Polşanın Ukrayna üçün yeni müdafiə paketi var

09:32 23.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski paytaxt Kiyevə işgüzar səfərə gələn Polşanın baş naziri Donald Tuskla görüşüb.

Hafta.az-ın yazdığına görə, görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçirib.

Zelenski, Tuskun səfərinin baş nazir kimi Avropa İttifaqından (Aİ) kənar bir ölkəyə ilk səfəri olduğunu ifadə edərək, "Biz baş nazirin Ukraynada olmaq seçimini, eləcə də Polşanın Ukrayna seçimini yüksək qiymətləndiririk" deyib.

Prezident Zelenski Polşaya və onun xalqına Ukrayna-Rusiya müharibəsində onlara göstərdikləri dəstəyə görə təşəkkür edib.

Görüş zamanı ikitərəfli münasibətlərin bütün sahələrini müzakirə etdiklərini bildirən Zelenski, "Polşanın yeni müdafiə paketi var. Biz bu davamlı dəstəyi yüksək qiymətləndiririk. Ukraynanın ehtiyacları üçün daha genişmiqyaslı silah alışı üçün əməkdaşlığımızın yeni forması var: Ukrayna üçün Polşa krediti" deyib.

Zelenski Tuskla gələcəkdə birgə silah istehsalı imkanlarını, Ukraynanın Aİ-yə üzvlük yolunda irəliləyişini, Avropa qurumları ilə qarşılıqlı fəaliyyət üzrə təcrübə mübadiləsini müzakirə etdiklərini bildirib.

Baş nazir Tusk həmçinin qeyd edib ki, Polşadakı bütün siyasi qüvvələr Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanın bütün mümkün vasitələrlə dəstəklənməli olduğu qənaətindədir.

Tusk silah-sursat istehsalına, eləcə də Ukrayna-Polşa biznes layihələrinə birgə investisiyaların qoyulmasının vacibliyini vurğulayıb, həmçinin Polşanın Ukraynanın yenidən qurulmasında iştirak etməyi planlaşdırdığını, hətta Varşava hökumətinin bu məqsədlə məsul komissar təyin edəcəyini bildirib.