“Cənab Prezidentin Şuşaya gəlişi Azərbaycanın işğaldan azad olunan torpaqları, konkret Şuşa üzərində öz hüququnu dünyaya göstərməsi idi”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Onun fikrincə, cənab Prezidentin hər sözündə tarixi nəticə, dünyaya bir mesaj var.
“Qalib Azərbaycan torpağının sahibi kimi Ali Baş Komandanın Şuşada Azərbaycan tarixi ilə bağlı söylədiyi fikirlərin böyük əhəmiyyəti var. O, xüsusilə Azərbaycan xanlıqları, Şuşanın qədim Azərbaycan şəhəri, Ulu öndər Heydər Əliyevin bu şəhər üçün böyük işlər görməsindən bəhs etdi. Bildirdi ki, əgər işğal olmasaydı, bu gün Şuşa dünyanın ən diqqət çəkən şəhərlərindən biri olacaqdı. Prezident dedi ki, yayılan görüntülər elə təəssürat yaradır ki, Şuşa haradasa, ötən səsrin 70-80-ci illərində qalıb. Ermənistan nəinki Azərbaycanın torpaqlarını işğal etdi. Eyni zamanda əraziləri inkişafdan saxladı".
Deputat Şuşada Prezidentin çox mühüm mesajlar verdiyini önə çəkdi. Onun sözlərinə görə, Prezidentin Azərbaycan gəncliyi ilə fəxr duyması, gənclərimizin vətənpərvər olmasını vurğulaması dövlət rəhbərinin gənclərə verdiyi yüksək qiymətdir.
A.Mirzəzadə bildirib ki, cənab Prezidentin Şuşada olarkən məscidlərlə yanaşı, kilsəni ziyarət etməsi Azərbaycanın multikultural dövlət olduğunu, dinlərin fəaliyyətinə şərait yaradıldığını bir daha sübut etdi. Onun sözlərinə görə, Cıdır düzündə Prezidentin çay içməsi rəmzi xaraxter daşıyır. O göstərdi ki, Azərbaycan xalqı öz torpağının, tarixinin, mədəniyyətinin sahibidir. Heç kəs bu məsələdə ona mane ola bilməz.
“Artıq Şuşanın bərpası və quruculuğu ilə bağlı çox möhtəşəm planlar hazırlanır. Ona görə də hər səfərimiz zamanı Şuşanı tanımayacağıq. Şuşa bizə daha gözəl və əzəmətli formada özünü təqdim edəcək”.