Partiyalar yenidən toplaşır – KİMLƏR QATILACAQ?

13:54 07.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Siyasi partiyalar, iqtidarlı, müxalifətli yenidən toplaşacaq.  Cümə axşamı baş tutacaq dialoqda nələrin müzakirə ediləcəyi açıqlanmayıb. İqtidar və müxalifət dialoqu onlayn formatda baş tutmalıdır.  Partiyalar iqtidar-müxalifət dialoquna hazırdırmı, yaxud dəvət gəlibmi?

Hafta.az siyasi partiyaların məlum toplantısı ilə bağlı birmənalı olmayan çıxışlarını təqdim edir.

ADP sədri Sərdar Cəlaloğlu hafta-az-a açıqlamasında bildirib ki, dialoq bu həftənin cümə axşamı  keçiriləcək.

 Onun sözlərinə görə, bu görüşlə Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni bir müstəviyə qalxmasını, Azərbaycanda siyasi islahatların başlanmasını gözləyirik.  S.Cəlaloğlu bildirib ki, dialoq zamanı reallıqların bu gözləntilərə cavab verəcəyini əvvəlcədən deyə bilməz.

ALDP sədri Fuad Əliyev bildirib ki, partiya sədri olaraq görüşə dəvət alıb.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra belə bir görüşün keçirilməsi zəruridir. F.Əliyev regionda və ölkə daxilində gedən proseslərə diqqət çəkərək, belə bir gərgin vəziyyətdən çıxmaq üçün iqtidarla müxalifətin birgə müzakirələr aparmasına ehtiyac olduğunu deyib.  

Müsavat Partiyasının sədri Arif Hacılı hafta.az-a bildirib ki, iqtidar-müxalifət görüşünə dəvət almayıblar. Onun sözlərinə görə, partiya əvvəlcədən bu prosesdə iştirak etməyib və iştirak etmək fikirləri də yoxdur.

A.Hacılı hesab edir ki, bu toplantının iqtidar-müxalifət görüşləri adlandırılması real situasiyanı əks etdirmir. Onun sözlərinə görə, orda iqtidar yandaşı olan partiyalar əksəriyyət təşkil edir. Hətta o görüşlərdə Yeni Azərbaycan Partiyası da təmsil olunursa onu iqtidar-müxalifət dialoqu adlandırmaq mümkün deyil.

AMİP sədri Arzuxan Əlizadə iqtidarla-müxalifətin sentyabrın 9-da keçiriləcək onlayn müzakirələrinə dəvət aldığını deyib.

O, bildirib ki, bu cür tədbirlər onlayın keçirilsə də önəmi böyükdür. Çatışmazlıqlarla bağlı zaman-zaman fikirlər bildirdiklərini və  bu cür təmaslarla çıxış etmək və müzakirə etmək imkanlarının yarandığını deyib.

A.Əlizadə A.Hacılının belə görüşləri iqtidar-müxalifət dialoqu adlandırmamasını və görüşə iqtidarın “yandaşlarının” dəvət olunması ilə bağlı fikirlərini yanlış hesab edib.

“Təəssüflər olsun ki, uzun müddət ərzində ana müxalifət adına yersiz iddialar ortaya qoyulub. İstər Müsavat Partiyası, istərsə də digər qurumlar tərəfindən belə iddialar olub. Bu müddət ərzində müxalifət adını monopoliyaya almaq cəhdləri olub.  Müxtəlif imkanlardan və hakimiyyətlə özlərinin vaxtilə olan çox yaxın münasibətlərindən, gizli danışıqlarından  istifadə edərək bu cür fon yaradıblar.  Bu gün özləri proseslərdən kənarda qalırlar deyə, digərlərinə çamur atmaqla məşğuldurlar.  Bu cür fikirləri olduqca yersiz hesab edirəm.  Görüş, qarşılıqlı təmas olmadan  qarşı tərəfin məsələyə münasibəti necə ola bilər. Təbii ki, mütləq müzakirələr, görüşlər olmalıdır ki, problemlər həll edilsin. Yoxsa kənardan durub bu cür söz atmaqla, görüşlərdə iştirakdan imtina etməklə, şərtlər qoymaqla heç nəyə nail olmaq olmaz, uşaq oyunu kimi bir şeydir”. 

Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, iqtidarla-müxalifət arasında hansısa görüş, dialoq  olmayacaq.

Onda olan məlumata görə  bu onlayın konfransdır və bu konfransı da görüş adlandırmaq düzgün deyil. Qeyd edək ki, Pənah Hüseyn də həmin müzakirələrə dəvət almayıb.