“Ermənistanın mövcud siyasi hakimiyyətinin davranışları, həmçinin, revanşçı qüvvələrin fəaliyyətinin stimullaşdırılması ilə bağlı atılan addımlar Paşinyan hökumətinin, ən azı qısamüddətli lokal qarşıdurmaya hazırlaşdığını sübuta yetirir. Bu sıraya Polşa prezidenti Anjey Dudanın sərhəd bölgəsinə, hələ də işğal altında olan Kərki kəndinə yaxın əraziyə gedərək, Aİ-nin “missiyası” ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakını da əlavə etsək, zənnimcə ümumi mənzərə haqqında nəticə çıxarmaq mümkündür".
Bunu hafta.az-a deputat Elçin Mirzəbəyli Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər etməsi, Avropa İttifaqının Ermənistandakı missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakı ilə bağlı bildirib.
E.Mirzəbəyli eyni zamanda hazırda heç bir hüququ statusu və mandatı olmayan, Ermənistan-Azərbaycan sərhəddində öz təhrikçi, pozucu fəaliyyyətini Praqa razılaşmasının kobud şəkildə pozulması ilə davam etdirən Avropa İttifaqının “missiyası"nın əməllərini bu fonda önə çəkib.
Deputatın qənaətinə görə, Polşa prezidentinin bu hərəkətlərinə xüsusi diqqət yetirilməsinə ehtiyac var. Çünki Polşa, az qala 30 ildən çoxdur ki, Qərbin postsovet məkanındakı pozucu, dağıdıcı layihələrinin həyata keçirilməsində iştirak edən və ya edəcək təsir agentlərinin “yetişdirilməsində” ön sırada dayanan, Soros Fondu, NED və digər bu kimi qlobal casus şəbəkəsinin formalaşdırılmasına başçılıq edən geosiyasi təzyiq təsisatlarına ev sahibliyi edən, onların fəaliyyətinə dəstək verən bir ölkədir.
“Hazırda Şərqi Avropada baş verən qarşıdurmalarda, həmçinin Gürcüstanda təsir agentlərinin iştirakı ilə cərəyan edən proseslərdə, o cümlədən Ermənistanın silahlandırılmasında və Qərbin Ermənistandakı nüfuz agentlərinin maliyyələşdirilməsində Polşa siyasiləri və təsisatları birbaşa, yaxud dolayısıyla iştirak edirlər.
Bu prosesdə Polşanın yer alması, Şərqi Avropadakı təhrikçi hərəkətlərinə görə, hədəfdə olan bu ölkənin də diqqəti öz üzərindən yayındırmaq niyyətindən qaynaqlanır”.