Otellər dezinfeksiya ilə bağlı məlumatları açıqlamırlar? – ATA sədrinin müşaviri

15:07 12.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Koronavirus təhlükəsinin dünya ölkələrinin turizm sektorundan da yan keçmədiyi bildirilir. Artıq Kovid-19 virusunun mənbə ölkələri, eləcə də onlarla qonşu olan dövlətlər turist qıtlığı yaşadığını bəyan edirlər. Virusun yayıldığı ölkələrdə turistlərin əsas “etimadsızlıq səbəbi” kimi otellərin dezinfeksiya edilməməsidir. Yəni, otellər bu barədə məlumatlar yerləşdirmirlər.

Azərbaycanda da otellərin yüzdə doxsan faizdən çoxu özəl sektora məxsus otellərdir. Bəs onlar koronavirusla bağlı hərəkətə keçiblərmi? Hansı işləri görüblər? Ümumiyyətlə, gördükləri qabaqlayıcı tədbirlərlə bağlı hesabat verirlərmi?

Onu da qeyd edək ki, dövlət balansında olan otellərin hər biri öz rəsmi səhifələrində bu barədə mütəmadi məlumatlar yerləşdirirlər. Əyalətlərdəki və paytaxtdakı özəl sektora məxsus otellərlə bağlı bunu demək çətindir. Çünki bir çoxlarının heç rəsmi səhifələri yoxdur.

Məsələ ilə bağlı Azərbaycan Turizm Assosiasiyası (ATA) sədrinin müşaviri Müzəffər Ağakərimovun fikirlərini öyrənməyə çalışdıq.

ATA sədrinin müşaviri hafta.az-a açıqlamasında bildirdi ki, paytaxtda və regionlardakı otellərdə mütləq şəkildə sanitar-gigyenik normalara riayət olunmalıdır:

“Otellərdə dezinfeksiya işlərinin aparılması mütləqdir. Çünki koronavirus bütün dünyanı cənginə alıb. Mən çox təəccüb edirəm ki, sahibkarlar 5 manat pul xərcləyib otellərdə bununla bağlı nə kimi işlər görmələri barədə məlumat vermirlər.

Azərbaycanda 700-dən çox otel var. Bu otellərdə dezinfeksiya və sanitar-gigyenik normalarla bağlı işlər görülməlidir. Epidemioloji xəstəliklərin qarşısını almaq üçün nə kimi işlər həyata keçiriblər? Məlumat yoxdur.

İnformasiya verilmir. Otel dezinfeksiya olunmayıbsa, mən də oraya ayaq basmaram. Mən və ya hər hansısa bir turist haradan bilək ki, sifariş verdiyi nömrədə virusa yoluxmuş adam yatıb ya yox... Təklif verirəm ki, ilk növbədə otellərdə və restoranlarda dezinfeksiya işləri görülməlidir. Sonra insanlara xidmətlər təklif olunmalıdır. Bundan əmin olmasam, həmin otellərə getmərəm.

Bir oteldə və restoranda dezinfeksiya işləri aparılmayıb, nə yataram, nə də çörək yeyərəm. Çünki insan üçün ən önəmlisi sağlamlıqdır. Otellər xərclərini, məsrəflərin yerini sonra da doldura bilərlər.

İlk növbədə turistlərin sağlamlığıdır. Otellərin 95 faizi özəldir. Ona görə də dezinfeksiya işlərinin xərclərini otel və restoranlar özləri qarşılamalıdır. Sahibkarlar, otel idarəçiləri bununla bağlı səriştə göstərməlidir. Otellərə rəhbərlik edənlərin çoxu bu sahəni, bu sistemi bilmirlər. Rəhbərlik edənlərin bir çoxu səriştəsiz adamlardır.

İdarəçilik sistemini qurmaqda çətinlik çəkirlər. Eyni zamanda, oradakı işçilərin sağlamlığını da qorumalıdır. Çünki virus məsələsi fors-major haldır. Personal mütəmadi yoxlanılmalıdır. Ona görə ki, otellərlə ünsiyyətdə, yaxın təmasda olurlar. Eyni zamanda insanlara qulluq edirlər. Otel rəhbərliyi bununla bağlı şəffaflıq nümayiş etdirərək, məlumat verməlidirlər”.