Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayı ilə bağlı fətva verib. Bu il Ramazan ayının 1-ci günü 25 aprel 2020-ci ilə təsadüf edəcək. Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.
Ölkədə isə hələ ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq may ayının 4-nə qədər karantin rejimi davam edəcək. Bildiyimiz kimi, tibb mütəxəsisləri tövsiyyə edir ki, koronavirusa yoluxmamaq üçün immunitetin güclü olması da lazımdır. Orucluq müddəti orqanizmin zəifləməsini nəzərə alaraq, oruc tutmamaq məqsədə uyğun sayıla bilərmi?

İlahiyyat üzrə fəlsəfə doktoru, Əkrəm Həsənov hafta.az-a bu barədə danışarkən dedi ki, Qurani-Kərimdə oruc tutmaq Allahın əmridir:
“Hər bir mömin səfərdə deyilsə, xəstə deyilsə oruc tutmalıdır. Burada bəzi məqamlar var. Məsələn, xəstəliklər... Bu gün dünyada pandemiya hökm sürür. Orqanizmi qorumaq, immuniteti gücləndirmək lazımdır. Amma əgər immunitet yaxşıdırsa oruc tutmaq olar. Ola bilər həkim məsləhət görmür, o zaman tutmaması yaxşıdır. Onun əvəzinə kiməsə yardım edə bilər”.
İlahiyyatçı alim karantin müddəti bitdikdən sonra məscidlərə getməyin doğru olub-olmaması məsələsinə də aydınlıq gətirdi:
“İndiki halda qorunmaq lazımdır. Karantin bitən kimi məscidlərə insanların axını yaxşı olmaya bilər. Mömin olan kəslər var ki, onlar gündə beş dəfə məscidə gedirdilər, məscidə öyrəşmişdilər. Yenə qorunmaq lazımdır. Uzun müddət hələ bu qaydalara əməl olunmalıdır. Ümümdünya Səhiyyə Təşkilatı da deyir ki, bir il müddətində qorunmaq lazımdır, insanların sıx olduğu yerlərdən uzaq durulmalıdır. Belə bir vəziyyətdə ibadətlərini evdə etmələri məqsədə uyğundur”.

İlahiyyatçı Tural İrfan isə bildirdi ki, ümumiyyətlə İslam dinində fərz, yəni qəti vacib hökmündə olan şəriət qaydaları zərurət və ehtiyac məqamında öz qüvvəsindən düşür:
"Yəni, zaman və məkana, şəraitə görə hökm dəyişir. Məsələn, donuz əti haramdır, lakin acından ölməmək üçün yemək halaldır, hətta vacibdir. Orucluq da belədir. Əgər ac qalmaq insana, səhhətinə zərər gətirərsə oruc tutmamalıdır. Mən Quranı və şəriət hökmlərini əsas götürərərək tövsiyyə edərdim ki, evdə qalanlar oruc tutsunlar. Çünki onlar evdədirlər, bayıra ictimaiyyət içinə çıxmırlar. Lakin icazə ilə, yaxud da işlədiyinə görə bayıra çıxmağa məcbur olanlar, az da olsa insanlarla ünsiyyətdə olanlar oruc tutmasınlar. Pandemiya bitəndən sonra qəza orucu tutarlar, fidyə və sədəqə verərlər. Çünki həkimlərin də dediyi kimi immun sisteminin aclıq sayəsində zəifləməsi insanı virusa yoluxmağa həssas edə bilər. Karantin bitsə də, dövlət icazə versə də çalışıb məscidlərə az getmək lazımdır. Çünki əsas qadağanın götürülməsi şərt deyil, əsas olan virusun çarəsinin tapılmasıdır. O da ki, hələ yoxdur. Məscidə getmək İslam dinində vacib deyil. Sadəcə həftədə bir dəfə Cümə namazı zamanı (o da əgər şərtlərə uyğun olaraq qılınarsa) vacib olur. Əgər o da hər hansı bir ictimai təhlükə və təhlükə ehtimalı olarsa öz qüvvəsini itirir. Ta ki, o vəziyyət stabilləşənə qədər. Ona görə karantin bitsə də tövsiyyə edərdim ki, möminlər məscidlərə getməyə tələsməsinlər. Allah insanı evində də, otağında da eşidir, görür..."