Onlayn “nəzir qutuları” - nə zaman fəaliyyətə başlayacaq?

16:39 19.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Məscidlərdə, dini ibadətgahlarda, ziyarətgahlarda toplanılan ianələr, nəzirlərin düzgün xərclənmədiyi, bəzi hallarda  cavabdeh şəxslərin sui-istifadə etdiyinə dair iddialar səsləndirilir. Təbii ki, bu məsələ istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətin ayrı-ayrı kəsimlərində heç də birmənalı olmayan müzakirələrə yol açır. Bu amilləri nəzərə alaraq, Milli Məclisdə “Dini  etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edildi. Nəzirlərin, ianələrin toplanılması mexanizmi, nəzarət funksiyaları ilə bağlı mühüm qərarlar qəbul olundu. Bunlardan biri də nəzirlərin onlayn qaydada verilməsinə şərait yaratmaqdır. Qanun bir müddətdir ki, qəbul edilib. Hafta.az bu sahədə mövcud vəziyyəti araşdırıb. 

Millli Məclisin deputatı, ictimai birliklər və dini qurumlar üzrə komitənin üzvü Ceyhun Məmmədov hafta.az-a açıqlamasında bildirib ki, “Dini etiqad və azadlıqlar” haqqında qanuna dəyişikliklər olsa da, proses tam başa çatmayıb. Onun sözlərinə görə, bu sistem bir müddət sonra işləməyə başlayacaq: 

“Əvvəl də qeyd olunduğu kimi, burada əsas məqsəd və hədəflərdən biri nəzir və ianələrin verilməsi, toplanmasında şəffaflığın artırılmasıdır. Bu o demək deyil ki, nəzirlər yalnız onlayn qaydada olacaq. Nəzirlər həm fiziki formada, yəni istənilən şəxsin məscidlərə, ziyarətgahlara gedərək birbaşa ödəməsi ilə gerçəkləşəcək. Vətəndaşın bunu həm də  onlayn qaydada yerinə yetirməsi mümkün olacaq.  Hazırda məqsəd və hədəf budur”.

C.Məmmədov bildirib ki, onlayn sistemə keçid bir çox hallarda insanların işini asanlaşdıracaq. 

“Nəzirini məscidə getmədən vermək istəyənlər üçün daha rahat şərait, imkanlar yaradılacaq. Ona görə də nəzirlərin onlayn verilməsinin müsbət tərəfləri çoxdur. Yəqin ki, bir müddət sonra bu barədə mətbuata geniş və ətraflı açıqlama veriləcək”.

 Onlayn nəzirlərin verilməsi  hansı halda mümkündür və qəbulediləndir? Ümumiyyətlə, onlayın nəzir qutularına maraq varmı?

AMEA Şərqşünaslıq İnstitutunun din və ictimai fikir tarixi şöbəsinin elmi işçisi Elvüsal Məmmədov hafta.az-a bildirib ki, sədəqə və nəzirlərin onlayn formada ödənilməsini sistemləşdirmək əvəzinə, insanlara nəzir vermə, sədəqə çıxma qaydalarının şəriətdə necə olduğunu izah etmək lazımdır.   

Onun sözlərinə görə, maarifləndirici verilişlər vasitəsilə insanımıza başa salmaq lazımdır ki, nəzir, sədəqə vermək istəyiriksə, yaxşı olardı, onu gedib fərdin özünə verək.

“Ən yaxşısı da elə bundan ibarətdir. İstər elektron, istər ənənəvi qaydada olan nəzir, sədəqə qutuları haradasa müəyyən problemlər yarada bilər. Problem həmin qutulara nəzarətin edilməsi ilə bağlıdır. Verən və alanın  birbaşa ünsiyyəti daha düzgündür. O, cəmiyyətdə  siniflər arasında inamı gücləndirir, sosial həmrəyliyi möhkəmləndirir”.

E.Məmmədov qeyd edir ki, “Din və etiqad haqqında” qanuna görə, son dəyişiklik  nəzir qutularına nəzarətin tətbiqini nəzərdə tutur. 

“Məqsəd bundan ibarətdir ki, ayrı-ayrı fərdlər toplanan o nəzirləri mənimsəməsinlər”.

Rəsulullah Məscidinin imamı Atif İsmayılov hafta.az-a nəzir və zəkatın  verilməsini mühüm, eyni zamanda cəmiyyət arasında  çox böyük suallara, qalmaqallara səbəb olan məsələlərdən biri kimi qeyd edib. Onun sözlərinə görə, bu gün cəmiyyətdə bir  qrup insan yardımlaşmada, sosiallaşmada müstəqildir, ixtiyar sahibidir.

“Vətəndaşlar maddi vəziyyətləri yaxşı olmayan insanlara  müstəqil şəkildə yardım edə bilərlər. Kimsə ona dəyə bilməz ki, sən hər hansı birinə yardım etmək üçün ayırdığın pulu mütləq hansısa pirə, məscidə təqdim etməlisən”.

A.İsmayılov paralel olaraq burada bir məqama diqqət çəkib.  Onun sözlərinə görə, bəzi adamlar “Nəzir deyilən bir şey yoxdur”, - desə də belə deyil. İnanclı insanların adət-ənənəsində, eyni zamanda, Qurani-Kərimdə nəzirvermə mövcuddur.

“Nəziri hər hansı vaxtda sədəqə qismində vermək şəriətimizdə, dinimizdə çox  bəyənilən işdir. Sədəqələr bəlaları dəf edir, insanın sıxıntılarını aparır. Bu sədəqələrin özü də qismlərə bölünür. Vacib sədəqələr – ona dinimizdə zəkat, fitrə deyilir, adından da göründüyü kimi lazımlıdır. Savab mahiyyətli sədəqələr də mövcuddur ki, bunlar da insan əməllərinin müsbət tərəfidir. 

 A.İsmayılovun fikrincə, indi nəzirin sədəqə qismində sistemləşmiş, yaxud onlayın formatda icra olunması məscidlərdə inanclı insanlarda naharatlıq və problemlər yarada bilər. Onun fikrincə, mübahisə doğuran məqam inanclı insanların dini hökmlər əsasında icra etdiyi ödənişlərin - nəzir, sədəqə, zəkat, fitrənin kimə verilməsi ilə bağlıdır.

“Dində bunun  yetim-yesirə, kasıba çatdırılması şərtdir deyə, inanclı insanlar burada həddən artıq ehtiyatla davranırlar.  

İnanclı insanlar məscidə, yaxud pirlərə, ziyarətgahlara gedəndə nəzirlər verirlər. İnsanlar özləri Allah qarşısında əhd bağlayırlar ki, işi düzəlsə, filan yetimə əl tutacaq. Buna nəzir deyirlər. Belə   nəzirləri vermək üçün inanclı insanlar məscidlərə, ziyarətgahlara üz tuturlar. Namaz əsnasında məscidlərə, ziyarətgahlara gələndə Allahla aralarında olan əhd-peymana, bağlılığa əsasən müəyyən formada nəzirlər çıxarırlar. O nəzirləri məscid daxilində, ziyarətgah və ibadət yerlərində qoyurlarsa, bu, sırf dini rəngə boyanır. Bu, dini baxımdan onu verənin  boynunda öhdəçilik yaratdığı kimi, onu alanın da üzərinə məsuliyyət qoyur. Bu, düzgün icra edilməlidir.

Dinimizdə məzhəblərə, etiqadlara görə, zəkatda dini rəng olduğu üçün kimsə onları məcbur edə bilməz ki, ödəmələri elektron köçürmələr vasitəsilə həyata keçirsinlər. Yəni dini rəngə boyanmış nəzirlər, sədəqələr, zəkatın onlayn vasitəsilə həyata keçirilməsi inanclı insanlar üçün qeyri-mümkün  görünür.  Məsələn, şəriət qanunlarına görə əgər bu, zəkatdırsa, nəzirdirsə, fitrədirsə, o, həqiqi fəqirə, kasıba çatdırılmasa yenə də həmin insanın boynundan düşmür. Onu yenidən çıxarması vacibdir.  Onlayn sistemdə bu kimi dini hökmü özündə daşıyan nəzirlərin, sədəqələrin həyata keçirilməsi inanclı insanlar tərəfindən qeyri-real görünür. Ümumilikdə digər ianələrin onlayn formatda edilməsinin qəbahəti yoxdur”. 

İlahiyyatçı Tural İrfan hafta.az-a müasir dövr texnologiyanın inkişafı ilə bağlı nəzirlərin onlayn verilməsini müsbət təşəbbüs kimi dəyərləndirib.  Onun sözlərinə görə, el dilində buna “nəzir” deyilsə də, bu, ianə, yardım hesab olunur.

“Təbii ki, ianə və nəzirlərin ələ verilməsi, yaxud kart vasitəsilə ödənilməsi arasında fərq yoxdur. Daha yaxşı olardı, ianələrin ödənilməsi kart vasitəsilə şəffaf şəkildə həyata keçirilsin. Təəssüflər olsun ki,  bizdə texnologiya inkişaf etdikcə, bəzi rüşvətxor, qara qüvvələr yenə də orada öz mənafeləri üçün əyri yol tapırlar”.

T.İrfan təəssüflə bir faktı qeyd edib: “Orucluq ayında fitrə zəkatı deyilən yardım növü var. Bu, oruc tutan şəxslər tərəfindən kasıb insanlara verilməlidir. Tanınmış axund - Şahin Həsənli sosial şəbəkədə bir kart paylaşıb bildirmişdi ki, sədəqələri bu karta ötürün. Hara, kimə xərclənəcəyi barədə yazmamışdı. Bu da böyük müzakirələrə, tənqidə səbəb oldu. Burada artıq şəxsi mənafe və şəxsi nüfuzdan söhbət gedir. Yəni onlayn nəzir məsələsinin bu cür fəsadları ortaya çıxır. Hələ ki, nəzarət tam həyata keçirilmir. Nəzarətin həyata keçirildiyini müşahidə etmirik. Ümid edirik, bu məsələdə şəffaflıq təmin olunmalıdır. Hazırkı vəziyyəti qənaətbəxş hesab etmirəm. Nəzir, sədəqələrin verilməsi pərakəndə haldadır, maarifləndirmə işləri aparılmır. Belə işlərlə bağlı normal səviyyədə maarifləndirmə işləri aparılmalıdır. Ona görə də qaranlıq məqamlar var. Şəffaf şəkildə bildirilməlidir ki, hansısa ünvanlı ianələr xaricdən onlayn vasitəsilə hansısa pirə ödənilib. Onun hara xərclənəcəyi, necə olacağının şəffaf şəkildə hesabatı verilməlidir. Bu baxımdan boşluqlar var”.