Pakistanın ən yüksək rütbəli hərbi inzibatçısı olan ordu komandanı general Asim Munir ölkə iqtisadiyyatını faktiki idarə edəcək.
Hafta.az-ın yazdığına görə, pakistanlı jurnalist Kamran Xanın istinad etdiyi xəbərə görə, general Munir iqtisadiyyatın de-fakto idarəçiliyini öz üzərinə götürüb. Munir ötən gün Kəraçi və Lahordan olan 100-ə yaxın iş adamı ilə görüşərək iqtisadiyyatla bağlı planlarını onlara təqdim edib.
General Münirin planları arasında köklü struktur islahatlarının da yer aldığı bildirilib.
Məlumdur ki, Pakistan iqtisadiyyatının ən böyük problemlərindən biri korrupsiyadır. Ölkədə hər il milyardlarla dolların korrupsiyaya uğradığı və bunun Pakistan iqtisadiyyatına böyük zərbə vurduğu qeyd edilir. Korrupsiyanın ən yüksək olduğu qurumların “ölkəni pərdəarxası idarə etdiyi” bildirilən ordu və kəşfiyyat idarələrinin olduğu deyilir.
Pakistan ordusunun komandiri Asim Münirin korrupsiyanı aradan qaldıra bilib-bilməyəcəyi maraqla izlənilir.