Qayıdış prosesini asanlaşdırmaq üçün xüsusilə paytaxt Kabildə, eləcə də Qəndəhar, Meydan Vardak, Petkika və Paktiya kimi Pakistan sərhədinə yaxın şəhərlərdə qurulan müvəqqəti düşərgələr, ölkələrinə dönən qeyri-qanuni əfqan immiqrantları qəbul etməyə başlayıb.
Hafta.az-ın yazdığına görə, beləliklə, sərhəd qapılarına yaxın nöqtələrdə qurulan geridönmə düşərgələrində sıxlığın azaldılması və əfqanların öz əyalətlərinə qayıtmalarının asanlaşdırılması hədəflənir.
Bəzi əfqanlar düşərgələrdə bir neçə gün qaldıqdan sonra əyalətlərinə yollanarkən, digərləri doğma şəhərlərinə qayıtmaq üçün lazım olan yardımı almağı gözləyirlər.
Kabilin şimalında, Əfqanıstanın şimal əyalətlərinə gedən avtobusların hərəkət etdiyi terminalın yanında qurulan düşərgədə əfqanlar hələ də kömək gözləyirlər.
13 uşaq atası Qulam Rəsul Şəmsəddin 25 ildir yaşadıqları Pakistanın Kvetta şəhərini tərk etməli olduqlarını və məmləkətləri Kunduza gedəcəklərini bildirib.
Kunduzda yeni həyat qurmaq üçün köməyə ehtiyacı olduğunu bildirən Şəmsəddin, "Pakistanın qərarı pis oldu. Orada 40-50 ildir yaşayan mühacir əfqanlar var. Pakistanda fermer idik. Kunduzda da əkinçilik edəcəyik" deyib.
5 uşaq atası Feyz Məhəmməd 20 ildir Kvettada yaşadıqlarını ifadə edərək, "Düzgün həyatımız yox idi, bir gün işləyirdik, o biri gün yox. Əlimizdən gələni etsək də halal qazandığımız pulu tam ala bilmirdik. 20 il pakistanda yasadiq,5 uşağım var, hamısı da urduca bilirlər, amma bircə gün də olsun məktəbə getmədilər" deyib.
Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra iki ölkə arasında təhlükəsizliklə bağlı problemlər yaranıb. İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Taliban hökumətinin bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Taliban isə Pakistanın iddialarını rədd edir və bu ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqələri olmadığını bildirir.
Son aylar iki tərəf arasında bu kontekstdə müzakirələr artsa da, Pakistan hökuməti oktyabrın əvvəlində ölkədə sənədsiz yaşayan və sayı 1,7 milyonu keçən qeyri-qanuni mühacirlərin noyabrın 1-dək Pakistanı tərk etməli olduğunu bildirib. Getməyənlərin isə zorla deportasiya ediləcəyi elan olunub.
Taliban administrasiyası isə Pakistanın qərarını tənqid edir və əfqan mühacirlərə yaxşı münasibət göstərilməsini, ölkəni tərk etmək üçün əlavə vaxt verilməsini istəyir.
Beynəlxalq qurumlar, o cümlədən BMT Pakistanı bu qərarından dönməyə çağırır.
Taliban administrasiyasının sözçüsü Zabihullah Mücahid, Pakistanın qərarından sonra Əfqanıstana qayıdan qeyri-qanuni mühacirlərin sayının 300 mini keçdiyini açıqlayıb. BMT-nin məlumatına görə, geri qayıdanların 60 faizi uşaqlardır.