Rusiyada tikintisi başa çatan 3 yeni döyüş gəmisi suya endirib. Prezident Vladimir Putin Sankt-Peterburq şəhərindəki “Severnaya Verf” gəmiqayırma zavodunda tikintisi başa çatdırılan “Admiral Qolovko” freqatının, “Naro-Fominsk” kiçik raket gəmisinin və “Lev Çernavin” minaaxtaran gəmisinin bayraq qaldırma mərasimində iştirak edib.
Hafta.az-ın yazdığına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin xidmətinə daxil olan yeni döyüş gəmilərinin suya buraxılması mərasimində çıxış edən Putin deyib: “Donanmamıza ən yeni gəmilərin daxil edilməsi gəmiqayırma sənayemizin yüksəlişdə olduğunu və indi ritmik, kütləvi xarakter daşımağa yaxınlaşdığının daha bir sübutudur. Bu, gəmiqayırma sənayemizin canlandırılması və inkişafı yolunda ən mühüm, əsaslı addımdır”.
Putin onu da vurğulayıb ki, hazırda Rusiyanın gəmiqayırma zavodlarında 5 freqat, 8 korvet, 13 kiçik raket gəmisi, eləcə də 50-yə yaxın müxtəlif sinif döyüş gəmisi fərqli hazırlıq mərhələlərində tikilir.