Pakistanda polislə İmran Xanın tərəfdarları arasında toqquşma

15:00 15.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistan polisi ana müxalifət lideri İmran Xanın Lahordakı evinin qarşısına toplaşan kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və izdiham buna cavab olaraq polisə daş və çubuqlar atıb.

Hafta.az-ın yazdığına görə, məhkəmə Xanın baş nazir olduğu 2018-2022-ci illər arasında xarici dövlət məmurları tərəfindən verilən rəsmi hədiyyələri satmaqda ittiham edilərək onun həbsinə order verib. Martın 13-də məhkəmənin qərarından sonra Xanın sədri olduğu Ədalət Hərəkatı Partiyasının (PTİ) tərəfdarları onun evinin qarşısına toplaşmağa başlayıb.

Xan iddia edir ki, ona qarşı açılan dava siyasidir və məqsəd partiyasının növbəti ümumi seçkidə iştirakının qarşısını almaqdır.

BBC Urdu xidmətinə danışan Xan bildirib ki, onu saxlamaq üçün əvvəllər də cəhdlər olub, lakin bu dəfə onu dəmir barmaqlıqlar arxasına qoymaqda qərarlı olduqlarını düşünür.

"Neçə gecəni keçirəcəyimi bilmirəm, amma zehni olaraq gecələrimi kamerada keçirməyə hazıram. Həbsxanaya düşsəm də, getməsəm də, biz seçkidə qalib gələcəyik", - Xan deyib. O, əlavə edib ki, polisin atdığı gözyaşardıcı qaz balonları hətta evinin içinə daxil olub.

Pakistanın informasiya naziri Marriyum Aurangzeb həbs cəhdinin seçkilərlə heç bir əlaqəsi olmadığını və polisin yalnız məhkəmə qərarlarını icra etməyə çalışdığını deyib.

Qeyd edək ki, Pakistanda ümumi seçkilərin adi təqvimə görə ən geci bu ilin oktyabrına qədər keçirilməsi gözlənilir.