Pensiyaya daha tez çıxmaq istəyənlərə ŞAD XƏBƏR

16:28 07.12.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda kimlərin rəsmi pensiya yaşından əvvəl əmək pensyasına çıxmaq hüququ var? Bu siyahının genişləndirilməsinə ehtiyac varmı? Ümumiyyətlə, bu istiqamətdə beynəlxalq praktikanın tətbiqi mümkündürmü?  Bu suallar pensiyaların artırılacağı vaxtda cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdəndir.

Mövzunui hafta.az-a şərh edən Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bu yaxınlarda pensiya kapitalından vaxtından əvvəl istifadə ilə bağlı təklif sözügedən Komitənin iclasında onun elə özü tərəfindən verilib:

"Mən təklif etdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi ilə çox pensiya kapitalı yığımı olan vətəndaşlara belə bir imkan verilsin. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Son məlumata görə, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı müzakirələr aparılır. Bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara tətbiq edilə bilər. Hələ ki, məsələ müzakirə səviyyəsindədir".

V.Bayramov vurğulayıb ki, indiki halda 144 ay pensiya müddəti kimi götürülür: "Yəni 12 il x 12 ay. Bu isə 144 ay edir. Amma əgər bu gün kişilər 65 yaşda pensiyaya çıxırlarsa, müzakirə olunur ki, vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu zaman həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Bu rəqəm 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez pensiyaya çıxsın. Amma artıq bu 144-ə yox, 204-ə bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər. Əgər qanun qəbul olunarsa, bu, minimum pensiya kapitalı yığmış vətəndaşlarımıza şamil olunacaq. Yəni pensiya kapitalı minimum kapitaldan çox olan vətəndaşlara şamil ediləcək".

Deputat qeyd edib ki, təklif qəbul olunarsa, pensiya yaşından gec pensiyaya çıxanlar daha çox pensiya ala biləcəklər: "Digər tərəfdən isə ola bilər ki, vətəndaş işləyir, 65 yaşda pensiya almaq istəmir. Hansısa vətəndaş pensiyaya 70 yaşında çıxmaq istəyərsə, bu halda onun aylıq pensiya məbləği 144-ə deyil, 144-dən 60 ay çıxmaqla 84-ə bölünəcək. Nəticədə gec pensiyaya çıxan vətəndaş aylıq olaraq daha çox pensiya almış olacaq. Əsas odur ki, nazirlik tərəfindən bu ideya dəstəklənir və gözlənilir ki, bu istiqamətdə rəsmi müzakirə növbəti dövrdə daha aktiv olacaq".

Oxunma sayı 2777