Polis saxta ayaqqabı əməliyyatı keçirib

09:26 01.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya polisi və Federal Təhlükəsizlik Xidməti (FTX) kəşfiyyat idarəsinin birgə keçirdiyi əməliyyatda saxta ayaqqabı istehsal edən fabriklərə basqın edilib.

Hafta.az-ın yazdığına görə, dünyaca məşhur brendlərin yüz minlərlə məhsulu müsadirə edilib.

Qərb brendləri Rusiyanı tərk etdikdən sonra paralel idxala icazə verilən ölkə daxilində saxta məhsullara nəzarət etmək çətinləşib.

Daxili İşlər Nazirliyi və FTX sanksiyalardan sonra Rusiyadakı orijinal mağazalarını bağlayan dünyaca məşhur idman ayaqqabısı şirkətləri olan Puma, New Balance, Adidas, Nike və Reebok-un saxta məhsullarının istehsal edildiyi fabrik və anbarlara reyd keçirib.

RBK-nın xəbərlərinə görə, təxminən 640 min cüt saxta idman ayaqqabısı müsadirə edilib, şirkət sahiblərinə qarşı saxtakarlığa görə 4 ilə qədər həbs cəzası tələbi ilə iki müxtəlif cinayət işi qaldırılıb.

Qus-Xrustalnı şəhərində həyata keçirilən əməliyyat tədbirləri zamanı Daxili İşlər Nazirliyinin istintaq idarəsi anbarda minlərlə mal partiyası müsadirə olunduqdan sonra digər anbarlardakı malların da qaçaqmalçılıq məhsulu olub-olmadığının yoxlanacağı bildirilib.

Bu arada, oxşar əməliyyat oktyabrda Vladimir vilayətində də həyata keçirilib. Analoji markalı yüz minlərlə saxta ayaqqabı müsadirə edilib və sex sahiblərinə qarşı cinayət işi qaldırılıb.

Polisin araşdırmasından sonra saxta ayaqqabı istehsal etdiyi deyilən şirkətlərin Çin vətəndaşları Quan Hongtao və Cay Aşi tərəfindən idarə olunduğu bildirilib. 2022-ci ildə şirkət 116,7 milyon rubl gəlir əldə edib. Eyni zamanda, xalis mənfəət 21,6 milyon rubl təşkil edib.

Oxunma sayı 107