Putin ikili oynamağa məcburdur – Sülhəddin Əkbər

15:32 08.04.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İsgəndər M” - Bakının əlində Moskvaya bir təzyiq vasitəsidir

Bəlli olduğu kimi, Moskvada Paşinyan-Putin görüşü  keçirilib. Bundan öncə isə Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın Rusiya paytaxtına səfəri zamanı və “1-ci kanal”da məşhur ermənipərəst aparıcı Vladimir Poznerlə mühasibədən əvvəl Rusiya Prezidenti ilə telefon danışığı və onun rus mediasında yüksək səviyyədə təbliği başlayıb. Bunun müqabilində isə Moskva telekanallarında Azərbaycan və qardaş Türkiyəyə qarşı yenə də kəskin siyasi-ideoloji təbliğat  kampaniyası start götürüb. 

Politoloq Sülhəddin Əkbər “Həftə içi” əməkdaşıyla söhbətində baş verənlər fonunda Ermənistandakı erkən seçkilər öncəsi gözlənilən proseslər, Köçəryan və  tərəfdarlarının seçkilərdə üstünlük qazanacağı halda işğalçı ölkə və Qarabağdakı revanşist qüvvələrin fəallaşması ehtimalı, eləcə də “İsgəndər M” raketi qalmaqalına Rusiya rəsmi qurumlarının susqunluğu və s. haqda danışıb.

-Sülhəddin bəy, sizcə, Robert Köçəryanın Moskva səfəri, Putinlə telefon danışığı və Poznerə müsahibəsinin ardınca Ermənistan baş naziri Paşinyanın Rusiya lideri ilə görüşündən sonra Ermənistandakı seçkiöncəki proseslər hansı istiqamətdə inkişaf edəcək?

-Ermənistanda seçkiöncəki vəziyyət onsuz da gərgindir. Və heç şübhəsiz, bu vəziyyət getdikcə gərginləşəcək. Məğlub bir ölkədəki situasiyanı da nəzərə alsaq, hər cür olaylar, eksseslər gözləmək olar. Amma aydındır ki, hadisələrin inkişafında fövqəladə bir dəyişiklik olmazsa, Ermənistanda Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkidən qalib çıxacaqdır. Amma seçkiyədək hansı olayların olacağını söyləmək çətindir. Çünki Ermənistanın özündə də, Azərbaycanın Rusiya və erməni birləşmələrinin nəzarətində qalan ərazisində də müxtəlif təxribatlar, gözlənilməz gedişlər ola bilər.  Eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərində üçtərəfli razılaşmanın həyata keçirilməsi ilə bağlı məsələlər də xarici müdaxiləyə açıqdır. Təbii ki, Rusiya da prosesi yaxından izləyəcək. Eyni zamanda Paşinyanın arxasında olan xarici qüvvələr də... Hər zaman dediyim kimi, yenə o fikirdə qalıram ki, müharibədə məğlub olan, amma 10 Noyabr siyasi razılaşmasına əməl edilməsinin vacib olduğunu bildirən, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı olan Paşinyanın seçkidə qalib gəlməsi bizim də, Türkiyənin də maraqlarına cavab verir. Bunu Rusiya da yaxşı anlayır. Amma Kreml eyni zamanda onu da başa düşür ki, bu seçkidə Paşinyan qalib olacaq və onun arxasında həm ABŞ, həm Avropa Birliyi dayanır. Ona görə də seçkilər geo-siyasi qarşıdurma fonunda keçəcək. Rusiya yaxşı bilir ki, tərəfdarları seçkilərdə qalib gələ bilməyəcək. Ona görə də çalışacaq ki, tərəfdarları mümkün qədər çox səs toplasın və parlamentdə daha geniş koalisiya ilə təmsil olunsun...

Moskva daha da irəli getsə, yəni Paşinyana qarşı seçkiyə qədər və ya seçkidən sonra hansısa təxribat, terror törədilməsi, hərbi qiyam cəhdi etsə də, sonuc nəticə etibarilə Rusiyanın əleyhinə işləyəcək... Yəni Kreml Moldova, Ukrayna, Gürcüstanı necə itirdisə, Ermənistanı da elə itirə bilər. Və Moskva yaxşı anlayır ki, Ermənistanda əhali arasında ən çox tərəfdara malik olan siyasi lider Paşinyandır, siyasi qüvvə də onun başçılıq etdiyi “Mənim addımım” blokudur...

-Yəni belə çıxır ki, Putin dostu Köçəryanın seçkilərdə qalib gəlmək şansının çox az olduğunu anlayır, amma buna rəğmən Paşinyan iqtidarını mümkün qədər təzyiq altında saxlamaq üçün onun təbliğatını gündəmdə saxlayır...

-Yox, zənnimcə, məsələ yalnız bunda deyil. Rusiya kəşfiyyatı da, siyasi texnoloqları da Ermənistandakı real vəziyyəti bilir və Putinə ikili oyun oynamağı tövsiyə edirlər. Yəni deyirlər ki, bir tərəfdən Köçəryan başda olmaqla Rusiya tərəfdarlarını maksimum müdafiə etməliyik; açıq və gizli, yaxud yarıaçıq, yarı gizli. Paşinyanla isə ipləri qoparmamalıyıq. Çünki Paşinyanın seçkidən qalib qüvvə kimi çıxmaq ehtimalı böyükdür. Ona görə də  Kreml və Putin ikili oynamağa məcburdur...

- Sözsüz ki, Ermənistanda Köçəryan, Qarabağ klanı yenidən hakimiyyətə yiyələnsə, bu revanşist qüvvələr nə Qarabağda sülh yaratmağa, nə də Zəngəzur dəhlizinin açılmasına imkan verəcək. Bu da 10 Noyabr razılaşmasının əsas qarantı kimi Rusiyanın, o cümlədən Putinin şəxsi nüfuzuna, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi xələl gətirəcək. Yəqin ki, Rusiya lideri bu amilləri də nəzərə alır?

-Təbii ki, Köçəryan kimilər Rusiyanın zombiləridir və əgər onlar hakimiyyətə qayıdarlarsa, biz də Qarabağ məsələsində dəfələrlə dediyimiz kimi, sıfır nöqtəsinə qayıdacağıq. Üzərindən 30 il vaxt keçsə də, Rusiya yeni strateji şəraitə və şərtlərə uyğun olaraq  “5-ci kalon”dan yararlanmaqla həm Ermənistanı, həm də Azərbaycanı qarışdıracaq...

Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın da vəziyyəti əvvəlki kimi birmənalı və asan deyil. Ona görə də Rusiya yalnız Ermənistanla deyil, Azərbaycanla da ikili oynamağa çalışır. Yəni Moskva Azərbaycan və Türkiyə ilə münasibətləri də nəzərə almağa məcburdur. Artıq Türkiyə faktoru Güney Qafqazda geopolitik bir gerçəklikdir. Yəni o baxımdan dediyiniz məsələlər yalnız Ermənistanla bağlı məsələlər deyil... Bütövlükdə  regionla, bir az da genişləndirsək, ABŞ və Avropa Birliyi ilə münasibətlərlə bağlı tərəfləri də var. Bilirsiz ki, bu regional münaqişə artıq çoxdan beynəlmiləlləşib. Burada  ABŞ, Türkiyə, AB, NATO-nun da maraqları var. Hələ mən Böyük Britaniya, Pakistan, İsrail kimi oyunçuları demirəm... Bir sözlə, Rusiya ilə bağlı bu və ya digər məsələlərdən danışarkən keçmiş paradiqmalardan çıxış etmək olmaz. Bu, yanlış olar. Vəziyyət tamamilə dəyişilib, oyunçuların sayı çoxalıbdır və Rusiya da yeni geo-siyasi situasiyanı nəzərə almağa  məcburdur... Odur ki, Kreml əvvəlki kimi Güney Qafqazda da birmənalı, maksimalist siyasət apara bılməyəcək...

-Şuşada tapılmış Rusiya raket qalıqlarıyla bağlı yaranmış, obrazlı desək, “İsgəndərnamə” epopeyası haqda nə düşünürsünüz? Putinin mətbuat katibi Peskovun qeyri-müəyyən cavablarını nəzərə almasaq, bu ölkənin rəsmi qurumları, xüsusən Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi açıqlama yoxdur axı...

-Bilirsiz, artıq ortada bir fakt var: Azərbaycana qarşı Rusiya istehsalı olan “İsgəndər M” raketindən istifadə olunubdur. Bunu ölkəmizin müvafiq qurumları təsdiqləyib. Və bu, eyni zamanda rəsmi Bakının əlində Moskvaya bir təzyiq vasitəsidir. Əgər bundan bacarıqla istifadə olunarsa... Amma bilirsiz ki, bu, “İsgəndər” raketlərinin eksporta gedən yox, Rusiya Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş versiyasıdır. Odur ki, burada mümkün variantlar bunlardır:

1. Bu silahı Şuşaya Rusiya özü atıbdır.

2 . Rusiya “İsgəndər- M”i Ermənistana verib və o, bundan istifadə edib.

3.  Ermənistanda hansısa qüvvələr həmin raketi qeyri-leqal, qeyri-qanuni yollarla Rusiyadan alıb.

Və artıq bunlar təhqiqat məsələsidir. Amma fakt odur ki, qanuni baxımdan Ermənistan Silahlı Qüvvələrində “İsgəndər M” markalı raket olmayıb və ola da bilməzdi.... Burada eyni zamanda Rusiyanın hərbi və kəşfiyyat qurumlarında hansısa qrupun öz şəxsi maddi maraqları müqabilində həmin raketdən özünün Azərbaycana qarşı istifadə etməsi və ya Ermənistan tərəfinə satması da mümkündür. Yəni hələ 1990-cı illərdən indiyədək Rusiyanın güc və təhlükəsizlik strukturlarında korrupsiya və rüşvətxorluğun hansı səviyyədə olduğu bəllidir. Yeri gəlmişkən, artıq bunu demək olar; hətta 1992-1993-ci illərdə Azərbaycan xüsusi xidmət orqanları müəyyən miqdarda pul müqabilində Rusiyanın “KQB” əməkdaşlarına istənilən operativ işi gördürə bilirdi. Məsələn, hansısa səfirliyi  və ya hansısa şəxsi dinləmək və s.

- Bəs Rusiyanın rəsmi açıqlama verməməsi nə ilə bağlıdır?

-Bunu dəqiq demək mümkün deyil. Ola bilsin ki, “İsgəndər-M”lə bağlı həqiqətən Rusiya siyasi rəhbərliyinin, şəxsən Putunun xəbəri olmadan aşağı səviyyədə hansısa cinayət tərkibli iş görülüb və bəlkə bunu Kremlin özü də araşdırılır. Bunu da istisna etmək olmaz...

-Rusiyanın  Azərbaycan torpaqlarına sülhməramlı adı altında yeridilmiş hərbi birləşmələri artıq 5 aya yaxındır ki, öz rəsmi missiyalarından kənar humanitar, iqtisadi-sosial, inzibati və s. məsələlərə də müdaxilə edirlər. Bu günlərdə Qarabağın ermənilər yaşayan məntəqələrində təhsil məsələlərinə də müdaxilə etməyə, məktəblilərlə görüşlər keçirərək faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı tarixi faktların öz bildikləri kimi təbliğinə də başlayıblar.  Bunlar nə vaxta qədər belə davam edəcək?

- Əvvəla, onu deyim ki, Qarabağdakı “sülhməramlılar” deyilən Rusiya hərbçiləri əslində elə öz gerçək missiyalarını yerinə yetirirlər. Çünki Rusiya hakimiyyəti kimi, Rusiya ordusu və hərbçiləri də heç bir keçmiş  sovet respublikasını müstəqil dövlət kimi tanımır və həmin ölkələrin ərazisinə öz torpaqları kimi baxırlar. Ələlxüsus da Ermənistana və dırnaqarası “Dağlıq Qarabağ Respublikası”na... Mən deməkdən yorulmuram ki, Cənubi Qafqaz və Azərbaycana erməniləri gətirən də, burada erməni dövlətini yaradan da, bu günə qədər onun ərazisini genişləndirməyə çalışan da, bunun tərkib hissəsi olaraq “Dağlıq Qarabağ” süni problemini ortalığa atan da Rusiyadır. Onlar Qarabağa öz əraziləri kimi baxırlar. Bunu birdəfəlik anlamaq lazımdır... Odur ki, hazırda Azərbaycan ərazilərində olan Rusiya hərbçilərinin davranış və əməllərinə gerçək qiymət vermək üçün də məsələyə məhz bu prizmadan yanaşmaq gərəkdir.

Bəli, Rusiya hərbi kontingenti  Ermənistana da, eləcə də erməni-rus birliyinin nəzarətində qalan Azərbaycan ərazilərinə öz torpaqları kimi baxırlar. Və orada da buna uyğun davranırlar. Bunun əksini gözləmək anormallıq olardı... Bəs bu nə vaxta qədər davam edəcək? O vaxta qədər ki,  Rusiya zəifləməyib və “yaxın xaric” adlandırdığı postsovet məkanından öz ordusunu çıxarmağa məcbur olmayıbdır. Biz də bunu tezləşdirməliyik. Bunu tezləşdirməyin yolu da hazırda Rusiyaya qarşı yaranmaqda olan koalisiya ilə birgə hərəkət etməkdir.

-Və ona  qədər də Azərbaycan təkbaşına bu prosesə təpki göstərə bilməyəcək?

-Bəli, təkbaşına buna bizim gücümüz çatmaz. Bunu etiraf etmək gərəkdir. Ona qədər biz yalnız başda qardaş Türkiyə olmaqla ikinci Qarabağ savaşında bizə dəstək verən qüvvələlərlə birgə hərəkət etməliyik.  Burada geopolitik oyunçu Böyük Britaniyadır, operativ-taktiki oyunçu isə Türkiyədir. Yəni biz Böyük Britaniya, Türkiyə, İsrail və Pakistanla birgə  hərəkət edərək nə qədər mümkündürsə, məhdudlaşdırma siyasəti aparmalıyıq. Heç olmasa, Rusiya-Ermənistan birliyini hazırkı ərazidəki çərçivədən kənara çıxmağa qoymamalıyıq...