Pandemiya dövründə 2-ci Qurban Bayramı - necə qeyd etməli?

14:41 19.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Qurban kəlməsi  “Yaxınlaşmaq”, “Allaha yaxınlaşmağa vəsilə olan şey” mənasına gəlir.

Ta qədim zamanlardan indiyə kimi müsəlmanları Allaha yaxınlaşdırmaq üçün qeyd olunan Qurban Bayramı bu il də pandemiya şəraitinə təsadüf edir. Bəs görəsən Covid-19 pandemiyası şəraitində Qurban bayramı və onun adət-ənənələri nə cür təşkil edilməlidir?

Mövzu ilə bağlı Hafta.az-a danışan ilahiyyatçı Hacı Fuad Nurullayev bildirdi ki, bu, artıq pandemiya şəraitində keçirilən ikinci Qurban bayramıdır. Ötən illə müqayisədə indi vətəndaşlar daha təcrübəlidir:

“Şamaxı Astrofizika Rəsədxanasının bizə təqdim etdiyi cədvələ əsasən bu il Qurban Bayramı iyulun 20-sinə təsadüf edir. Dövlətimiz tərəfindən də, ayın 20-21 tarixləri bayram günü kimi qeyd olunur. Artıq pandemiya şəraitində keçirilən ikinci Qurban bayramıdır. Bununla  bağlı dövlət tərəfindən də müəyyən tədbirlər görülüb. Belə ki paytaxt Bakıda, Sumqayıt və digər rayonlarda kəsim məntəqələri yaradılıb. Bunun üçün vətəndaşlar yerli icra hakimiyyətlərinə və Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər. Təbii ki, rayonlarda qurban kəsmək baxımdan heç bir problem yaşanmır. Bu əsasən iri şəhərlərdə sıxlığın qarşısını almaq məqsədilə edilir”.

İlahiyyatçının sözlərinə görə pandemiya tədbirlərinə Qafqaz Müsəlmanları İdarəsi də qoşulur. Əsas məqsəd qurbanların həm şəriət qanunlarına, həm də pandemiya şəraitinə uyğun kəsilməsidir:

“İdarə nəzarət edir ki, qurbanlıqlar öncədən deyil, elə bayram günü kəsilsin. Bir təklif də bu oldu ki, onlayn sifarişlər etmək mümkün olsun. İnsanlar bu xidmətdən də faydalana bilərlər. Pandemiya dövrü ilə bağlı əsas tələb sıxlığın qarşısını almaqdır. Yaradılmış kəsim müəsisələrində həm iri, həm də xırda buynuzlu heyvanların kəsimi nəzərdə tutulur. Ola bilsin elə bizdə də müəyyən məntəqələr dəvə kəsimini təklif etsin. Vacib məqamlardan biri də odur ki, qurbanı kəsən adamların şəriət qanunlarını bilməli, heyvanlar baytar nəzarətindən keçməlidir”.

Sonda isə Fuaf Nurulayev bayram günü qılınacaq namazla da bağlı fikirlərini bölüşdü. O, pandemiya səbəbindən məscidlərə vətəndaşların az sayda buraxılacağını vurğuladı:

“Məscidlərimizdə az sayda insanların namaz qılması üçün şərait yaradılıb. Bayram namazı ayın 20-21 tarixlərində qılınacaq. Vətəndaşlar iştirak edə bilərlər”.

Bu günün önəm və anlamı ilə bağlı hafta.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov söylədi ki, Qurban Allaha təşəkkür və  şükür etmək, onun varlığına olan inancı götərmək üçün edilən ibadətdir:

“Qurban bayramı bizə İbrahim peyğəmbərdən qalan bir adətdir. Belə ki, Allah təala yuxuda ona qurban kəsməyi əmr edir. İbrahim peyğəmbər də öz övladını qurban kəsmək istəyərkən Tanrı İbrahim peyğəmbərin oğlu İsmayılın yerinə  qoç göndərir. Bu hadisədən sonra qurban kəsmək şəriətin adətinə çevrilir. Allah təala Qurani-Kərimdə buyurub ki, "Qurban kəs, namaz qıl və Allahın adını uca tut". Tarix boyu bütün müsəlmanlar bu bayramda qurbanlar kəsər, ehtiyacı olanlara paylayarlar. Qurban kəsməyi bəzən həcc ziyarəti ilə də əlaqələndirirlər. Buna görə də həcc ziyarətinə gedən insanlar, bütün ibadətlərini bitirdikdən sonra qurban kəsirlər ki, etdikləri ibadətlər qəbul olunsun”.

İlahiyyatçının sözlərinə görə bu bayramda hər kəsin qurban kəsməsi vacib deyil. Bu imkandan  asılı olan bir şeydir. Kasıblar və ehtiyac sahibləri qurban kəsməsə də qəbuldur. Bu zaman qurban kəsən şəxslər qurban ətindən onlara da verərlər.

“Qurbanlıq kəsilə bilən heyvanlara, inək, dəvə qoyun, 6 ayı keçmiş quzu və çəpiş, keçi daxildir. Qurbanlığın şərtlərində tələb edilir ki, kəsilən heyvan sağlam olsun. Öz təsərrüfatından qurban kəsəcək şəxs gərək ki ən yaxşı heyvanı seçsin. Mal və dəvə qurbanında 7 nəfər şərik ola bilər. Ancaq xırda buynuzlu heyvanların qurbanında yalnız  1 nəfər öz ailəsi adından kəsməlidir”.

Sonda isə biz də Hafta.az ailəsi olaraq bütün müsəlmanların Qurban Bayramını təbrik edirik. Allah qurbanlarınızı qəbul etsin! Azadlıq, sülh və hüzur içində neçə gözəl bayramlara!