Orta təhsildə hansı məktəblər öndədir?

18:30 21.06.2019
Yazını böyüt
Yazını kiçilt

Mütəxəssislərin fikrincə, belə təhsil müəssisələrinin qabaqcıl təcrübəsi öyrənilməli və cəmiyyətdə yayılmalıdır

Ötən ilin qəbul imtahanlarında liseylərin attestat qiymətləri əla olan abituriyentlərindən 1,09 faizi 200 baldan aşağı nəticə göstərib, 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə 79,78 faiz olub.

Bu barədə Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci sayında bildirilib. Qeyd olunub ki, qəbul imtahanlarında 50 liseyin məzunları iştirak edib. Bu məktəblərdən “Oxbridge Academy” ümumi təhsil müəssisəsinin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb. Bakı İstedadlar Təhsil Kompleksinin bir məzunu belə ali təhsil müəssisələrinə qəbul üçün sənəd verməyib.
Ölkə üzrə yaxşı məktəblərin sırasına bu il Bakı Türk liseyi (BDU-nun nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi), Heydər Əliyev adına lisey, ak. Z.Əliyeva adına lisey, Ak. Zərifə Əliyeva adına liseyin V korpusu, Fizika-Riyaziyyat təmayüllü lisey, Bakı Avropa liseyi, BDU-nun nəzdində “Gənc istedadlar” liseyi, Kimya-biologiya təmayüllü lisey, Kaspi liseyi, Humanitar fənlər təmayüllü məktəb-lisey, T.İsmayılov adına “İntellekt” məktəb-liseyi, Fizika, riyaziyyat və informatika təmayüllü lisey, “Ankara Məktəbi” məktəb-liseyi, 289 saylı tam orta məktəb – “Zəngi” liseyi, “Evrika” liseyi, M.Şeyxzadə adına Texniki, Humanitar və Təbiət Fənləri Təmayüllü Gimnaziyanın II korpusu, İ.Əfəndiyev adına “Elitar” gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya, S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, H.Əliyev adına Müasir Təhsil Kompleksi, XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Avropa Azərbaycan məktəbi, Bakı MODERN məktəbi, “Təlim” firmasının nəzdində tam orta məktəb, “Xabad Or Avner” tədris kompleksinin nəzdində orta ümumtəhsil məktəbləri daxil olub.

Nəşrdə o da vurğulanıb ki, fənlər üzrə attestat qiymətləri “3” olan abituriyentlərin əksəriyyəti ötən ilin qəbul imtahanlarında da analoji nəticə göstərib. Belə ki, bu abituriyentlərin 84–96 faizi ayrı-ayrı fənlər üzrə 0–40 intervalında nisbi bal toplayıb. Bildirilib ki, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur: “Ancaq, təəssüf ki, “əla” ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, özünü kimya, Azərbaycan tarix (II qrup) və ədəbiyyat fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir. Kimya fənnindən əlaçı abituriyentlərin 20.67 faizinin, Azərbaycan tarixi fənnindən 20.43 faizinin və Ədəbiyyat fənnindən 18.22 faizinin uyğun fənlər üzrə qəbul imtahanlarında topladıqları nisbi balları 20-dən az olub. Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin coğrafiya fənni üzrə yalnız 11.64 faizi, fizika fənni üzrə 14.84 faizi və Azərbaycan tarixi fənni üzrə isə 15.56 faizi 80–100 bal intervalında nəticə göstərərək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması bu fənlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır. Ortastatistik abituriyentə nəzərən zəif nəticə göstərənlər sayca üstünlük təşkil edir. Ortastatistik abituriyent fənlər üzrə məktəb proqramının 33-58 faizini mənimsəyir. Test tapşırıqlarının məktəb proqramını tam əhatə etdiyini və qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun məktəb proqramının 42–67 faizini mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismindətədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır.

Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də öz yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır”.
Nəşrdə həmçinin qeyd olunub ki, 2018-ci ildə Bakı şəhərinin ümumtəhsil müəssisələrini 19722 şagird bitirib, onların 19439 nəfəri buraxılış imtahanında iştirak edib və 16002 nəfəri hər üç fənn üzrə müvəffəq qiymət alıb. Məlumata görə, şəhər məzunlarının buraxılış imtahanında tədris dili fənni üzrə topladıqları orta bal 19.42, riyaziyyat fənnindən 19.14, xarici dil (kimya) fənnindən 18.09, hər üç fənn üzrə birlikdə 56.66-ya bərabərdir. Bu, ölkə üzrə orta göstəricidən müvafiq olaraq 11.72 faiz, 13.53 faiz , 22.71 faiz , 15.66 faiz yuxarıdır. Buraxılış imtahanında tədris dili fənni üzrə məzunların 8.51 faizi “2”, 30.62 faiz i “3”, 31.69 faizi “4”, 29.17 faizi “5”, riyaziyyat fənni üzrə 9.38 faizi “2”, 25.76 faizi “3”, 33.67 faizi “4”, 31.19 faizi “5”, xarici dil (kimya) fənni üzrə isə 9.42 faizi “2”, 32.62 faizi “3”, 29.55 faizi “4”, 28.41 faizi “5” qiyməti alıb. Ümumilikdə, 19533 nəfər attestat alıb.
Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 10450 məzunu (imtahanlarda iştirak edənlərin 59.82 faizi) tələbə adını qazanıb. Onların 30.57 faizi (3195 nəfəri) dövlət, 0.83faizi (87 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 56.48 faizi (5902 nəfəri) dövlət, 12.11 faizi (1266 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub. Şəhər məzunlarının 2456 nəfəri 500-dən, o cümlədən 945 nəfəri 600-dən yuxarı bal toplayıb. Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub.

Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu gün Azərbaycanda ana dilindən "2” qiyməti alan şagirdlərin olması təhsil ictimaiyyəti üçün ciddi mesaj olmalıdır: "Bu, hər kəsi dərindən düşündürməli olan bir problemdir. Əlbəttə, bu rəqəmlər kiməsə yeni və təəccüblü görünsə də, bununla belə illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan təzahürün nəticəsidir. Pessimist proqnoz olsa da, razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək. Çünki təhsil radikallığı, sıçrayış yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın. Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə, beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.

Yəni, biz 70 il ərzində topladığımız təhsil potensialını nəinki saxladıq, hətta vurub-dağıtdıq. Qərb təhsilinə meyl adı ilə sıçrayış yolunu seçdilər. Biz təhsildə yeniliyə hazır deyilik. Qərb sisteminə birdən-birə keçməyə də hazır deyildik. Hesab edirəm ki, bu proses hələ neçə illər davam edəcək”.
Ekspertin fikrincə, kurikulumların tətbiqi də təhsilimizdə müəyyən çətinliklərə səbəb olub: "Kurikulumların tətbiqi ilə milli təhsil konsepsiyası elan edildi. İndi biz həmin kurikulumların acı nəticəsini görürük. Ona görə də bu gün məktəblərimizdə oxuyub-yazmağı bacarmayan, tədris proqramını mənimsəməyən şagirdlərimiz var”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

rubrikasından digər xəbərlər