ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəzi gizli kosmik proqramları və texnologiyaları ictimaiyyətə açıqlamaq qərarına gəlib.
Hafta.az-ın yazdığına görə, müdafiə nazirinin kosmos siyasəti üzrə müavini Con Plumb yanvarın 17-də verdiyi açıqlamada Pentaqonun kosmik proqramlar və texnologiyalarla bağlı məxfilik təsnifatını dəyişdiyini bildirib.
Plumb bildirib ki, 2023-cü ilin sonunda müdafiə nazirinin müavini Ketlin Hiksin təsdiq etdiyi siyasət dəyişikliyi ilə bəzi kosmik proqramlar və texnologiyalar Xüsusi Giriş Proqramının (SAP) əhatə dairəsindən çıxarılacaq. SAP xüsusilə Pentaqon tərəfindən hazırlanmış müxtəlif texnologiyalarla bağlı məlumatlara yüksək səviyyəli giriş məhdudiyyətləri qoyur.
Yeni siyasətin nələri əhatə etdiyini gizli saxladığını bildirən Plumb, SAP vəziyyətində edilən dəyişikliklə indi kosmik texnologiya sahəsində özəl sektorla daha rahat işləməyin mümkün olduğunu bildirib.
Təsnifat siyasətində dəyişiklik Pentaqonun “Beynəlxalq Kosmik Əməkdaşlıq Strategiyası” proqramı çərçivəsində edilib.
Sözügedən addımın xüsusilə Çin və Rusiyaya qarşı kosmos yarışında ABŞ-a sənaye üstünlüyü təmin edəcəyini bildirən Plumb, bu əməkdaşlıq proqramı çərçivəsində bəzi məlumatların beynəlxalq müttəfiq ölkələrlə paylaşıla biləcəyini deyib. Digər tərəfdən, rəsmi vurğulayıb ki, yeni siyasət bütün kosmik texnologiya və proqramların məxfilikdən çıxarılması və hər şeyin açıqlanması demək deyil.
Pentaqonun bəzi yüksək vəzifəli şəxsləri uzun müddətdir ki, belə bir siyasət dəyişikliyi tələb edir. ABŞ-ın kosmos proqramında məxfilik təsnifatından həddindən artıq istifadə etməsi, digər ölkə və şirkətlərlə əməkdaşlığa yol verməməsi prosesi bürokratik şəkildə ləngitməsi ilə bağlı tənqidlər səslənirdi.
Müdafiə Nazirliyi də noyabrda əsgərlər və federal məmurlar üçün "naməlum uçan obyekt" (UFO) gördükləri təqdirdə məlumat vermək üçün platforma açıb. Tətbiq çərçivəsində istifadəçilər UFO hesabatlarına aid fotoşəkilləri və sənədləri onlayn sistem vasitəsilə yükləyib birbaşa səlahiyyətli orqanlara göndərə bilərlər.