Polşanın Macarıstanla diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə endirməklə, Budapeştdəki səfirini geri çağırdığı bildirilir.
Hafta.az-ın yazdığına görə, Polşa KİV-ləri bildirir ki, Xarici İşlər Nazirliyi səfir Sebastyan Keçiekinin iyulun 15-dən vəzifəsinə xitam verərək geri çağırıb.
Hadisəni açıqlayan Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski ölkəsinin hazırda Macarıstanda müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunduğunu bildirib və gələcəkdə nə olacağına dair şərh verməkdən imtina edib. Keçiekin geri çağırılmasının səbəbi ilə bağlı Vronski, "Macarıstan Avropa İttifaqının qarşılıqlı sədaqət prinsipini pozaraq, maliyyə və cinayət ittihamları ilə üzləşən keçmiş ədliyyə nazirinin müavini Marçin Romanovskiyə siyasi sığınacaq verib. Üstəlik, Romanovski daha əvvəl prokurorların bütün tələblərini yerinə yetirəcəyini bəyan etmişdi" deyib.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Szijjarto bəyan edib ki, Macarıstan Polşa ilə güclü əlaqələr qurmaq istəyir, lakin Varşava hökuməti maraqlı deyil. Szijjarto Polşanın Budapeştdəki səfirlərinə hər zaman hörmətlə yanaşdıqlarını bildirib və iki ölkə arasında əməkdaşlığın yalnız Rusiya-Ukrayna müharibəsinə baxışlardan asılı olmaması lazım olduğunu vurğulayıb.
Polşa prokurorları 2019-2023-cü illərdə ədliyyə nazirinin müavini vəzifəsində çalışmış Marçin Romanovskiyə qarşı “mütəşəkkil cinayətkar qrupda iştirak” və “mənimsəməyə cəhd” də daxil olmaqla çoxsaylı ittihamlar irəli sürüb.