Əfqanıstan İmmiqrasiya və Qayıdış nazirliyinin sözçüsü Əbdülmüttalib Haqqaninin mətbuata verdiyi açıqlamada, nazir müavini Xəlilürrəhman Haqqaninin paytaxt Kabildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəsmiləri ilə keçirdiyi görüşdə ölkə xaricində yaşayan qeyri-qanuni əfqan mühacirlərlə bağlı 2023-cü il üçün qiymətləndirməsini paylaşıb.
Hafta.az-ın yazdığına görə, 2023-cü ildə əksəriyyəti Pakistan və digər qonşu ölkələrdən olmaqla, 1 milyondan çox əfqanın deportasiya edilərək Əfqanıstana göndərildiyini deyən nazir müavini Haqqani beynəlxalq yardım təşkilatlarından sözügedən əfqanlara mütəmadi yardım göstərmələrini istəyib.
Haqqani BMT QAK rəsmilərindən immiqrasiya məsələsini siyasi məsələlərdən ayırmağı və Əfqanıstana yardımlarını davam etdirməyi tələb edib.
Dekabrın sonlarında Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zəbihullah Mücahid bildirmişdi ki, müxtəlif ölkələrdən, o cümlədən Pakistan, İran, Türkiyə və digər qonşu ölkələrdən 800 min əfqan Əfqanıstana göndərilib.