“Gürcüstan prezidenti Salome Zurabişvili həm də Fransa vətəndaşıdır. O Gürcüstanın deyil, daha çox Fransa dövlətinin və fransız xüsusi xidmət orqanlarının maraqlarını müdafiə edir. Bunu iqtidar dairələri dəfələrlə dilə gətirib, Zurabişvilini açıq aşkar satqın, Gürcüstanın maraqlarına zərbə vuran düşmən adlandırıblar”.
Bunu Hafta.az-a müsahibəsində Gürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyev deyib. Partiya sədri bildirib ki, Zurabişvili ölkədə qarışıqlıq yaratmaq istəyir. O hətta orduya müraciət edərək demokratik qüvvələrin hakimiyyətə gəlməsinə dəstək verməyə çağırıb ki, bu da qanunla dövlət çevrilişinə cəhd sayıla bilər.
“Hətta təhlükəsizlik qüvvələri bunu dərindən araşdırsaydılar, o həbs edilməliydi. Bundan başqa, Zurabişvili dəfələrlə dövlətin qanunlarını pozub, Gürcüstan xalqının deyil, sanki müxalifətin prezidenti kimi aksiyalara qoşulub. O hesab edirdi ki, aksiyada iştirak edərsə bütün Gürcüstan əhalisi həvəslənib küçələrə axışacaq. Amma nəinki bu baş vermədi, əksinə çoxları tərəfindən narazılıqla qarşılandı. Prezidentin xalqın maraqlarını müdafiə etmədiyi artıq hər kəsə aydındır”, - Fazil Əliyev bildirib.
“Bəzi mənbələr bildirir ki, Zurabişvili Gürcüstandan qaçıb. Çünki qeyd etdiyim kimi, dəfələrlə konstitusiyanı pozduğu üçün həbs olunma risqi daşıdığını başa düşür. Hətta Tbilisiyə qayıtsa belə, onun xarici agenturaya işlədiyi gün kimi aydındır. Güman ki, Fransaya məhz ağası Makrondan və digərlərindən Gürcüstanda gələcəkdə başqa hansı yeni təxribat planları həyata keçirməli olduğuna dair təlimat almaq üçün gedib. Bu ayın 14-də Gürcüstanda prezident seçkiləri olacaq. Bizdə prezident səsvermə yolu ilə deyil, mandat almış millət vəkilləri tərəfindən seçilir. İki gün sonra – ayın 16-da Zurabişvilinin prezidentlik müddəti başa çatır və yola salınacaq. Dekabrın 29-da isə yeni prezidentin andiçmə mərasimi keçiriləcək. Bununla da Zurabişvili və onun kimi digərlərinin Gürcüstanda “at oynatmasına” son qoyulacaq”, - partiya sədri fikrini tamamlayıb.