AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədovla hafta.az üçün növbəti söhbətimizdə Azərbaycan-Ermənistan sərhədindəki son qanlı qarşıdurmadan sonra yaranmış hərbi-siyasi durum, bundan sonra gözlənilən proseslər, bölgəyə BMT-nin, yaxud ABŞ və Fransanın sülhməramlı qoşunlarının cəlb edilməsi ehtimalları, Zəngəzur dəhlizinin taleyi, həmçinin Ukraynadakı niyyətlərinə çatmayan Rusiyanın “5-ci kalon”unun keçmiş ittifaq respublikaları, o cümlədən Azərbaycanda destruktiv fəaliyyət imkanları və s. mövzularda müzakirə aparmağa çalışdıq.
– Ermənistanla sərhəddəki ağır itkilərlə nəticələnmiş son qarşıdurma hansı perspektivdən xəbər verir?
– Öncə son döyüşlərdə şəhid olmuş bütün oğullarımızın ailələrinə, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığımı yetirmək istərdim... Allah rəhmət eləsin!..
Belə görünür ki, Ermənistan sülhə məcbur edilməsə, proses hələ də davam edəcək. Yəni bu ölkənin Azərbaycanla sülh müqaviləsini imzalamasına mane olan dövlətlər var. Onlar da Ermənistanı təhrik edirlər ki, sülh müqaviləsini imzalamaqdan yayınsın. Əsas məsələ də 10 Noyabr üçtərəfli bəyanat -razılaşmasının müddəalarının yerinə yetirilməməsi ilə bağlıdır. Xüsusən də Zəngəzur dəhlizi məsələsi ətrafında problemlər yaradılır. Ona görə də zənnimcə, müxtəlif qüvvələr gərginliyin artırılması istiqamətində fəaliyyətlərini hələ də davam etdirəcək...
Təbii ki, insan itkilərimiz, şəhidlərimiz hamımızın ürəyini ağrıdır. Hərbçilərimizin şəhid olması və millətimizin verdiyi itkilər əvəzsiz qalmır. Ordumuzun rəşadəti sayəsində şəhidlərimizin qisası alınır və düşmənin hərbi infrastrukturu dağıdılması sülhə məcburetmə əməliyyatı istiqamətində fəaliyyət davam etdirilir. Yəni bütün mümkün vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək gərəkdir...
– “Sülh müqaviləsinin imzalanmasına mane olan dövlətlər” deyəndə konkret hansıları nəzərdə tutursunuz?
– Bu, bir dövlət deyil. Bu siyahıda bir neçə aparıcı dövlət var; yəni Rusiya var, ABŞ var, Fransa var. Həmin dövlətlər Güney Qafqazda nüfuz dairəsi uğrunda mübarizə aparır. Qərb, bu halda ABŞ və Fransa Rusiyanın buradan sıxışdırıb çıxarmağa cəhd edir. Təbii ki, Rusiya isə əksinə, ABŞ və Fransanı bu bölgəyə buraxmamağa çalışır. Bunun nəticəsində də daim gərginlik yaranır və hər iki tərəf Ermənistandan bir alət kimi istifadə edir...
– Onda belə çıxır ki, Zəngəzur dəhlizinin taleyi hələ ki, qaranlıq qalır?
– Görünür, əgər Rusiya Ermənistanı Zəngəzur dəhlizini açmağa məcbur etməsə, problemlər hələ olacaq. Bu dəhlizin açılmasının əleyhinə həm də Avropadakı bir sıra qüvvələr mane olurlar. Eləcə də İran da buna əngəl törətməyə çalışır. Zəngəzur dəhlizinin 10 Noyabr bəyanatındakı şərtlərlə açılması Rusiyanın mənafelərinə uyğundur. Odur ki, bütün təzyiqlər Paşunyana qarşıdır. Hər iki tərəf ona təzyiq edir ki, onların mənafelərinə qulluq etsin. Əvvəl-axır biz Ermənistana təzyiqləri daha da artırmalıyıq ki, Zəngəzur dəhlizini açmağa da, Azərbaycanla sülh müqaviləsini də imzalamağa məcbur olsun...
– Silahlı qarşıdurma davam edərsə, onsuz da Ukraynada uduzmaqda olan və Ermənistanda hərbi bazaya malik Rusiyanın bölgəyə “sülhməramlı” adı ilə əlavə yeni hərbi qüvvə göndərməsi mümkündürmü, yaxud bölgədəki “sülhməramlı” adlanan kontingentinin sayını artırması gözlənilirmi? Yəni Kreml heç olmasa, Güney Qafqazdakı mövqelərini möhkəmləndirmək baxımından bunları edə bilərmi?
– Ermənistanla sərhəddə qarşıdurmanın davam edəcəyi gözlənilir. Hesab edirəm, bu saat Rusiyanın elə bir imkanı yoxdur ki, bölgəyə əlavə qüvvələr yeritsin. Ukraynada qüvvə çatışmazlığı açıq-aşkar göz qabağında olan bu dövlətin özünə əlavə qüvvə lazımdır. Rusiyanın resursları, demək olar ki, tükənmək üzrədir. Onların döyüş qabiliyyətli hərbi hissələri sıradan çıxarılıb. Yenilərini hazırlamaq isə xeyli vaxt aparacaq. Silah-sursatın da yenilənməsi yenə də vaxt tələb edir. Ona görə də Rusiyanın Qafqaza, o cümlədən Azərbaycan-Ermənistan sərhədinə əlavə silahlı qüvvə göndərmək imkanları çox məhduddur...
– Bölgəyə KTMT qüvvələrinin göndərilməsi məsələsi də, çox güman ki, qüvvədən düşdü. Qazaxıstan və Qırğızıstan rəsmiləri öz qoşunlarının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsindən danışmağın yersiz olduğunu ifadə etdilər...
– KTMT-nin Ermənistan-Azərbaycan sərhədindəki son gərginliklə bağlı iclasında Qazaxıstan da, Qırğızıstan da Ermənistanı itkilərə səbəb olmuş təxribat yaratdığına görə rəsmən ittiham etdi. Rusiya və Belarus isə bitərəf qalıblar. Yerində monitorinq keçirərək vəziyyətlə tanış olmaq üçün bölgəyə öz nümayəndələrindən ibarət missiya göndərməyi qərara alıblar. Bir sözlə, KTMT artıq ölü bir təşkilata çevrilib. Onun fəaliyyətsizliyi də göz qabağındadır. Ermənilərin də ona ümid etmək üçün əsası yoxdur... Bu gün Ermənistanda Rusiya əleyhinə aparılan kampaniya da ona köklənib ki, müttəfiqləri onları tək, köməksiz qoyub...
– Sizcə, Ermənistan hakimiyyətinin xəyal etdiyi kimi, Fransa və ya ABŞ-ın, yaxud BMT-nin sözügedən hərbi əməliyyatlar zonasına “sülhməramlı” adlanacaq kontingent yollaması mümkün ola bilərmi?
– Bunlar da mümkün deyil. Əvvəla, Rusiya və Ermənistan arasında sərhədlərinin “FSB”nin sərhəd qoşunları tərəfindən qorunması, ərazisində bazaların yerləşdirilməsi haqqında müqavilə var. Faktiki olaraq Ermənistan Rusiyanın protektoratındadır. Odur ki, həmin ölkənin ərazisinə başqa dövlət və ya təşkilatın qoşunlarının gəlməsinə Kreml heç vaxt imkan verməz. Bilavasitə BMT-nin qoşun yollaması üçün Təhlükəsizlik Şurasının qərarı olmalıdır. Təbii ki, Rusiya da orada veto qoymaqla bunun qarşısını alacaq. Fransanın isə o qədər də qeyrəti yoxdur ki, təkbaşına Rusiya ilə üzbəüz gəlsin və öz qoşununu Ermənistana göndərsin...
– Yəqin ki, ABŞ da belə bir addım atmaz...
– Bəli, Amerika da onun kimi... Heç kəs Ermənistana görə gəlib Rusiya ilə müharibə etməyəcək...
– Belə bir versiya var ki, Ermənistanın sərhəddə Azərbaycanla son toqquşmasını Rusiya rejimi körükləyib. Guya Kreml bununla Paşinyanın devrilməsinə, özünə daha yaxın Köçəryan, Sərkisyan düşüncəli revanşist siyasətçilərin hakimiyyətə gətirilməsinət nail olmaqla Ermənistanda, beləliklə Güney Qafqazda daha da möhkəmlənmək və Qərbin, xüsusən də ABŞ-ın buradakı varlığına son qoymağa çalışır...
– Təbii ki, Ermənistan silahlı qüvvələrinin içərisində keçmiş prezidentlərin nüfuzu çoxdur. Onlar ordudakı proseslərə təsir edə bilirlər. Yəni son hadisələr göstərir ki, Paşinyan faktiki olaraq proseslərə nəzarət edə bilmir...
– Yəni Ermənistanın son qanlı toqquşmalara səbəb olmuş təxribatlarının məhz Moskva tərəfindən təşkil edilməsi fikri ilə razısınız?
– O da mümkündür... Çox versiyalar var... Əsas odur ki, ermənilərin içərisində bu revanşist əhval-ruhiyyəni qızışdıranlar var. Onlar da öz güclərini, resurslarını hesablaya bilmirlər. Ona görə də bu cür təxribata əl atıblar və nəticə də göz qabağındadır. Ermənistan tərəfdən çox böyük itkilər olub. Bu prosesi təkrar davam etdirməyə də ermənilərin nə imkanı, nə də gücü var...
– Ümumiyyətlə, Ukraynada istədiyinə nail ola bilməyən Rusiya digər keçmiş müttəfiq respublikalarında, o cümlədən Azərbaycanda müəyyən vasitələrlə revanş götürməyə çalışa bilməz ki?
– Xeyr, Rusiya Azərbaycanda necə revanş götürə bilər ki? Bu saat Rusiya Azərbaycanla ehtiyatlı olmağa çalışır. Həm də ona görə ki, Türkiyəni itirmək istəmir. Türkiyə hazırkı şəraitdə Rusiya üçün tərəfdaş kimi çox önəmli dövlətdir. Sanki Türkiyə Moskvanın dünyaya çıxışı üçün bir pəncərədir. Təbii ki, Kreml tərəfindən Azərbaycana qarşı hər hansı bir aqressiv hərəkət də Türkiyənin itirilməsinə gətirib çıxara bilər. Rusiya isə bunu etmək istəmir və etmək də iqtidarında da deyil. Ona görə də Azərbaycana qarşı Rusiyadan açıq-aşkar, aqressiv heç bir hərəkət gözlənilmir...
– Belə düşüncələr var ki, Ukraynadan qaçan Rusiya buradakı “5-ci kalon”unu daha da fəallaşdıra bilər...
– Bilirsiniz, “5-ci kalon” onsuz da həmişə var. Azərbaycanda Rusiyanın təsir imkanları böyükdür. Azərbaycan həmin imperiyanın keçmiş müstəmləkəsi kimi 200 ildən çox birbaşa Rusiyanın tərkibində olub. Ona görə də Moskvanın burada təsir imkanları həmişə var və daim mümkün qədər Azərbaycandakı proseslərə təsir göstərməyə çalışacaq. Özünün müəyyən məqsədlərini həyata keçirmək, hansısa proseslərin qarşısını almaq üçün “5-ci kalon”dan istifadə edə bilər. Təbii ki, onlar təxribat da edə bilər, qarışıqlıq da sala bilərlər. Bir daha təkrar edirəm: Rusiyanın Azərbaycana qarşı birbaşa açıq-aşkar aqressiv davranışı bu gün mümkün deyil. Dediyim kimi, Türkiyənin itirilməsi təhlükəsi Kreml üçün çox böyük təhdiddir. Yəni Rusiya hakimiyyəti Türkiyəni itirmək istəmir, çünki ondan asılıdır...
– Belə çıxır ki, Türkiyənin təsiri olan digər keçmiş müttəfiq respublikalarda da, xüsusən də Qazaxıstan və Orta Asiyanın türk, müsəlman ölkələrinə Rusiyanın o qədər də müdaxilə etmək imkanları qalmayıb...
– Qazaxıstanda, Qırğızıstanda bəlkə də Rusiyanın təsir imkanları daha çoxdur. Həmin ölkələrdə Türkiyənin təsiri də get-gedə artır. Digər tərəfdən isə son hadisələr göstərdi ki, Azərbaycanın Qazaxıstan, Özbəkistan, Türkmənistanla və s. yaxınlaşması türk dövlətləri üçün çox böyük perspektivlər açır. Hamı da tədricən bunu anlamağa alışır, bunun əhəmiyyətini bilirlər. Bu istiqamətdə də işlər gedir. Təsadüfi deyil ki, qeyd etdiyimiz kimi, Qazaxıstan və Qırğızıstan son hadisələrlə bağlı açıq-aşkar Ermənistanın əleyhinə çıxış etdilər...
Sonda bir daha şəhid ailələrimizə başsağlığımı yetirirəm. O şəhid övladlarımız Vətən, dövlət, xalq üçün əvəzsiz xidmət göstəriblər. Onların qanı da yerdə qalmayıb və qalmayacaq da... Ən əsası odur ki, bu dövlətimiz məhz şəhidlərimizin, qazilərimizin sayəsində yaşayır...