Özbəkistanda “İlin müəllimi” seçilənlərə mənzil veriləcək

11:37 03.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ölkədə təhsilin keyfiyyətini yüksəltməyi hədəfləyən Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2025-2026-cı tədris ili çərçivəsində müəllimlərə beynəlxalq standartlara uyğun ixtisas sertifikatı veriləcəyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, imtahandan keçən və 86-dan yuxarı bal toplayan müəllimlərə 70 faiz bonus veriləcək. Bundan əlavə, prezident Mirziyoyev “İlin müəllimi” seçilənlərə mənzil ayrılacağını açıqlayıb.

Daha əvvəl məktəb direktorları üçün həyata keçirilən təlimlərə də toxunan Mirziyoyev, 1206 direktorun kursu bitirərək sertifikat aldığını açıqlayıb. Bu səbəbdən sözügedən sertifikatı alan direktorlara 3 milyon som ödənilir.

Sözügedən təcrübə 1 sentyabr 2025-ci il tarixindən etibarən bağça müdirlərinə də şamil ediləcək və imtahanı uğurla başa vuran müdirlərə 30 faiz bonus veriləcək.

Prezident Mirziyoyev çıxışında ölkədə səriştəli, fədakar müəllimlərin olmasının vacibliyini vurğulayıb və əlavə edib ki, “Müəllim şərəfi” adlı kitab yazılmalı, filmlər çəkilməlidir.