Ukrayna ordusuna və xalqına dəstək məqsədilə 1 ədəd "Bayraktar TB2" SİHA almaq üçün Polşada start verilmiş pultoplama kampaniyası tamamlanıb.
Hafta.az-ın yazdığına görə, artıq lazım olan məbləğ - 4,7 milyon avronun yığıldığı deyilir. Kampaniyanı başladan jurnalist Slavomir Syerakovski Polşada yayımlanan "Krytyka Polityczna" dərgisinə verdiyi açıqlamada qeyd edib ki, 22,5 milyon Polşa Zlotisi (təxminən 5 milyon dollar) hədəfinə çatıblar.

Qeyd edək ki, may ayında Litvada başlayan və qısa vaxtda toplanan pulyığma kampaniyasından sonra eyni prosesə Polşada da start verilmişdi.
"TVN24"ə danışan jurnalist Syerakovski "İndiyədək baş vermiş bütün dəhşətləri məhz media vasitəsilə izləmişik. İndi Ukraynanı dəstəkləmək və ukraynalılar üçün nəsə etmək üçün özümüzə bir şans verdik" deyib. O, Polşada 1 ədəd "Bayraktar TB2" SİHA alımı üçün başladılan kampaniyaya 200 mindən artıq insanın qoşulduğunu bildirib.
Xatırladaq ki, bu günədək Ukrayna ordusuna dəstək məqsədilə bənzər kampaniyalar Ukrayna, Polşa, Litva, Norveç və Kanadada başladılıb.