Pensiya yaşının artırılıb-azaldılması sadəcə kiminsə istəyi ilə baş tutmur - Ekspert

16:35 25.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycan əhalisinin cəmi 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.
Bu fikirləri hafta.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib:

“Düzdür, etiraf etmək lazımdır ki, digər ölkələrlə müqayisədə bizdə pensiya yaşı yuxarıdır. Amma bunu da qeyd edək ki, pensiya yaşının artırılıb-azaldılması sadəcə kiminsə istəyi ilə baş tutmur.
Bunun arxasında ciddi iqtisadi məsələlər dayanır. Əslində səlahiyyətli şəxslər mövcud vəziyyəti vətəndaşlara olduğu kimi izah etməlidirlər. Cəmiyyətdə qıcıq yaradacaq fikirlər səsləndirməkdən çəkinməlidirlər.

Əslində isə ölkədəki pensiya üçün ayrılan vəsaitlər əhalinin əmək haqqı və digər məslələrlə bağlıdır. Get-gedə hər ölkədə yaşlı adamların sayı artır. Bu onunla bağlıdır ki, əhali artımı bütün ölkələr üzrə aşağıdır və uşaqlar az doğulur. Nəticədə ölkədə işləyən gənclərin sayı azalır. Deməli, vergi ödəyicilərinin də sayı az olur. O biri tərəfdən istehsalat sahələri, zavodlar, fabriklər, yəni əhalinin işləyib qazanc əldə edə biləcəyi, həmin qazancdan vergi verə biləcəyi yerlər azalır.

Bütün bunlar dövlət büdcəsinə mənfi təsir göstərir. Ölkədə gənc əhali və iş yerləri çox olduqca dövlətin pensiya ödəmək imkanları da çoxalır. Əksinə olanda – iş yerləri azalanda, o biri tərəfdən əhalinin sayı da az olanda vergi ödəyiciləri az olur və dövlət iqtisadi amilin təsiri altında pensiya yaşını qaldırmaq məcburiyyətində qalır.

Bunun qarşısını almaq artıq heç kəsin iradəsi çərçivəsində deyil, bu, ölkədəki demoqrafik və iqtisadi vəziyyətə bağlı bir məsələdir. Ölkəmizdə işləmək yaşında olan kifayət qədər adam var. O insanları işlə təmin etmək üçün çoxlu istehsalat müəssisələri açmalı, yeni fəaliyyət sahələri yaratmalı, qeyri-neft sektorunu, kənd təsərrüfatını, xidmət sahələrini, eyni zamanda intellektual güc tələb edən sahələri xeyli inkişaf elətdirməliyik”.