Bu gün səhər saatlarından başlayaraq paytaxtda fəaliyyət göstərən banklar Amerika dollarının satışını dayandırıb. Bu barədə bankların filiallarında mövcud mənzərəni müşahidə edən hafta.az-ın əməkdaşlarına bank işçiləri məlumat veriblər. Onlar bildirib ki, böyük ehtimalla gün ərzində dollar satışı mümkün olmayacaq.

Səbəb nədir?
Banklardan əldə etdiyimiz məlumata görə dollar satışının dayanmasının əsas səbəbkarı Mərkəzi Bankdır. Belə ki, ötən günlə müqayisədə banklara ABŞ dolları satılmayıb. Buna görə də satış məhdudlaşıb. Bank əməkdaşlarının sözlərinə hazırda qismən valyuta dəyişimi əsasən bankların mərkəzi ofislərində aparılır. Həmin dollar isə bankların rezervində qalan Birləşmiş Ştatlar valyutasıdır.
“Söz veriblər”...
“Əmrahbank”ın əməkdaşlarından əldə etdiyimiz məlumata görə ötən gün dollar dəyişimi mümkün olub. Birdəfəyə 500, 1000, 5000-7000 arası valyuta dəyişilib. Onlar bu gün üçün filiallara dollar çatdırılacağını yuxarı instansiyalardan bildirildiyini, lakin ABŞ dollarının gün ərzində satışa çıxarılıb-çıxarılmayacağını bilmədiklərini söyləyiblər: “Söz veriblər. Amma dəqiq bilmirik. Dəqiq bilmədiyimiz üçün də camaata söz verməkdə çətinlik çəkirik”.

“Hələ ki, gözləyirik...”
Bir sıra banklarda heç 50 ABŞ dollarının da satışının aparılmadığını gördük.
Beynəlxalq Bankın filiallarının birində isə cəmi 700 dollarlıq əskinasların qaldığını, amma onun da satışının aparılmadığını müşahidə etdik. Bank əməkdaşı bildirdi ki, hələ ki, ABŞ dolları dəyişilmir: “Hələ ki, gözləyirik. Bizə bir cavab veriləndə dəyişəcəyik. Cəmi 700 dollarımız qalıb. Onun da satışı dayanıb”.

Dollar alışı var...
Məlumat üçün onu da əlavə edək ki, dollar alışı mövcuddur. Amma qiymətlər də fərqli deyil. Valyutadəyişmə tablolarında ABŞ pulunun alışı 1.68,80- 1.70,15 arasında dəyişir. Hömsöhbət zamanı bank işçiləri alış üçün heç bir problem olmadığını, yalnız satışa məhdudiyyətlər tətbiq edildiyini bildirdilər.

“Başqa xarici valyutalara maraq yoxdur...”
Valyuta dəyişən və kassada oturan bank əməkdaşlarının sözlərinə görə, Birləşmiş Ştatlar dollarından fərqli olaraq manat və avroya alıcı təlabatı demək olar ki, yoxdur.
Dollar almaq üçün banklara üz tutan şəhər sakinləri ilə söhbətləşdik. Bildirdilər ki, avro və funt-sterlinqə maraq o qədər də böyük deyil. Hətta bəziləri ABŞ dollarının manat qarşısında möhkəmlənəcəyi təqdirdə, digər valyutaların tədavülündə artma-azalma tandeminin müşahidə olunmayacağını bildirdilər.
Söhrab Bəşirov adlı şəxs isə Azərbaycan bazarında avro və funt-sterlinqin “bazarı”nın olmadığını dedi. Səbəblərini isə bu cür izah etdi: “Mən ticarətçiyəm. Xaricdən mal alıram, mal gətirirəm. Tez-tez pul dəyişirəm. Partnyorlarım ancaq dollarla işləyir. Avro o qədər də işlək deyil. Avro ilə işləməyə maraq göstərmirlər. Nə Türkiyədə, nə Rusiyada, nə də İranda avro və funt-sterlinq mübadiləsi aparılmır. Ona görə də biz məcbur qalıb dollar alırıq”.
Məlumat üçün onu da deyək ki, əvvəlki günlərlə müqayisədə bankların qarşısında növbə yoxdur. Koronavirus səbəbi ilə banklara başqa əməliyyatlar üçün də müştərilər gəlmir. Bank işçilərinin qənaəti budur.