Pol Qoblun 3 təklifi - "BU QALİBLƏ MƏĞLUBUN EYNİLƏŞDİRİLMƏSİDİR"

18:30 07.12.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Bu günlərdə amerikalı məşhur politoloq, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl Caliber.az-a müsahibəsində Ermənistan-Azərbaycan qarşıdurmasının həlli və tərəfləri sülhə gətirmək üçün 3 variant təklif edib:

Birincisi, bir tərəfin digər tərəf üzərində qeyd-şərtsiz və tam hərbi qələbəsi. İkincisi, xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması. Üçüncüsü, tərəflərin sövdələşməsi. Elə bir sövdələşmə ki, Ermənistan və Azərbaycan malik olduqları nələrdənsə imtina etmək müqabilində istədikləri bir şeyi alacaqlar. Yəni Ermənistan və Azərbaycan kompromislərə gedəcək və hər tərəf özünə lazım olanı əldə edəcək...

Politoloq Turan Rzayev hafta.az-a müsahibəsində hər üç variantı şərh edib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri Pol Qobl kifayət qədər təcrübəli insandır. Onun Ermənistan-Azərbaycan qarşıdurmasının həlli və tərəfləri sülhə gətirmək üçün təklif etdiyi 3 variant da maraqlıdır:

"Hesab edirəm ki, onun təklif etdiyi 1-ci variant hazırda aktualdır. Rəsmi Bakı Ermənistan kapitulyasiya aktı imzalayana qədər müharibəni davam etdirə bilərdi. Ermənistan 10 noyabr bəyanatını imzalayana qədər müharibəni davam etdi. Lakin 10 noyabr bəyanatı yekun sülh müqaviləsi olmadığı üçün iki ölkə arasında siyasi müstəvidə müharibə hələ də davam edir. Yəni rəsmi İrəvan sərhədlərin demarkasiya və delimitasiyasını icra etməsə, Zəngəzur dəhlizini açmasa, rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq Ermənistanı sülhə məcburetmə əməliyyatına başlaya bilər...

Pol Qoblun ikinci təklifinə gəldikdə isə deyə bilərəm ki, o, “xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması” deyərək Rusiyanı nəzərdə tutur. Yəni Pol Qobl faktiki olaraq Rusiyanın tərəfləri zorla danışıqlar masasına oturtduğunu demək istəyir. Hər halda bu, onun öz fikridir, lakin mən düşünmürəm ki, mövcud danışıqlar prosesi Kremlin Bakı və İrəvana diqtəsi ilə baş verir. Soçidə keçirilən son görüş zamanı ölkə başçısının Putin ilə səmimi ünsiyyəti buna misal ola bilər. Digər tərəfdən, regionda Türkiyə faktoru da var ki, bu faktor da özlüyündə Kremli ehtiyatlı davranmağa vadar edir. Yəni görünür, Pol Qobl mövcud vəziyyətdə Bakının diplomatiyasını hesaba almadan Rusiya faktoruna görə belə variantı irəli sürür. Maraqlıdır, prosesdə Rusiya yox, ABŞ iştirak etsə idi, Pol Qobl Vaşinqtonun vasitəçiliyini “xarici oyunçu tərəfindən sülh nizamlanmasının sırınması” kimi adlandıra bilərdi?

Üçüncü varianta gəldikdə isə deyə bilərəm ki, indiki halda bu, real deyil. Tərəflərin sövdələşməsi elə bir sövdələşmədir ki, Ermənistan və Azərbaycan malik olduqları nələrdənsə imtina etmək müqabilində istədikləri bir şeyi alacaqlar, demək doğru deyil. Bu, faktiki olaraq qalib və məğlub tərəfin eyniləşdirilməsi, işğalçı və işğala məruz qalanın eyni tutulmasıdır. Rəsmi Bakı onsuz da Ermənistana çox güzəştə gedir. Rəsmi İrəvana indiki halda ediləcək bir güzəştin ardı-arası kəsilməyəcək. Rəsmi Bakı Zəngəzur dəhlizinin açılması sonrası Ermənistanın blokadadan çıxması, 6-lıq platformada region ölkələri ilə bərabər hüquqda iştirak etməsi, hətta gələcəkdə reallaşacaq enerji layihələrində iştirak etməsini təklif edir. Bundan böyük güzəşt, kompromis ola bilərmi?.."

Oxunma sayı 775