyaları Haqqında” Qanunun  9.6-cı  maddəsilə  əmək pensiyası təyin olunmuş  hərbi qulluqçuların  yenidən hərbi xidmətə daxil olduqdan sonra 2-ci dəfə ehtiyata buraxılmasından sonra ona  yenidən pensiya təyini məsələsinə aydınlıq gətirib.  

Konstitusiya Məhkəməsi bir daha təsdiqləmişdir ki, hərbi qulluqçuya  pensiya yalnız bir dəfə təyin oluna bilər. Pensiyada olarkən 2-ci dəfə hərbi xidmətə çağırılmış və  ehtiyata buraxılmış hərbi qulluqçulara əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Zatən, bu hal “Əmək Pensiyaları Haqqında” Qanunun  01.07.2017-ci il tarixindən sonrakı  redaksiyasında öz əksini tapıb.

Qeyd etmək lazımdır ki “Əmək Pensiyaları Haqqında” Qanunun   01.07.2017-ci il tarixədək olan redaksiyası həmin tarixədək (yəni 01.07.2017-ci il tarixədək) yenidən ehtiyata buraxılmış şəxslərə xidmətdə olarkən artıq əmək pensiyası alanlara sonuncu təminat xərcliyinə görə pensiyanın yenidən hesablanmasına icazə verirdi.

Lakin bu Qanuna 10.03.2017-ci il tarixdə 543-VQD №-li Qanunla  mən deyərdim ki, edilmiş mürtəce dəyişikliklə 2-ci dəfə ehtiyata buraxılan hərbi qulluqçular bu hüquqlardan  məhrum edilmişdilər. Çünki 2-ci dəfə ehtiyata buraxılan hərbi qulluqçulara təyin edilən əmək pensiyasının miqdarı əksər hallarda onlara 1-ci dəfə ehtiyata buraxılarkən  təyin edilmiş pensiya miqdarından  çox olurdu(xidmət illərindən görə faiz əlavəsi, məharət dərəcəsinə  görə  əlavə və sair əlavələr artırılırdı).

2. O, ki, qaldı  DSMF direktorunun  məlum müsahibəsinə, burada da  ümumi ifadələrdən  istifadə  olunur. Və deyilənlərin heç bir hüquqi əsası yoxdur.  

Belə ki,  DSMF direktorunun dediklərindən  belə nəticəyə gəlmək olur ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əmək pensiyaları sığorta prinsipinə əsasən təyin olunmadığına görə hazırkı əmək pensiyalarının indeksasiyası  və 200 manat miqdarında maddi yardım barədə qərar da onlara şamil olunmayacaq.

Onun dediklərindən belə çıxır ki, gələcəkdə hərbi qulluqçuların  pensiyalarının indeksasiyası  barədə qərar qəbul oluna bilər.

Hərbi qulluqçuların  əmək pensiyası  isə yalnız onların əmək haqqlarında artımlar baş verdikdə artırılır. Lakin görünən odur ki, AR Prezidentinin 23.12.2021-ci il tarixli Fərmanları ilə  yanvar ayından hərbi qulluqçuların vəzifə maaşlarına tətbiq edilmiş 20 % miqdarında əlavələr  də hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarına şamil olunmayacaqdır. Beləliklə, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçıları məlum xalq məsəlində deyildiyi kimi həm Əli aşından, həm də Vəli aşından məhrum olunurlar.

Belə hiss olunur ki, tezliklə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Milli Məclisə qanun layihəsi  təqdim olunacaq  və həmin qanun layihəsində Əmək Pensiyaları Haqqında qanunda hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiyalarının artmalarının onların əmək haqqlarının artması ilə əlaqədar olması haqqında müddəanın ləvğ olunması öz əksini tapacaqdır.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi şəxslərinin və sosial şəbəkələrdə özlərini hərbi ekspert kimi təqdim edənlərin məqsədləri ehtiyatda və istefada olan 99000, başqa sözlə 100 minə yaxın  hərbi qulluqçunun, xüsusi rütbəli şəxslərin və  onların ailə üzvlərinin sıralarında çaşqınlıq yaratmaq və onların Dövlətə inamını və etimadını sarsıtmaqdır. Odur ki, həmin qurum rəhbərləri və aparıcı əməkdaşlarına gördükləri işləri, verdikləri qərarları yenidən nəzərdən keçirib mövcud qanunlarımıza uyğun, eləcə də dövlətçiliyimiz və xalqımız üçün faydalı nəticələrə gələrək bəhs edilən problem barədə yenidən doğru və düzgün qərarlar verməyi tövsiyə edirik.

Hörmətlə:

Müdafiə nazirinin sabiq müavini, istefada olan polkovnik Mehman Səlimov”.