Bu yaxınlarda xəbər tutduq ki, Finlandiyada - Kirkkonummi şəhərində yaşayan azərbaycanlımız, Azər-Türk Gənclər Birliyinin və Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndiricisi Ülviyyə Cabbarova bələdiyyə seçkilərində namizəd olaraq iştirak edəcək. Namizədliyi Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən bu fəal xanımı oxucularımıza tanıtmaq, onun Azərbaycan üçün xeyli sirli qalan bu əsrarəngiz ölkədə milli maraqlarımız naminə gördüyü işlərdən söz açmaq, ümumiyyətlə, hazırda Finlandiyada Azərbaycana münasibətin necə olduğunu öyrənmək istədim.
Bir çox mövzularda söhbət etdiyim müsahibimiz öncə bələdiyyə seçkilərində iştirakından söz açdı. Belə başa düşdüm ki, seçkidə uğur qazanacağına əmindir. Çünki çox rahatdır bu məsələdə...
- Doğrudur, iyunda Finlandiyada keçrilən bələdiyyə seçkilərində iştirak edəcəyəm. Namizədliyim Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb. Dövlət qeydiyyatından keçmişik, partiya olaraq qarşımızda ciddi seçki prosesi var və hazırda ona hazırlaşırıq. Təbliğat dönəmində fin seçicilərə həm təmsil olunduğumuz partiyanın seçki platformasını, həm də ayrı-ayrılıqda hər bir namizəd öz fikir və düşüncələrini, seçici üçün ən önəmlisi - nədən bizi seçməli olduğunu, bizim digər namizədlərdən əsas fərqimizin nədən ibarət olduğunu və sair məsələləri çatdıracağıq. Yaranmış fürsətdən istifadə edib, Finlandiya - Azərbaycan münasibətlərindən, doğulduğum Azərbaycanın tarixi, mədəniyyəti, Qafqaz regionunda Azərbaycanın əhəmiyyətini, hazırda yürütdüyü regional və qlobal siyasətini, neft ölkəsi kimi Avropanın ən önəmli enerji təchizatınına verdiyi yüksək töhfəsini və ən əsası, Qarabağ haqqında dolğun məlumatları sətiraltı seçicilərimə çatdırmağı planlaşdırıram. 1918 ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası və onun insan huquqları konteksində gördüyü mühüm işləri, qadınların Şərqdə ilk dəfə seçgi hüququ qazanmasını, Azərbaycanın sovet dönəmi və ikinci dəfə müstəqilliyini əldə etməsi, Azərbaycanla bağlı maraqlı mövzular haqqında geniş məlumat verməyi təbliğat paketində istifadə edəcəyəm. Seçilmək şansımıza gəldikdə, deyə bilərəm ki, çox inamlıyam, lakin burada namizədlərin şəxsi nüfuzundan daha çox əsas rolu partiyanın seçkilərdə istifadə etdiyi dövrün təbliğat metoduna uyğun şuarlar və seçki prosesində istifadə etdiyi taktikalar əsas rolu oynayacaq.

- Finlandiyada azərbaycanlılar, eyni zamanda türklər çoxdurmu? Niyə soruşdum, soydaşlarımızın çox olması sizə hər baxımdan dəstək sayıla bilərdi...
- Son zamanlar qısa müddətdə azərbaycanlıların Finlandiyada təşkilatlanması yüksək səviyyədə irəliləyir, onlar Azərbaycançılıq naminə bir çətir altında birləşərək həmrəylik nümayiş etdirir və bir-birlərinə dəstək olurlar. Türklərin sayı hardasa beş minə yaxındır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Finlandiyada yaşayan türklərlə ortaq layihələrimiz çox əhəmiyyətlidir və deyərdim ki, çox uğurlu alınır. Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçi, həkim, alim və iş adamlarıdır. Musiqiçilərimiz fəal yaradıcılıqla məşğul olur, mütəmadi konsert proqramları və digər bu kimi tədbirlərdə iştirak edirlər. Həkimlərimiz sayılıb-seçilən klinikalarda bizi təmsil edir, gördükləri işin öhdəsindən layiqincə gəlirlər. Müəllimlərimiz isə fin məktəblərində müxtəlif elmlərin tədrisi ilə məşğul olaraq, yüksək səviyyədə və xüsusi peşəkarlıqla işlərini icra edirlər. Mən yaşadığım Kirkkonummi şəhərində təəssüf ki, cox az sayda türklər və azərbaycanlılar var. Lakin buna baxmayaraq, ciddi inteqrasiya şəbəkəsi yaratmışıq, bir-birimizlə ünsiyyətlərimiz hər keçən gün artır.
- Seçkilər aprelin ortalarında olmalı olsa da, pandemiya səbəbindən iyunadək təxirə salınıb. Amma axı pandemiya yenə davam edir, iyunda Finlandiyada koronavirusa yoluxma hallarının aradan qalxacağı ehtimalımı varmı?
- Finlandiyada başqa ölkələrdə olduğu kimi, artıq əhaliyə vaksinlər vurulmağa başlayıb. Amma bəzi məhdudiyyətlər hələ də davam edir. Toplantıların, konsertlərin və digər kütləvi tədbirlərin kecirilməsi qadağandır. Seckilərə artıq online hazırlıqlar başlayıb. Demək olar hər gün müxtəlif toplantılar, kurslar təşkil olunur.
- Finlandiya bizə bir qədər qapalı, qaranlıq ölkədir. Niyə, çünki sizə qonşu ölkələrin Bakıda səfirlikləri olsa da, Finlandiyanın yoxdur. Düzdür, son illərdə açılmışdı, amma səfiriniz Bakıda oturmadı. Maraqlıdır, bu ölkədə Azərbaycan barədə nə bilirlər, ölkəmizə maraq necədir?

- Finlandiyada Azərbaycanla bağlı müsbət fikirlər var. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyada, eləcə də Finlandiyada müsbət mənada tanıdıb. Avroviziya, Birinci Avropa Oyunları, Formula-1 kimi dünyamiqyaslı tədbirlərdə iştirak etmiş Finlandiya vətəndaşları ölkəmizin füsunkar təbiətindən, Bakımızın gözəlliyindən, insanlarımızın qonaqpərvər və istiqanlı olmasından böyük məmnunluq hissi ilə danışırlar. Finlandiya - Azərbaycan siyasi-iqtisadi əlaqələri güclənir. Ona görə də düşünürəm ki, ikitərəfli diplomatik münasibətlərin daha effektiv fəaliyyəti üçün diplomatik nümayəndəliklərin açılması zəruri olacaq.
- Bilmək istərdik: 44 günlük zəfər müharibəsi dövründə fin ictimaiyyəti Azərbaycan barədə nə deyib-danlşırdı? Çünki bir çox Avropa ölkələrinin ermənilərə tərəf olduğunu görürdük...

- Biz dəfələrlə fin mətbuatında fikirlərimizi bildirdik. Erməni təbliğatının qarşısını almaq məqsədilə, fin mediasına - nüfuzlu qəzet, telekanal və saytlara müharibə barədə dolğun məlumatlar göndərir, 27-28 il öncə işğal edilmiş Azərbaycan torpaqlarının əsarətdən azad edilməsi prosesinin Azərbaycan ordusu tərəfindən aparıldığını qeyd edirdik. Finlandiya parlamentinin qarşısında bir neçə dəfə aksiyalar kecirdik. Amma bir şeyi vurğulayım: fevralın 26-da paytaxt Helsinki şəhərinin mərkəzində, dəmiryolu voğzalında və metro stansiyalarında “Xocalıya ədalət!” şüarı yazılmış rəqəmsal lövhələr quraşdırdıq. Əvvəllər soyqırım haqqında şüarların yayımlanmasına icazə verilmirdi. Təbliğatımızın fin içtimaiyyətinə güclü təsiri oldu. Həmin elektron ekranların yanında gənc təmsilçilərimiz növbə ilə dayanırdı və insanların ekranda gördükləri mövzularla bağlı ünvanladıqları suallara cavab verirdilər. Finlər üçün Azərbaycan prezidenti İlham Əliyevin çıxışları böyük rezonans doğururdu. Bir neçə dildə jurnalistlərin suallarını cavablandıran prezidentimiz qısa müddətdə Finlandiyanın siyasi mərkəzlərində, partiyalarda ciddi müzakirə mövzusuna çevrilmişdi. Ordumuzun yeni dünyanın müasir savaş üsulu ilə döyüşü finləri heyrətləndirmişdi.
- Finlərin münasibətindən söz düşmüşkən, siz bəzi məqamlara toxundunuz, amma ümumilikdə götürsək, Finlandiyada Azərbaycan həqiqətlərinin yayılması üçün diaspor təşkilatlarımız və diplomatik kanallarımız nə iş görürlər, diasporla Azərbaycan diplomatik korpusu arasında əlaqələndirmə mövcuddurmu?
- Biz Finlandiyada yaşayan azərbaycanlılar öncə öz ailələrimizdə adət-ənənələrimizi qoruyub inkişaf etdiririk və bunları gələcək nəslə ötürməyi düşünürük. 2012-ci ildən yaratdığım Azər-Türk Gənclər Birliyinin başlıca məqsədi də, məhz milli adət-ənənələrimizi, musiqimizi, mədəni irsimizi, tariximizi Azərbaycan və türk gənclərinin yaddaşına həkk etmək, həmcinin yerli ictimaiyətə catdırmaq idi. 2019-cu ildən Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri olaraq fəaliyyət göstərirəm. 2019-ci ildən bu günədək, demək olar hər ay Azərbaycanı daha cox tanıtmaq ücün müxtəlif mövzularda tədbirlər təşkil edirik. Tədbirlərin coxu fin dilində kecirilir. Məsələn, son kecirdiyim tədbirlərdən “Qarabağın mədəniyyət günləri”, Helsinki şəhərində" Xocalıya ədalət" aksiyası, Novruz bayramı, Cəfər Cabbarlının yaradıcılıq günü, Bayraq günü, Azərbaycanın Zəfər bayramı, Finlandiyada təhsil alan tələbələrin və bu ölkədə yaşayan həmvətənlərimiz adından vətənimizə, ordumuza, şəhid ailələrimizə, terror qurbanlarına dəstək aksiyaları və sairi qeyd edə bilərəm. Fürsətdən istifadə edərək sizin vasitənizlə, tədbirlərimin kecirilməsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin böyük əməyi olduğu üçün, başda sədr Fuad Muradova və komitə əməkdaşlarına təşəkkürümü bildirirəm. Bu gün Finlandiyada yaşayan soydaşlarımız başlatdığımız bu ənənəni davam etdirərək azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşir və fəaliyyətləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə, ölkəmizin tanıtdırılmasına öz töhfələrini verirlər. Finlandiyada akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə Azərbaycan haqqında dolğun məlumatlar vermək və fəaliyyətimizə dəstək vermələri üçün müəyyən görüşlər təşkil edirik.

- Sərf etdiyiniz əməyin qarşılığında, Finlandiya - Azərbaycan əlaqələrinin səviyyəsi sizi qane edir? Münasibətlərdə sizcə nələr qaydasındadır, nələr əskikdir?
- Finlandiya - Azərbaycan əlaqələri hər keçən gün bizim lehimizə istiqamətlənir desəm yanılmaram. Bildiyiniz kimi, burada da erməni diasporu və lobbi fəaliyyəti ilə məşğul olan erməni qurumları çoxluq təşkil edir. Lakin bütün fəaliyyətləri yalan üzərində qurulduğu üçün Azərbaycanın son zamanlar artırdığı informasiya təbliğatı nəticəsində fin ictimaiyyəti alternativ fikirlərlə tanış olur və nəticədə uzun illərdən bəri erməlilərin Azərbaycan və Türkiyənin əlehinə uydurduğu yalanların açıq şəkildə şahidi olurlar. 44 günlük Vətən müharibəsində dünyanın gözü bizim bölgəyə dikildiyindən, Avropa insanı üçün maraq kəsb edən bölgəyə çevrilmişdik. Azərbaycan və Türkiyə mətbuatı, eyni zamanda bizim diaspor təşkilatlarımızın düzgün təbliğatı nəticəsində uzun illər Avropa insanının şüurunda formalaşmış erməni yalanları ifşa edildi. Hesab edirəm ki, bizdə olan məlumata görə, Finlandiya hökuməti Azərbaycan - Finlandiya münasibətlərinə yenidən baxmaq üçün addımlar atacaq. Azərbaycan tərəfi də siyasi, iqtisadi, mədəni münasibətlərdə daha fəal iştirak etməklə ikitərəfli münasibətlərin daha da inkişafında ciddi rol oynayacaq.
- Yaşadığımız bu il ərzində Azərbaycanımızın təmsilçisi olaraq bu sirli ölkədə hansı plan və proqramlar həyata keçirəcəksiniz?
- Bu il üçün yeni layihələrimiz var və yaxın gələcəkdə sistemli şəkildə nəzərdə tutduğumuz tədbirləri həyata keçirəcəyik. Artıq 28 May - Azərbaycanın Respublika günü üçün iki fərqli formatda keçirəcəyimiz tədbirə hazırılıq işləri gedir. Bilirsiniz, dünya siyasəti sürətlə dəyişir və bu da təbliğat modellərinin tez-tez dəyişməsini zəruri edir. Bəzən bu il keçirdiyin tədbirin effekti növbəti il mahiyyətini itirir və yeni təbliğat vasitəsindən istifadə etmək məcburiyyətində qalırsan. Ona görə də klassik təbliğat metodlarından qaçaraq yeni dünyanın diqtə etdiyi təbliğat vasitələrindən istifadə etməli oluruq. Bu səbəbdən də, Finlandiyada insanların maraqlarına daha uyğun vasitələrdən istifadə edib, fəaliyyətimizi o istiqamətdə qurmağı planlaşdırırıq. Son olaraq, Finlandiyada yaşayan azərbaycanlılar adından sizin vasitənizlə demək istəyirəm ki, Müzəffər Ali Baş Komandanımıza və qəhrəman Azərbaycan ordusuna çox-çox minnətdarıq. Dünən Qarabağ işğal altında idi, biz təbliğatımızda işğalda olan torpaqlarımızdan, Xocalı soyqırımından, bir sözlə, səbəbləri nə olursa olsun, müharibədə uduzmağımızdan danışırdıqsa, indi Azərbaycanın dünya səviyyəli bir neçə dildə danışan prezidentindən, qalib ordumuzun qəhrəmanlıqlarından, Qarabağın işğaldan azad edilməsindən, Xocalının qisasının alınmasından və bir sözlə, Qafqazın ən güclü xalqı, lider dövləti Azərbaycanın xoş uğurlarından danışırıq.