Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan yeni yaşayış kompleksinin açılışında iştirak etdilər. Dövlət başçısı şəhid ailəsi ilə görüşdə bir daha şəhid ailələri, müharibə əlilləri, qazilərin problemlərinin həllinə daha həssas yanaşılmasının vacibliyini qeyd etdi. Bəs görəsən, bu gün şəhid ailələri, müharibə əlilləri və qazilərimizin həllini gözləyən daha hansı problemləri, qayğıları var? Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə maraqlı məqamlara toxunub:
- Məlum olduğu kimi, bu günlərdə Sabunçu rayonu ərazisində müharibə əlilləri və şəhid ailələri üçün yeni yaşayış kompleksinin açılışı oldu. Kompleksin açılışında iştirak edən ölkə başçısı çıxışında Şəhidlərin yaxınlarının daim diqqət mərkəzində olduğunu bir daha vurğuladı. Bu çıxış ölkə ictimaiyyətinə hansı mesaj verdi?
- Cənab Prezident və Mehriban xanımın Ramazan Bayramını şəhid ailələri ilə bir yerdə keçirmələri, şəhid ailəsinin qonağı olmaları hər birimiz üçün çox xoş oldu. Eyni zamanda ev növbəsində olan bir çox şəhid ailələri mənzillərlə təmin olundular. Bu, daim həm Şəhid ailələri ilə işləyən ictimai təşkilat, həm də bir şəhid ailəsi kimi bizim özümüzə də stimul verir. Prezidentin hər çıxışında şəhid adının, Şəhidlik zirvəsinin aliliyini, müqəddəsliyini daim vurğulaması özü cəmiyyətimizə bir mesajdır. Əminəm ki, aidiyyəti qurumlar, eyni zamanda sadə vətəndaşdan tutmuş, məmura qədər hər kəs bu mesajdan nəticə çıxaracaq və öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, dövlətimizə, şəhidlərimizə, xalqımıza layiq olmağa çalışacaqlar. Arzumuz budur ki, Şəhidəlrin canlarını fəda etdiyi torpağa, Vətənə layiqli olaq, ailələrinə, dəyərlərinə sahib çıxaq.
- Ötən 1 illə müqayisədə bu gün şəhid ailələrinin üzləşdiyi əsas problemlərin həllində nə dərəcədə irəliləyiş, yaxud nöqsanlar var?
- Qeyd edim ki, ictimai birlik olaraq Ramazan Bayramında regionlarda idik. Bakıda şəhid ailələri ilə bağlı tədbirlər, ziyarətlər çox edilir. Regionlar isə bəzən kənarda qalır. Axı Azərbaycan tək Bakıdan ibarət deyil. Regionlarda bizim kifayət qədər Şəhid ailələrimiz var.
Bu dəfə Göyçay rayonunda olduq. Orada bir tək övladını şəhid verən ananı ziyarət etdik. Oğul itirmək çox ağır dərddir. Düşünürəm, o insanlara elə kömək etməliyik ki, heç olmasa, sosail-məişət problemlərinin qayğısını çəkməsinlər. Onlar oğul, ər, ata, qardaş dərdini onsuz da yaşayırlar. Üstəlik, məişət qayğıları olanda üzərlərinə artıq yük düşür. Belə olanda həmin insanların həyatı dözülməz hal alır.
Biz həmin regionda olan bir şəhid ailəsində olduq. Onun iki övladı var. Şəhid könüllü olaraq döyüşüb. Bir məsələ var ki, könüllü döyüşənlərin ailələri təqaüd almırlar. Ən böyük problem də budur. Onların övladları sadəcə atasızlığa görə müavinət alırlar. Nəzər alın ki, bir uşağa ödənilən pul cəmi 80 manatdır. Şəhidin yoldaşı - qadın özü heç yerdə işləmir, təhsili yoxdur, amma uşaqların gələcəyi qarşıdadır və həmin pula onları dolandırmaq çətindir. Düzdür, Prezident təqaüdü olaraq 500 manat alır. Bu pul da şəhidin 5 nəfər vərəsələri arasında bölünür və hərəsinə 100 manat düşür. Təsəvvür edin, bununla nə etmək olar? Həmin ailənin xanımını məşğulluğa cəlb edib, işlə təmin etmək lazımdır. Bu istiqamətdə çətin məsələlər var. Qadın uşağını böyütməli, oxutmalı, ona təhsil verməlidir. Xüsusilə regionlarda bu məsələlərə diqqət olunmalıdır. Düzdür, hazırda orada icra başçısı yoxdur, amma region olaraq, yəqin ki, orada icra strukturu var və bu ailələrin hər birinin onlarda siyahısı var. Onlarda hər ailənin gəlir siyahısı var və ona uyğun olaraq diqqətdə saxlanılmalıdır.
Həmişə təklifim olub ki, şəhid ailələrinə kənardan dəstək vermək əvəzinə, ailənin içərisində olan resursdan istifadə edilməlidir. Məsələn, dediyim o xanımı hansısa peşəyə alışdırıb yaxşı bir işlə təmin etmək olar. Bu, həm özünəgüvəni artıracaq, həm də gələcəyə daha əminliklə baxmasına imkan yaradacaq. Ümumiyyətlə, o ailələrdə işlə təminat məsələsi ən böyük probemlərdən biridir. Hətta bizim təhsilli, diplomu olan şəhid ailələrinin xanımları da bu gün iş axtarışındadırlar. Onların işlə təminatı məsələsi problem olaraq qalır.
- Bir çox hallarda Məşğulluq Xidmətinin iş təminatı ilə bağlı çox yardımçı ola bildiyi qeyd olunur...
- Məşğulluq Xidməti tərəfindən təklif olunan işlər onların ixtisasına, həyat tələblərinə uyğun gəlmir. Fərqi yoxdur, kim olursa-olsun iş axtararkən maaşı əsas götürülür. Hər bir insan işə qəbul olunanda birinci növbədə alacağı məvaciblə nə dərəcədə dolana biləcəyini hesablayır. Maaş ən azından elə olmalıdır ki, gəliş-gedişini, gündəlik xərclərini ödəyə bilsin.
Bizim də əlimizdə hazırda iş axtaran, iş növbəsi gözləyən xanımların siyahısı var. Mənim müraciətim ölkədə fəaliyyət göstərən böyük şirkətlərdir. Hansı ki, insan resursları ilə kifayət qədər düzgün iş qura biliblər, təminatlı şirkətlərdir. Çox istərdim ki, o şirkətlər bu xanımları diqqətdə saxlasınlar, onlara təcrübə keçəndən sonra öz sektorlarında işlə təmin etsinlər. Şəhid xanımlarının o cür şirkətlərdə işləmək haqqıdır. Azərbaycanda olan böyük şirkətlər belə xanımları normal işlə təmin etsələr, problemin həllinə nail ola bilərik. Amma bu məsələ hələ də problemli olaraq qallır.
- Bir qədər əvvəl qeyd etdik ki, şəhid ailələri mənzillərlə təmin olunur. Necə hesab edirsiniz, şəhid ailələrinin, müharibə əlillərinin evlə təminatı məsələsində əsas hansı məsələlər həllini gözləyir?
- Şəhid ailələri ilə bağlı ən çox işlədiyim sahə budur. Bakı şəhərində, Sumqayıtda kimin qeydiyyatı varsa, onlar qaçqın və məcburi köçkünlər üçün ayrılmış mənzillərlə təmin olunurlar. Elə bir problem yaşanmır. Regionlarda hələ ki, o problem mövcuddur. İnsanlar hələ ev növbəsinə alınır, sonra onlara həyətyanı sahə ayrılır və 5 illik proqrama uyğun olaraq onlara mənzillər tikilib təhvil verilir. Siyahıların tutulmasına yenicə başlanılır. Yəni o sahədə işlər bir qədər vaxt aparır. Şəhərlərdə də problem var və bunu dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bildirmişəm. Cənab Prezident bu yaxınlarda “Vətən Müharibəsi qəhrəmanlarına verilən evlərin özəlləşdirilməsi və onlara mülkiyyət hüququnun təsdiqlənməsi haqqında” sənədin verilməsi haqqında sərəncam imzaladı. Bu hələ ki, bütün şəhid ailələrinə aid edilmir. Evlər sadəcə müqavilə əsasında verilir, hələ heç bir mülkiyyət hüquqi təsbit edilməyib. Bu da bir narazılıq yaradır. Ümid edirik ki, bu yaxınlarda problem aradan qalxacaq. Digər əsas məsələlərdən biri verilən mənzilərin otaq sayları ilə bağlıdır. Bir Şəhidimiz var, XTD-nin mayoru olub. Onun bir qız övladı yadigar qalıb. Şəhidin ailəsi cavan xanımdır, ali təhsillidir. O da iş axtarır. Ona cəmi bir otaq təklif edilib. Mən bildirmişəm ki, bu xanım bundan sonra ev ala bilməyəcək və o, bu bir otaqla təminatını necə həyata keçirə bilər. Axı bu uşağın gələcəyi var, böyüməsi var. Bu, düzgün deyil. O xanım ən azı 2 otaqla təmin olunmalıdır.
Biz o ailələrə standartlarla, Mənzil Məcəlləsi ilə baxmalı deyilik. Bu əlilliyin təyin edilməsində Avropa standartları ilə yanaşmaya bənzəyir. Bu yanaşma doğru deyil. Biz şəhid ailələrinə bir az da hansı dəyər daşıyıcıları olmaları prizmasından yanaşsaq, o fərqi hiss edərik. Mənzil Məcəlləsinin özü də köhnəlmişdir. Ona da dəyişikliklər edilməlidir. Hamımız hər yerdə şəhid ailələrinin qarşısında baş əydiyimizi deyirik. Gəlin görək, biz ən yaxşısını edə bilirikmi? O bir otağa Şəhid ailəsinin əlindən alınmış xoşbəxtliyini sığışdıra bilmərik. Bunu nəzərə almasaq, ona verilən 1 otaqla onsuz da o ailənin mənzil problemini həll etməyəcəyik.
Cənab Prezident bu istiqamətdə özünün münasibətini ortaya qoyur. Cəmiyyətdə onlara olan münasibət hər yerdə tələb olunan qaydada deyil. Sui-istifadə halları var. Cəmiyyətin bütün üzvləri bunu dərk etməlidir. Əgər yaşayırıqsa, nəfəs alırıqsa, əgər bu gün Qarabağa səfər edə biliriksə, bu gün mənim, onun övladı sağdırsa, rahat yaşayırsa, demək, itirdiyimiz o kişilərə borcluyuq. Onlar hər birimiz üçün, Vətən üçün öz xoşbəxtliklərini, həyatlarını qurban veriblər. Hamı Şəhidinə öz evinin itkisi kimi yanaşmalıdır. Nəsə etmək istəyəndə də onu elə təqdim etməliyik ki, onların qəlbi inciməsin. Biz onlara ən yaxşı həyat tərzini təmin etməyə çalışmalıyıq.
- Qazilərimizə əlilliyin dəyərləndirilməsi ilə bağlı dəfələrlə deyilən mövcud problemlər aradan qalxıbmı?
- Qazilərin əlilliyinin dəyərləndirilməsi ilə bağlı hələ də problemlər qalır. 2700 qazinin əlilliyi bu iki il ərzində dəyərləndirilib və aidiyyəti qurumlara təqdim edilib. Burada da həllini gözləyən məsələlər var. Bu yaxınlarda mən bir qazi ilə görüşdüm. O qazi uzun müayinələrdən keçəndən sonra nəticədə ona imtina qərarı verildi. Başa düşürük, deyirlər ki, əlillik xəstəliyin dərəcəsinə, meyarlarına görə verilməlidir. Bilirsiniz ki, elə insanlar var, onun sağlamlığının bərpa olunması qeyri-mümkündür.
Müharibədən iki ilə yaxın vaxt keçib, bu insan sağalmaz xəsarət alıb, amma buna əlillik vermək üçün 6 ay da vaxtı uzadırlar. Ona deyilir ki, 6 aydan sonra təkrar müraciət et. Onsuz da bunlar müharibədə ağır yaralar alıblar, əlildirlər. Üstəlik, belə adamları get-gələ salmaqla, əlilliyini gecikdirdikcə əsəbilikləri daha da artacaq. Axı “əlillik” gecikdikcə, onların maddi təminatı gecikir, onların ev növbəsinə durmaları və sair, ümumən bütün proses gecikir. Qayğıdan, diqqətdən kənarda qalırlar. Bu gün YAŞAT fonduna və digər yerlərə müraciət edən şəxs qazi, əlil deyilsə, o müraciətə baxılmır. Ona dəstək olunmur. Ona görə də bu, əlilliyi ala bilməyənlər arasında narazılıq yaradır. Yaxud müayinələr uzanır. Hər gün “VTEK”in qabağına nə qədər insan toplanır. Hamısı da narazı, əsəbi. Bunun bir yolu, həddi olmalıdır ki, insanlar rahatlıqla öz əlilllik dərəcələrini ala bilsinlər.
- Şəhid ailələri onların adlarının əbədiləşdirilməsi üçün qarşılarında bir “medal, orden” baryerinin dayandığını deyirlər. Medal, orden almayan Şəhidin adına hər hansı bir küçə, məktəb verilə bilməz. Sizcə, bu məsələyə necə yanaşılmalıdır?
- Siz yüngül dediniz. Medal bütün şəhidlərimizdə var. Allah hamısına rəhmət eləsin. Mən Şəhid adını heç bir medala, ordenə sığışdırmıram. Şəhidlik adı bir medala, hər hansı təltifə sığacaq qəhrəmanlıq deyil. Baxın, Türkiyədə şəhidlər arasında fərq yoxdur. Şəhid adı özü böyükdür. Bizdə isə Şəhidin ordeni olmalıdır. Medal alana isə heç nə verilmir. Əgər ordeni varsa, uzunsürən mübarizədən sonra onun adına məktəb verilə bilər, küçə verilə bilər. Bu da haqlı olaraq ailələr arasında narazılıq yaradır. Şəhidlər arasında fərq qoyulur. Mən sizi inandırım ki, 6 ildir Milli Qəhrəman Raquf Orucovun adına nə bir küçə tini var, nə bir məktəb - heç bir şey yoxdur. Onun təltifi bəzi üzdəniraq Müdafiə Nazirliyinin hazırda istefaya göndərilən şəxsləri tərəfindən təltif siyahısına salınmamışdır. Bu gün adının əbədiləşdirilməsində problemlər yaşayan ailələrdən biri də bizik. Hələ də mübarizə aparırıq. Belə faktlar çoxdur. Aprel şəhidlərinin ailələri, I Qarabağ savaşında şəhid olanların ailələri... Ən aşağı təltif Aprel döyüşlərində olub. Hansı ki, birinci ilk müdafiə xəttini yaran o qəhrəmanlar olublar. İlk zəfəri ölkəyə bəxş edənlər o qəhrəmanları olublar. Gəlin araşdırın, sorğu verin görək, onlar hansı medallarla təltif olunublar. Onlara verilən medal Müdafiə Nazirliyinin əmri ilə 3-cü dərəcəli medaldır. 16 illik təcrübəsi olan XTD-nin gizirinə Müdafiə Nazirliyinin əmri ilə “3-cü dərəcəli hərbi xidmətlərə görə” medalı verilib. O, heç bir əhəmiyyət daşımır. Belə faktlar, problemlər çoxdur. Biz bu narazılıqların hamısını ən yüksək kürsülərə çatdırırıq. Deyirik ki, tədbirlər görülməli, narazılıqlar aradan qaldırılmalıdır. O ailənin yarasına məlhəm onun Şəhidinin adının anılmasıdır, adının əbədiləşdirilməsidir. Ən böyük təskinliyimiz odur.