Rusiya Mərkəzi Seçki Komissiyası həftəsonu keçirilən prezident seçkiləri üçün səslərin 100 faizini hesablayıb və emal edib və hazırkı prezident Vladimir Putin 87,28 faiz səs toplayıb.
Hafta.az-ın yazdığına görə, Putinə ən çox səs Rusiya Federasiyasının Çeçenistan, Tuva, Kabardin-Balkar, eləcə də işğal edilmiş Ukrayna torpaqları olan Donetsk və Luqansk vilayətlərində verilib.
Mərkəzi Seçki Komissiyasının rəsmi nəticələrinə görə, Rusiya lideri Çeçenistanda seçicilərin 98,99 faizinin səsini toplayıb. Bu rəqəm Rusiyada ən yüksək səs kimi qeydə alınıb. Çeçenistanda 2018-ci il prezident seçkilərində Putinə 91,54 faiz səs verilmişdi.
Səsverməyə ilk dəfə qatılan qondarma separatçı Donetsk “Xalq Respublikası” Putinə səslərin 95,23 faizini verərək ikinci yerdə qərarlaşıb.
Üçüncü nəticəni Tuva göstərib. Tuva Respublikasında isə Putin 95,37 faiz səs toplayıb. 2018-ci ildə bu göstərici 91,98 faiz təşkil edib.
Kabardin-Balkar 94,21 faizlə dördüncü yerdədir. 2018-ci ildə bu bölgədə Putinə dəstək 93,38 faiz olaraq qeydə alınıb.
Beşinci yerdə 94,12 faiz səslə Putinin qalib gəldiyi işğal altındakı separatçı Luqansk “Xalq Respublikasıdır”.
Rusiyada prezident seçkilərində səsvermə martın 15, 16 və 17-də keçirilib.
Seçkilərdə iştirak edən digər namizədlərin səs bölgüsü belə olub: Kommunist Partiyasının namizədi Nikolay Xaritonov 4,31 faiz, Yeni Xalq Partiyasının üzvü Vladislav Davankov 3,85 faiz və Leonid Slutski (LDPR) 3,2 faiz.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib ki, son seçkilərdə 75,9 milyon səslə Vladimir Putinə rekord sayda vətəndaş səs verib. Bu da onu göstərir ki, Rusiyanın qonşu ölkələrin torpaqlarını işğal etçə siyasəti rus xalqı tərəfindən dəstəklənir.