“Pakistan konstitusiyası ölkədəki bütün dinlərin azadlığını təmin edir” – Qayser Navab

18:45 06.08.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanda yerləşən qədim hundu məbədinə kimlikləri məlum olmayan şəxslər tərəfindən çirkin hücum olunub. Nəticədə dini mərkəzə maddi zərərlər yetirilib. Hadisə Hindistanda sərt reaksiya doğurub. Hətta Pakistanın Dehlidəki səfirliyinin rəhbəri Xarici İşlər Nazirliyinə çağrılaraq, etiraz notası təqdim edilib.

Təbii ki, baş verən hadisəyə Pakistanın özündə də münasibət çox pisdir. Pakistanın Baş naziri İmran Xan təcili hüquq mühafizə orqanlarından təcili istintaqa başlamağı, hücumu törədənləri tapıb cəzalandırmağı tələb edib. Yəni, göründüyü kimi, hindu məbədinə qarşı çirkin hücum hər iki dövlətin siyasi dairələri ilə yanaşı, bütövlükdə ictimaiyyətində də ikrah hissi yaradıb.

BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq eksperti, Pakistan - Azərbaycan Məzunlar Dərnəyinin qurucusu Qayser Navab Hafta.az-a açıqlamasında bildirdi ki, sözügedən məbədə hücum bütün Pakistan ictimaiyyətini qəzəbləndirib. “Pakistan 1947-ci ildə Hindistandan ayrılan zaman bır çox dini azlıqlar ölkəmizin ərazisində qalaraq, yaşağa davam etdilər. Bu məbəd də hər zaman dövlət tərəfindən qorunan dini ibadət yeri olub. Hücuma gəlincə, istənilən ibadət yerinə hücum İslam dinin təlimlərinə ziddir. Ona görə də bu hücum qəbul edilməz və bağışlanmaz cinayətdir. Hesab edirəm ki, bu çirkin hərəkəti edənlər bəsirəti kor və cahil adamlardır, onlar digər din ardıcılları ilə birlikdə yaşamağı, dinlər arasında hörməti təşviq edən İslamın qatı düşmənləridir”, - dedi müsahibimiz.

Qayser Nəvab qeyd elədi ki, hökumət başçısı, Baş nazir İmran Xan baş verənlərə çox qəzəblidir və o, ən qısa vaxtda bu vandalizmi törədənlərin tapılıb mühakimə olunmasını istəyir. Baş nazirin təlimatına əsasən, sözügedən hindu məbədinə dəymiş ziyanlar tam aradan qaldırılacaq, tikili yenidən qurulacaq. "Çünki Pakistan konstitusiyası ölkədəki bütün dinlərin azadlığını və toxunulmazlığını təmin edir. Dinindən asılı olmayaraq hər bir Pakistan vətəndaşı ölkənin istənilən yerində ibadətlərini sərbəst və təhlükəsiz şəkildə yerinə yetirmək haqqına və hüququna malikdir” deyən müsahibimiz əlavə etdi ki, Pakistan Ali Məhkəməsinin sədri Gülzar Əhməd bu məsələyə ciddi yanaşır və artıq Pəncab əyalətinin Baş Katibi, eləcə də polis baş müfəttişi məhkəməyə çağrılıb.

Müsahibimiz onu da bildirdi ki, hindu məbədinə hücum yalnız rəsmi məqamları deyil, sadə xalqı da hərəkətə keeçirib. Artıq sosial media üzərindən bu hücumu pisləyən saysız-hesabsız ismarıclar yayınlanmaqdadır. Xüsusiə də gənclər baş verən hadisəni şiddətlə pisləyirlər.