Oktyabrın 1-dən Azərbaycanda növbəti ov mövsümü başlayır. Qeyd edək ki, ov mövsümünə adətən hər il sentyabrın əvvəlindən start verilirdi. Bu il ov mövsümünün gecikməsinin əsas səbəbi meşə yanğınlarıdır.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyevin sözlərinə görə, yeni mövsümlə quru quşlarının ov mövsümünə oktyabrın əvvəllərindən başlanılması nəzərdə tutulub: “Hər zaman sentyabrın əvvəlindən quru, oktyabrın əvvəllərindən isə su-bataqlıq quşlarının ovuna icazə verilirdi. Bu il bir az gecikmələr oldu ki, bunun da səbəbləri var. Azərbaycanda yay mövsümünün isti, quraq keçməsi bəzi yanğınlara səbəb oldu. Ov edən şəxslərin ərazidə ocaqqalama və ehtiyatsızlığı ucbatından əlavə yanğınların başvermə ehtimalını nəzərə alaraq ov mövsümünü oktyabrın əvvəllərinədək müvəqqəti saxladıq. Düşünürəm ki, bu, çox düzgün verilmiş bir qərar oldu. Çünki son dönəmlərdə hətta bəzi ovçuluq təsərrüfatlarında da yanğınlar müşahidə edilirdi. Havaların nisbətən sərinləşməsi, respublikanın müxtəlif ərazilərində yağıntıların müşahidə olunması nəzərə alınaraq quru quşlarının ov mövsümünə oktyabrın əvvəllərindən başlanılması nəzərdə tutulub”.
Xidmətinin rəisi həmçinin vurğulayıb ki, Dağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
Xatırladaq ki, ovçuluq biletinə malik olan Azərbaycan Respublikası vətəndaşları ov mövsümündə ov icazələrinin əldə edilməsi ilə bağlı Ərazi Ekologiya İdarələrinə müraciət edə bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ov icazələrini almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Asan Xidmət Mərkəzində fəaliyyyət göstərən pəncərəsinə müraciət etməli, xüsusi ərizə formasını doldurmaqla aşağıdakı sənədlərin surətlərini təqdim etməlidir. Müraciətdə aşağıdakılar öz əksini tapmalıdır:
- şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar;
- ov silahının (odlu və ya soyuq) istifadəsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən icazə və silahın respublika ərazisində saxlanma müddəti;
- ovun vaxtı;
- ovlama yeri;
- ov obyektinin növü.