“Putinin bu görüşlərin təşkilində əsas məqsədi özünün qalib obrazını yaratmaqdır...” - Tofiq Zülfüqarov

18:17 19.08.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Zelenski ilə Tramp arasındakı son görüşün müəyyən əhəmiyyəti olduğunu düşünürəm. Amma bu görüşlərdə hansısa konkret mövzular əsas müzakirə obyekti deyil; kim hansısa torpaqları nəzarət altında saxlayacaq, kim saxlamayacaq. Məsələ ondadır ki, Zelenskinin Ukrayna Konstitusiyanı pozmaq və hansısa əraziləri Rusiyaya təhvil vermək üçün nə niyyəti, nə də imkanı varr. Deməli, Putin üçün bu görüşlərin əsas məqsədi  Rusiya üçün bir "qalib" obrazı yaratmaqdır. Və əslində hazırda Rusiyanın əsas istəyi, o cümlədən diplomatik hədəfi bununla bağlıdır. Putin bununla gələcəkdə öz hakimiyyətini sığortalamaq niyyəti güdür”.

Bu fikirləri hafta.az-a açıqlamasında “Zelenski ilə Tramp arasındakı dünənki görüşü necə dəyərləndirirsiniz? Putinlər üç tərəfli, ikitərəfli görüşlər də baş tutarsa, bundan sonrasını necə görürsünüz?” sualını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Onsuz da hamı başa düşür ki, bu görüşlərin arxasında Rusiya dayanır. Onların hədəfi, öz mövqelərini gücləndirmək və qalib kimi təqdim etməkdir. Çünki Tramp özü də deyir ki, bu görüşdən sonra Putinə zəng edəcəm... Bu, təbliğatın bir parçasıdır və Putin, dediyim kimi, bu şəkildə Rusiyanın, əslində özünün qalib obrazını yaratmağa çalışır. Lakin bu, mümkün olan bir şey deyil. Məntiqə uyğun olmayan bir məsələdir.  Putin Ukraynaya bu hücumlar nəticəsində yüz minlərlə canlı itki,  trilyonlarla maddi itki verib. Rusiyanın ordusu demək olar ki, dağıdılıb, ölkə dağılır, böyük çətinliklərlə qarşı-qarşıyadır. Bütün bu itkilər müqabilində Ukraynanın bir neçə dağıdılıb yerlə yeksan edilmiş  vilayətinin bir hissəsini özünə qatıb”, -deyə davamında həmsöhbətimiz bildirib.

Diplomat hesab edir ki, artıq Rusiya əhalisi tezliklə deyilən həqiqətləri anlayacaq.

“Mən inanıram ki, bunu artıq Rusiyada insanların bir qismi  başa düşür, qalan hissəsi də tezliklə anlayacaq və deyəcəklər ki, bu itkilər nədən ötrüdür, hansı məqsədlədir. Çünki Rusiyanın daxili problemləri çox böyükdür. Təxminən 47 milyon insan normal yaşayış şəraitindən, istilik sistemindən məhrumdur. 30 milyon insanın isə hələ də normal tualeti yoxdur. Bütün bu daxili çətinliklər, Rusiya üçün ciddi problemlər yaradacaq və bu, onların beynəlxalq səhnədəki mövqelərinə də mənfi təsir göstərir. İqtisadi vəziyyəti və infrastruktur problemlərini daha da dərindən düşünmək lazımdır. Bu gün infrastruktir baxımından Moskva, Sankt-Peterburqu çıxmaq şərti ilə qalan şəhər, qəsəbə və kəndlər pis gündədir. Bunu ruslar özləri deyir. Və onların da başa düşəni anlayır ki, Ukrayna savaşına xərclənən trilyonlar Rusiyanın özünə xərclənsəydi, bəlkə də belə iqtisadi-sosial problemləri həll etmək olardı.

Yəni, bir daha deyirəm, Kreml üçün, Putin üçün son görüşlərdəki əsas məsələ "qalib gəlmək" deyil. Bu, məntiqsiz bir görüntü yaratmaqdır ki, sanki Rusiya müharibədə qalib gəlib. Hanı sənin qələbən, kimə qalib gəlmisən?”,- deyə sabiq baş diplomat sual edərək vurğulayıb.