Putin çətinə düşdü: CAR-a səfər etsə həbs olunacaq

13:15 14.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Avqustda BRİKS sammitinə ev sahibliyi edəcək Cənubi Afrika Respublikasında (CAR), sammitə qatılacağı gözlənilən Rusiya prezidenti Vladimir Putin üçün Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən həbs qərarı verilməsi narahatlıq doğurur.

Hafta.az-ın "All Africa"ya istinadən yazdığına görə, CAR prezidenti Kiril Ramafosanın sözçüsü Vinsent Magvenya mövzu ilə bağlı verdiyi açıqlamada, "Bütün liderlərin sammitə qatılması gözlənilir. Ancaq BCM-nin həbs qərarı əngəl yaradır" dedi. O, məsələnin araşdırıldığını bildirib.

Yerli mediaya danışan hökumət rəsmiləri Putinin sammitdə onlayn iştirak variantının da masada olduğunu bildirib.

Bir hökumət rəsmisi, "Ramafosa administrasiyası BCM-dən ayrılma qərarını ləğv edən administrasiyadır. Ona görə də Putinin gəlməsinə icazə verərək öz qərarlarına qarşı çıxmırlar. Onların maraqlarına zərər verəcək qərarlar vermək istəmirlər. Cənubi Afrika pariya dövləti olmaq istəmir" deyib.

Dünyanın 5 inkişaf etməkdə olan iqtisadiyyatının (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) bir araya gəldiyi və Cənubi Afrikada keçiriləcək BRİKS sammitində Putindən əlavə Hindistan, Braziliya və Çin liderlərinin də iştirakı gözlənilir.

Bununla belə, BCM-nin üzvü olan Cənubi Afrikadan Putin öz ərazisinə ayaq basan kimi onu həbs etmək qanuni şəkildə tələb olunur.

Cənubi Afrikada ana müxalifət təşkilatı olan Demokratik Alyans bunu xatırladıb və hökuməti Putini həbs etməyə çağırıb. Müxalifət həmçinin BCM-ni hökumətə təzyiq göstərməyə çağırıb. Ölkənin sol partiyaları isə Putinin xoş qarşılanmasını və əvəzində ölkənin ICC üzvlüyündən çıxmasını istəyirlər.

Məlumdur ki, Cənubi Afrika hökumətinin Kremllə sıx əlaqələri var. Ukrayna müharibəsindən sonra Rusiyanı qınamaqdan imtina edən Pretoriya hökuməti tərəfsiz qalmağa üstünlük verdiyini və müharibənin dialoq yolu ilə sona çatdırılması lazım olduğunu bildirən bəyanatla çıxış edib.

Bu ilin ilk aylarında Cənubi Afrika, Çin və Rusiya birgə hərbi təlimdə bir araya gəlib.

Cənubi Afrika və Rusiya arasındakı əlaqələr Kremlin aparteid rejiminə qarşı indi hakim Afrika Milli Konqresini dəstəklədiyi vaxta gedib çıxır.

Siyasət rubrikasından digər xəbərlər