Azərbaycanla Moskva arasında Qarabağdakı Rusiya hərbçilərlərinin statusunun dəqiqləşdirilməsi ilə bağlı danışıqlara başlanır. Azərbaycanın dövlət rəsmisi Hikmət Hacıyevin bu istiqamətdə verdiyi son açıqlaması maraqla qarşılanmaqla yanaşı, aidiyyatı yerlərə mühüm bir mesaj kimi də dəyərləndirilir.
Məlum olduğu kimi üçtərəfli sazişə əsasən Azərbaycanın məlum ərazilərində 1960 nəfər rus hərbçinin yerləşdirilməsi nəzərdə tutulmuşdu. Lakin xəbərlər faktiki olaraq Qarabağda rus sülhməramlı qarnizonunda 5 minə yaxın rusun fəaliyyət göstərdiyini iddia edir. Maraqlıdır, sülhməramlı statusunun verilməsi üçün hansı adımlar atılmalıdır və bu işlər hansı sənədlər əsasında aparılmalıdır. Yaxud, hazırda regionda nə qədər rus hərbçisi var? Ümumən, sülhməramlılarla bağlı məsələlər necə nizamlanacaq?
Politoloq Natiq Cəfərli hafta.az-a şərhində bildirib ki, Azərbaycanda rus sülhməramlılarının yerləşdirilməsi üçtərəfli müqaviləyə əsasən baş verib.
Onun sözlərinə görə, noyabrın 10-da imzalanan sənədin əsasında sülhməramlıların say tərkibi və səlahiyyət müddətinin sərhədləri müəyyənləşib. Və Azərbaycan qanunvericiliyinə görə xarici ölkənin qoşununun Azərbaycan ərazisində qalması üçün xüsusi parlament qaydasında təsbit olunmuş prosedur qaydalar lazımdır.
Politoloq hesab edir ki, Azərbaycan doğru olaraq o zaman məsələni parlamentə gətirmədi ki, məsələ asılı vəziyyətdə qalsın.
“Hazırda bizim rus sülhməramlılarına qarşı çoxlu suallarımız, iradlarımız var. Onların bu günə qədər göstərdikləri fəaliyyət yumşaq desək, qaneedici deyil. Nəhayət son zamanlar baş verən hadisələr, sülhməramlıların Ermənistan yetkililərinin Qarabağa gedib-getməməsinə maneçilik törətməməsi, orda qondarma qurumun üzvləri ilə görüşlərin keçirilməsi, onları defakto tanıması, tərksilah etməməsi Azərbaycan tərəfdə ciddi narahatlıq doğurur. O cümlədən, Laçın dəhlizinə nəzarətin Rusiya tərəfindən həyata keçirilməsində də problemlər var”.
Politoloq hesab edir ki, Hikmət Hacıyevin açıqlaması Rusiyaya verilən o mesajdır ki, əgər Azərbaycanı qane etməyən məqamlar davam edəcəksə, həmin sülhməramlı qoşunların hüquqi statusu ilə bağlı ayrıca prosedur qayda tətbiq oluna bilər.
“Məsələn parlament toplanıb Azərbaycan ərazisində rus sülhməramlılarının olmasını qadağan edən qərar qəbul edə bilər. Əslində rus sülhməramlılarının çıxarılması proseduru başlana bilər. Elə bir fürsət, imkan və belə bir qəliz idarəetmə mexanizminə xas oyun qaydaları tətbiq eləmək mümkündür”.
Politoloq Moskvanın Azərbaycana gətirdiyi 1960 hərbçi və onun sayının artıması ilə bağlı baş verən məsələlərlə bağlı Rusiyanın oyun oynadığını deyib. Onun fikrincə, əslində qoşunların, ordunun sayında bəlkə də bir dəyişiklik yoxdur.
“Amma protokolun bəzi bəndlərində infrastruktur layihələrin, qaçqınların geri köçürülməsi ilə bağlı bəndlər var. Rusiya tərəfi o bəndlərdən istifadə edərək Fövqaladə Hallar Naziliyinin, müxtəlif təşkilatların nümayəndələrindən ibarət xeyli sayda insan gətirib. Amma onlar hərbçi deyil. Hərbçi olmasalar da, Rusiaya nazirliklərinin və dövlət idarələrinin işçiləridirlər. Məsələn, FHN-nin işçilərinin silah daşıma hüququ var.”
N.Cəfərli bildirib ki, Rusiya müəyyən prosedur qaydalarına riayət edərək özünün regiondakı mövcudluğunu artırmaq istəyir.
“Məktəblər tikir, regiona ayrıca dövlət, hökumət nümayəndələrinin gəlişini təmin edir, xüsusi mühafizə təşkilatları ilə müqavilələr bağlayaraq xüsusi mühafizə dəstələri yaradırlar. Rusiya rəsmi rəqəmi keçmədiyini bəyan etsə də, bu yolla faktiki olaraq Qarabağdakı mövcudluğunu artırmağa çalışır”.
Politoloq sülhməramlıların statusunun müəyyənəşdirilməsi ilə bağlı bildirib ki, əslində Azərbaycan qanunvericiliyində xarici hərbi qüvvələrin Azərbaycanda olmasına qadağa var. Bu qadağanın aradan qaldırılmasının yeganə yolu parlamentin xüsusi qərarıdır.
“Hətta Prezidentin belə bir qərar vermə səlahiyyəti yoxdur. Sadəcə olaraq prezident ya o qərarı təsdiqləyə bilər, ya da geri qaytarar. Amma parlamentin qərarı olmadan belə hərbi birləşmələrin Azərbaycan ərazilərində olması faktiki olaraq qeyri-qanunidir. Bunu bilərərkdən belə asılı vəziyyətdə saxladılar ki, əlimizə əlavə imkanlar olsun. Rusiya ilə danışıqlarda daha sərt mövqedən çıxış etməyə imkanımız olsun”.
O ki qaldı, sülhməramlı statusunun verilməsi ilə bağlı məsələyə, politoloq bildirib ki, bu üçtərəfli müqavilə ilə təsbit olunub.
“Amma Azərbaycan ərazisində fəaliyyət göstərmələri üçün ölkəmiz xüsusi qərar qəbul etməlidir. Rusiya sülhməramlıların mandatı 2025 -ci ilin noyabrın 9-da bitir. Biz 6 ay qalmış rus sülhməramlılarının regiondan çıxarılmasını tələb edə bilərik. Bu da 2025-ci ilin may ayının 15-inə düşür. Biz 2025-ci il may ayının 10-da məsələ ilə bağlı mövqeyimizi açıqlamalıyıq. Bunun üçün isə qanuni çərçivələr yoxdur, sadəcə üçtərəfli müqavilələr var. Parlament sərt qanunlar qəbul edib sülhməramlıların fəaliyyət istiqamətlərini, onların səlahiyyətlərinin hədlərini, çıxma müddətini konkret şəkildə göstərə bilər”.