Onlayn medianın dil imkanları - Araşdırma

12:39 23.07.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün müasir Azərbaycan mediasında özünəməxsus yeri olan onlayn media üçün yeni tələblər yaranıb. Belə ki, onlayn medianın dil imkanlarının artırılması, müxtəlifdilli oxucu auditoriyasının genişləndirilməsi əsas hədəflərdən birinə çevrilib. Maraqlıdır, görəsən, hazırda ölkəmizdə fəaliyyət göstərən agentlik və saytların dil imkanları hansı səviyyədədir? Başlayaq ölkənin aparıcı agentlik və saytlarından.

Qeyd edək ki, hazırda ölkənin aparıcı sayt və agentliklərinin əksəriyyəti 3 dildə-Azərbaycan, rus, ingilis dillərində xəbərlər yayımlayırlar. Amma ölkədə dil imkanları məhdud onlayn media subyeklərinin sayı da az deyil. Bu media subyekləri yalnız Azərbaycan dilində xəbər yaymaqla kifayətlənirlər. Çox az sayda media qurumlarının isə 3-dən çox dildə versiyaları mövcuddur.  

Məsələn, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyi hesab olunan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC hazırda rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, çin və ispan dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə informasiya yayır.

1995-ci ildə yaradılmış Trend müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsü sayılır. Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan Trend Azərbaycan, ingilis, rus, ərəb və fars dillərində gündə təxminən 500 məqalə dərc edir. Trend-in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

2014-cü ildən fəaliyyətə başlayan Report informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində oxuculara xəbər çatdırır.

2012-ci ildə yaradılan AzVision.az internet saytı ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və 7 dildə oxuculara çatdırır.

2004-cü ildə yaradılan Azəri-Press Agentliyi (APA) dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir. Şirkətin ABŞ, Türkiyə, İngiltərə, Fransa, İran, Rusiya, Gürcüstanda, həmçinin Azərbaycanın bütün bölgələrində müxbir postları var. Agentlik xəbərlərini Azərbaycan, rus, ingilis dillərində yayımlayır.

2007- ci ildə fəaliyyətə başlayan 1news.az saytı oxuculara Azərbaycan və rus dillərində xəbərlər təqdim edir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Azərbaycan Dövlət İnformasiya Agentliyinin vebinarda multimedia və informasiya resursları baş redaksiyasının baş redaktoru Elşən Şahbalayev deyib ki, hazırda AZƏRTAC Azərbaycan dili ilə yanaşı, 8 dildə xəbər yayımlayır: “AZƏRTAC–ın ilk veb saytı yaranandan, yəni  2000-ci ildən rus və ingilisdilli versiyanı oxuculara təqdim etmişik. Alman və fransızdilli versiya 2011-ci ildən yaradılıb. Çin dili 2014-cü ildən fəaliyyət göstərir. Ən son 2019-cu ilin əvvəlində ispan dili versiyamızı hazırlamışıq. Hazırda Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ərəb, ispan və çin dillərində xəbər yayımlayırıq. Biz xüsusilə hansı dillərin daha çox auditoriyası olduğuna diqqət yetiririk. Ümumilikdə informasiyanı harada yaymaq istəyirik, hansı coğrafiyada Azərbaycanın informasiyalarının yayılmağını istəyirik və s. kimi istiqamətləri təhlil edib, sonra dillə bağlı qərar veririk”.

AZƏRTAC –ın xarici dillərdə xəbər yaymağı hədəflədiyi zamanlarda mütəxəssis problemi yaşayıb-yaşamadığına gəlincə, Elşən Şahbalayev bildirib ki, onlar üçün ən çətin məsələ çindilli versiya üzrə mütəxəssis tapmaq olub: “Hazırda bu istiqamətdə bizim 2 əməkdaşımız var. Onlar da Çində təhsil alıblar. Ona görə biz Çində təhsil alan, bu ölkədə çox müddət keçirən mütəxəssislərə üstünlük verdik ki, Çin dili qəliz dildir. Bir çox dialektləri var, hansı ədəbidir, hansı daha geniş yayılmışdır və s. Bunun ən yaxşısını da mütəxəssislər bilirlər. Amma belə mütəxəssislərin də sayı çox deyil. Digər dillərdən məsələn, ərəb dilində mütəxəssis tapmaq çətin deyil. Azərbaycanda şərqşünaslığın dərin kökləri var. Düzdür, medianın üslubunu, dilini bilən mütəxəssislər lazımdır, onlar da zaman-zaman öyrənirlər. Hazırda bizdə daha çox əməkdaş sayı ingilis və rusdilli versiyadadır. Bu versiyaların daha geniş coğrafiyası var. Təxminən hər versiyada 10-a yaxın əməkdaş çalışır. Ən az əməkdaş qeyd etdiyim kimi Çin dili versiyamızdadır”.

Azvision.az -ın xarici dillər redaksiyasının rəhbəri Səbinə Həsənova bildirib ki, sayt fəaliyyətə başladıqdan təxminən bir il sonra ingilisdilli versiya oxucuların ixtiyarına verilib:

“Bizim Azvizion.az artıq 9 ilə yaxındır ki, fəaliyyətdədir. Fəaliyyətə başladıqdan təxminən bir il sonra ingilisdilli versiyamızı oxuculara təqdim etdik. Əslində dilləri bilən çoxdur. Məsələn, biz bu işi quranda çoxsaylı müraciətlər daxil olurdu. Müraciət edənlərin CV-ləri doğrudan da çox yaxşı vəziyyətdə idi. Biz sevinə-sevinə həmin müraciətçiləri dəvət edirdik. Lakin gəlirdilər heç nə alınmırdı. Problem bilirsiniz nədədir? Jurnalistikanın, xəbərin dili bütün dillərdə fərqlidir. Ona görə də hər ingilis dilini bilən bizdə tərcüməçi kimi işləyə bilmir. Bu baxımdan bizim mütəxəssis tapmaqla bağlı çətinliklərimiz oldu. Biz gələn işçilərə bir ay vaxt verirdik. Əgər potensialı, bazası varsa, həmin adamı öyrətməyə çalışırdıq və müəyyən bir vaxt keçəndən sonra mütəxəssis kimi yetişirdilər. Yəni, bu işi əsas praktikada öyrənmək lazımdır. Bizə iş üçün müraciət edənlərin əksəriyyəti tərcüməçilər olur. Amma bizə ingilisdilli və ya digər dillərdə jurnalistlər lazımdır. Çünki gələnlərin hamısı işi öyrənə bilmir. Necə ki, Azərbaycandilli versiyada hər gələn işçi keyfiyyətli məhsul ortaya qoya bilmir, eynilə xaricidilli versiyalarda da vəziyyət elədir”.

Həmsöhbətimiz qeyd edib ki, hazırda təmsil etdiyi media qurumu oxuculara bir neçə dildə xəbər çatdırır: “Biz hazırda Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, fransız, ərəb, ispan dillərində məlumat yayırıq. Erməni dilində də xəbər yayırdıq, amma həmin şöbəni mütəxəssis çatışmadığından bağlamaq məcburiyyətində qaldıq. Düzdür, dili bilən var, lakin mükəmməl səviyyədə olmadığından bağlamaq məcburiyyətində qaldıq.  Hazırda hər versiya üzrə bəzilərində 3, bəzilərində 4-5 nəfər çalışır. Bizə həmin işçilər tərcüməçi kimi gəlmişdilər, amma hazırda tərcüməçi müxbir kimi yetişiblər”.

Səbinə Həsənova xaricidilli versiyaların ərsəyə gəlməsi üçün aylıq nə qədər vəsaitin tələb olunmasını isə belə izah edib: “Bizdə hər işçinin, müxbirin konkret maaşı var. Adi müxbirlər necə, onlar da elə. Yəni, Azərbaycandilli versiyada müxbir nə qədər əmək haqqı alırsa, tutaq ki,ingilisdilli versiyada da müxbir o qədər məvacib alır. Bu məsələdə hansısa ayrıseçkilik yoxdur. Çünki biz onlara tərcüməçi kimi deyil, müxbirimiz kimi baxırıq. Onlar təkcə tərcümə etmir, müsahibə də edirlər, çəkilişlərə də gedirlər”.

“Report” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Namiq Hüseynov deyib ki, xaricidilli auditoriya üçün “Report”un rus və ingilis dillərində versiyası fəaliyyət göstərir:

“Bu gün “Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına çatdırır. Agentlik yarandığı gündən, yəni, 2014-cü ildən Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də xəbərlər hazırlanır. Bu versiyaların hazırlanmasına əlavə olaraq təxminən 4-5 əməkdaş cəlb olunub”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən media eksperti Ələsgər Məmmədli də hesab edir ki, onlayn media subyektlərinin dil imkanlarını genişləndirməsi vacib məsələdir:

“Bu gün Azərbaycanda “Turan”, “APA”, “Report”, AZƏRTAC və s. kimi informasiya agentlikləri müxtəlif dillərdə informasiya təqdim edirlər.  Əslində nə qədər çox xarici dildə informasiyanı geniş məkana obyektiv çıxarmaq imkanınız varsa, o zaman yeni auditoriya qazanmız olursunuz. Amma burada bir məsələ də unudulmamalıdır. Tutaq ki, siz 5-10 dildə xəbər paylaşa bilərsiniz, bu xəbərlər təbliğat xarakterli olduğundan auditoriya üçün maraq yarada bilməz. Lakin tam tərsi gündə bir neçə özəl xəbər hazırlayarsınız, həmin informasiyalara ciddi şəkildə tələb yarana bilər. Eyni zamanda, başqa resurslar da bu xəbəri qaynaq kimi istifadə edərlər. Bu baxımdan vacibdir ki, ilk növbədə böyük oynamaq istəyən, daha rəqabətli olmaq istəyən media qurumları bir neçə dildə xəbər yaysınlar. Amma bunun da ən önəmli tərəfi ortaya peşəkar olaraq məhsul qoymaqdır. Sadəcə informasiyaları tərcümə edib yaymaqla iş bitməməlidir. Bu gün mövcud internet kommunikasiyasında “google translate” vasitəsilə istənilən dildə olan xəbəri almaq istədiyimiz dilə çevirib oxuya bilirik. Bu tərcümə yuzdə-yüz olmasa da, yüzdə-səksən, yüzdə-doxsan doğruluq payı yaradır. Ona görə də əsas iş peşəkar xəbər yaymaq üzərində qurulmalıdır”.

Ekspert saytların xarici dil imkanlarının genişləndirilməsi üçün kifayət qədər resursa malik olmasının zəruriliyini də vurğulayıb: “Məsələn, götürək hansısa redaksiyanın fəaliyyətini. Redaksiyanın böyüklüyünə, kiçikliyinə görə bir neçə jurnalisti varsa, gündə təxminən minimum 10 dənə özəl material hazırlayırsa, bu artıq xeyli resurs deməkdir. Yəni, günə 1 dənə xəbəri bir jurnalist hazırlasa, bu azı 10 jurnalist deməkdir. Bundan başqa redaksiyada redaktor, korrektor olmalıdır və s. Ümumiyyətlə, bu məsələ ilə bağlı iki aspektdə hərəkət etmək olar, ya redaksiya daimi şəkildə ştata tərcüməçi götürür və həmin şəxsin tərcüməçilik imkanlarından istifadə edir. Ya da bunun üçün kənardan pullu xidmət alır. Təbii ki, tərcümə yetərli olmadığından, materiala həm də redaktor baxmalı olacaq. İndiki Azərbaycan reallığını götürsək, bir səhifənin minimal tərcüməsi 15 manatdır. Yəni, minimum bazar qiyməti budur. Gündə 5 belə xəbər hazırlansa, təkcə tərcüməyə minimum 75-100 manat ödənilməlidir. Ay ərzində təxminən 3000 manat təkcə tərcüməyə gedəcək. Düzdür, bahalı bir işdir, amma önəmli olan bahalı prosesin nə qədər resurs cəlb etmək imkanı var. Əgər imkan varsa, bu vacib prosesdir, imkan yoxdursa, sayt “google translate” və digər proqramların ümidinə qalır”. 

 

Oxunma sayı 1381