Pekin: Nensi Pelosinin Tayvana səfəri böyük siyasi təxribatdır

21:37 02.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan regionuna səfəri “Vahid Çin” siyasətinin və Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannamənin müddəalarının ciddi pozulmasıdır. Bu səfər Çin-ABŞ münasibətlərinin siyasi əsasına ciddi təsir göstərir, Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur.

Hafta.az xəbər verir ki, bu fikirlər Çin Xarici İşlər Nazirliyinin (XİN) ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin özünü müstəqil dövlət kimi qələmə verən Tayvan adasında (“Çin Respublikası”) səfərinə dair yaydığı bəyanatda əksini tapıb. Bəyanatda Nensi Pelosinin səfərinin Tayvan boğazında sülhü və sabitliyi ciddi şəkildə sarsıtdığı, “Tayvanın müstəqilliyi”nə can atan separatçı qüvvələrə yanlış sinqal göndərdiyi vurğulanır.

Çin XİN dünyada yalnız bir Çin olduğunu, Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bir daha bəyan edərək, bildirib ki, Çin Xalq Respublikası bütün Çin ərazisində yeganə qanuni hakimiyyətdir. 1949-cu ildə Çin Xalq Respublikası qurulandan bəri ABŞ da daxil olmaqla, 181 ölkə “Vahid Çin” prinsipi əsasında Pekinlə diplomatik əlaqələr qurub.

Rəsmi Pekin Nensi Pelosinin ABŞ Konqresinin cari rəhbəri olduğunu əsas götürərək, onun Tayvana səfərini böyük siyasi təxribat kimi xarakterizə edib. Bəyanatda ABŞ-ın Tayvandakı separatçı qüvvələrə müxtəlif vaxtlarda dəstək verməsi və Tayvan məsələsini Çinə qarşı istifadə etmək cəhdləri pislənilib.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin son 25 ildə Tayvana ilk səfəridir.

Səfərdən əvvəl Çin Xarici İşlər və Milli Müdafiə nazirliklərinin rəsmiləri Nensi Pelosinin Tayvana səfərinə Çin ordusunun lazımi cavab verəcəyini bəyan edirdilər. İyulun 28-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ABŞ Prezidenti Cozef Bayden ilə virtual görüşdə Tayvan mövzusuna toxunaraq, “od ilə oynayanın sonda özünü yandıracağ”ını deyib. Bəzi ekspertlər Nensi Pelosini gətirən təyyarənin geri qaytarılmasından ötrü Çinin 2 təyyarədaşıyan gəmisinin Tayvanın şimal və cənubunda mövqe tutmaq üçün hərəkətə keçdiyini, bölgədə hərbi toqquşma riskinin yüksək olduğunu yazırdılar.

Çin Xalq Azadlıq Ordusu Nensi Pelosinin səfərindən əvvəl Cənubi Çin dənizində hərbi təlimlərə başlayıb.

Xatırladaq ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək Çin Xalq Respublikasının yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir. Xaricdən Tayvan məsələsinə müdaxilənin qəbuledilməz olduğunu bəyan edən rəsmi Pekin ÇXR ilə diplomatik əlaqələri olan ölkələrin Tayvan ilə istənilən formada rəsmi təmasına qəti etiraz edir.

Oxunma sayı 183