“Paşinyan vaxtında başa düşdü ki, Rusiyanın hakimiyyəti devirmək üçün iki modeli qalıb...”

19:52 08.07.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Əvvəllər “KQB”nin agenti olan “bütün ermənilərin katolikosu bu gün də “FSB”nin agentidir...”

Politoloq Zərdüşt Əlizadə Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya tərəfindən idarə olunan Erməni Apostol Kilsəsi və Moskvaya bağlı milyarder iş adamlarının hakimiyyəti devirmək cəhdlərinə qarşı mübarizəsi barədə hafta.az-a açıqlamasında aşağıdakıları diqqətə çatdırıb:

“Kilsələr və məscidlər çar vaxtından və sovet dövründən bəri həm Rusiyanın özündə, həm də digər müstəmləkələrdə, o cümlədən Azərbaycanda və Ermənistanda avam camaatı itaətdə saxlamaq üçün bir alət olub. SSRİ dönəmində nə keşişlər, nə də mollalar “KQB”-nin göstərişi ilə işləməkdən imtina edəcəkləri halda öz işlərində qala bilməzdilər. İstisnasız olaraq bütün din xadimləri hesab olunan şəxslər: Rusiya patriarxı, Gürcüstan və ya Ermənistan katolikosu, yaxud Qafqaz şeyxülislamı və ya Qazaxıstan müftisi və s. “KQB”-nin alətləri olaraq fəaliyyət göstərirdilər. Bu təsir bir çox postsovet məkanlarında, o cümlədən Ermənistanda indi də qalıb. Əvvəllər “KQB”nin agenti olan “bütün ermənilərin katolikosu bu gün də “FSB”-nin agentidir.  Bu günədək Qaregini  siyasətdən müəyyən məsafədə saxlayırdılar. Çünki başqa alətlər var idi: Robert Köçəryan, Serjik Sərkisyan, “Daşnaksütyun”, Artur Vanesyan və s. Bunlar hamısı iflasa uğrayandan sonra Kreml məcburən kilsəni,  keşişləri işə saldı. Baqrat Qalstanyan kilsənin adıyla ruhani cübbəsində çıxdı meydana... Lakin onun da başlatdığı hərəkat qısa müddətdə iflasa uğradı... Ondan sonra “FSB” digər yepiskopları və nəhayət, katolikosun özünü qabağa verdi. Paşinyan da vaxtında başa düşdü ki, Rusiyanın Ermənistandakı mövcud hakimiyyəti devirmək üçün iki modeli qalıb: kilsə və Moskvaya bağlı milyarder iş adamları...  

Bilirik ki, vaxtilə Gürcüstanda Kreml Bidzina İvanişvili kimi bir milyarderi verdi qabağa, o da əlində 6 milyard dollar çıxdı meydana ki, guya onu bölüb yoxsul gürcü xalqına paylayacaq.  Gürcüstan xalqı da ona inandı və səslərini İvanişvilinin qurduğu “Gürcü arzusu” partiyasına verdi, ölkəyə demokratiya və azadlıq gətirmiş Mixail Saakaşvilini isə qovdu. İndi isə gürcülər İvanişvilinin təpiyi altında dırnaqarası “bəxtəvər” yaşayırlar. Rusiya eyni modeli Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun rəhbəri, milyarder Samvel Karapetyan vasitəsilə Ermənistanda həyata keçirməyə çalışdı. O gəldi ölkəyə və başladı fəaliyyətə...

Ancaq Paşinyan Amerika təlimatçıların da dəstəyi ilə çox çevik və operativ fəaliyyət göstərərək Samvel Karapetyanı qanuni şəkildə dövləti devirməyə çağırış maddəsilə həbs edib zərərsizləşdirdi. Bundan sonra ümidi yalnız erməni kilsəsinə qalan Moskva keşişləri bir daha aktivləşdirməyə çalışdı, lakin Paşinyan növbəti həbslər dalğasıyla və cəmiyyətin dəstəyi ilə onları da zərərsizləşdirməyə başladı və demək olar ki, artıq buna nail olub...”

Söhbətləşdi və təqdim etdi:

Sultan Laçın