Onlayn konfransda 45 partiya iştirak etdi

19:50 09.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 15:00-da başlayan iqtidar və müxalifət partiyaların onlayn konfransı 3 saat davam edib. 45 Partiyanın iştirak etdiyi konfransda 20 partiyanın nümayəndəsi müxtəlif məsələlər ətrafında çıxış edib.

Tədbirdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonrakı reallıqlara və siyasi dialoqa, o cümlədən Qarabağda həyata keçirilən bərpa işlərinin gedişinə dair məsələlərə dair müzakirələr aparılıb. Konfrans Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin təşəbbüsü və sədrliyi ilə baş tutub.

Onlayn konfransda iştirak edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov hafta.az- bildirib ki, müzakirələr zamanı  eyni zamanda 44 günlük müharibədən sonra partiyaların tutduğu mövqe, görəcəyi işlər, yanlışlar, seçki qanunvericiliyi, proporsional seçkinin bərpa olunması, parlamentdə boş yerlərərə seçkilərin keçirilməsi, siyasi mədəniyyət məsələləri, partiyaların bir-birini təhqir etmə, böhtan atmaları ilə bağlı çox məsələ və narazılıqlar önə çəkilib.

Son vaxtlar mətbuat meydanında ADP sədri Sərdar Cəlaloğlu ilə fikir gərginliyi yaşayan A.Səmədov konfransda bu məsələ ilə bağlı müəyyən notları önə çəkdiyini deyib.

“Konfransda  tələb elədim ki, böhtan, təhqir hallarının qarşısının alınması üçün məlumatlar ciddi şəkildə araşdırılsın. Əgər həqiqətən  də hansısa xarici dövlətə xidmət edən adamlar varsa onların haqqında ən ciddi tədbirlər görülsün. Əgər haqqımda belə faktlar varsa ciddi tədbirlər görülsün”.

A.Səmədov bildirib ki, bu cür təhqirlərə yol verən adamlar  haqqında tədbirlər görülməlidir ki, siyasi düşərgəyə bir qədər mədəniyyət gəlsin. 

“Bizə baxan insanlar da görsünlər, nəsə götürsünlər”.  A.Səmədov hesab edir ki, ümumən tədbir maraqlı keçib və belə müzakirələr davamlı olmalıdır.