Putinin məqsədi Zelenskini devirib hakimiyyəti dəyişməkdir – Tofiq Zülfüqarov

19:02 24.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Hafta.az-a geniş müsahibəsində Rusiya prezidenti Vladimir Putinin əmri ilə Rusiya ordusunun Ukrayna ərazisində genişmiqyaslı hücum əməliyyatlarına başlamasını şərh edib, bunun Qarabağ və Ermənistanla sərhədlərimizdəki proseslərə təsirindən və hadisəyə Azərbaycan dövlətinin necə reaksiya verməli olduğundan danışıb.

-Tofiq müəllim, təəssüf ki, Rusiya artıq son məlumatlara görə, 1 milyona yaxın soydaşımızın da daimi və müvəqqəti yaşadığı Ukraynada hərbi əməliyyatlara başladı. Hadisələrin gedişatını necə dəyərləndirirsiz?

-Putin tərəfindən Ukraynaya genişmiqyaslı hücum əmri verilməsi birmənalı olaraq səhvdir. Bu yolla Rusiyanın hansısa məqsədlərə nail olması mümkün deyil. Amma, təəssüflər olsun ki, həmin səhvin nəticəsində hərbçilərlə yanaşı, günahsız dinc insanlar, uşaqlar, qadınlar, qocalar həlak olmağa başlayıb.

O ki qaldı gələcək məsələlərə, hesab edirəm ki, Ukrayna müharibəsi ilk növbədə Rusiyanın özündə siyasi və iqtisadi böhran yaradacaq. Çünki birbaşa yayımda təhlükəsizlik şurasının iclası da göstərdi ki, Rusiyanın rəhbərliyində də ciddi böhran yaşanır. Yəni bütün hökumət üzvləri Putinin qərarını sözdə dəstəkləsə də, gerçəklik başqa cürdür. Və Putinin də bundan narazı qaldığı görsənir.  Xarici kəşfiyyat rəhbərinin o şəkildə aşağılanması, təbii ki, normal vəziyyətdən xəbər vermir...

-Ukrayna savaşıyla bağlı Azərbaycan dövləti hansı mövqeni tutmalıdır? Yadınızdadırsa, həm I, həm də II Qarabağ savaşında rəsmi Kiyev Azərbaycanın yanında olub...  

-Hesab edirəm ki, Azərbaycan burada Türkiyənin II Dünya müharibəsindəki təcrübəsini əsas götürməlidir. Və mövcud gərgin geo-siyasi və hərbi-siyasi gərginlik  və ümumiyyətlə, Rusiya-Qərb qarşıdurması fonunda rəsmi Bakının əsas vəzifəsi öz milli təhlükəsizliyimizi və maraqlarımızı qorumaq olmalıdır. Yəni hansısa güc mərkəzinin  əlində alətə çevrilməkdən çəkinməliyik. Bu həm Rusiya, həm Qərb, həm də digər tərəflərlə münasibətlərə aiddir. Diqqətli olmalıyıq...

-Sizcə, Qərbin, ABŞ-ın, NATO-nun təzyiqləri, sanksiyaları Putini durduracaqmı, yoxsa o, Ukraynanı diz çökdürənədək savaşı davam etdirəcək?

-Baxaq, görək… Amma hesab edirəm ki, Ukrayna savaşında Qərbə çox da güvənmək, ümid bəsləmək də düzgün  deyil. Yəni hamımız görürük ki, ABŞ və Avropa dövlətləri tərəfindən bəyanatlar çox olsa da, əməli iş çox azdır. Döyüşlərin ilk saatlarından da belə nəticəyə gəlmək olur ki, heç Ukraynaya normal silahlar da verməyiblər. İkincisi də, Qərbin mövqeyinin nəticələrini Gürcüstanda əyani şəkildə görmüşük. Belə görünür ki, bu, Ukraynada da təkrarlanacaq. Yəni bu baxımdan təəssüf ki, Ukrayna burada qurban verilir. Və bunun da günahkarı həm Qərb, həm də Rusiyadır. Və hesab edirəm ki, Ukrayna rəhbərliyi də səhvə yol verərək birmənalı şəkildə Minsk formatından imtina edib. Bu kobud siyasi-diplomatik səhv idi...

Maraqlıdır ki, Ukrayna ilə bağlı Minsk formatı elə Qarabağ problemi ilə guya məşğul olan Minsk qrupu ilə reallıqda eyni bir funksiyaya malik idi. 30 il ərzində biz də bir neçə dəfə separatçılarla bir masa arxasında oturmuşuq, amma diplomatik gedişlərimiz bizi böyük təhlükələrdən sığortalayıb. Yəni nəticədə heç Ermənistanın özü də qondarma “Artsax”ı tanımayıb,  heç tanımaq fikrində də deyil. Amma 44 günlük müharibədən sonra hər kəsin gerçək sifəti üzə çıxıb. Fransa parlamentinin dərhal üzdəniraq “Artsax”ın müstəqilliyini tanıması Azərbaycanın necə mürəkkəb bir durumda olduğunu göstərdi. Bir tərəfdən Rusiyanın təzyiqi, digər yandan Qərbin ikili mövqeyi… Və s. və i.a.  Amma bütün bunlara rəğmən Azərbaycan öz məqsədlərinə nail olub və olmaqdadır. Odur ki,  Ukrayna bir diplomatik çeviklik göstərib danışıqlara getsəydi, bəlkə də Putin separatçı qurumların “müstəqilliyi”ni tanımayacaq və hərbi əməliyyatları başlatmayacaqdı. Doğrudur, danışıqlarda rəsmi Kiyev qarşısında qoyulan şərtlər çox ağır idi, qəbuledilməz və təhlükəli idi. Amma  gərək hansısa yolla özlərini daha böyük təhlükələrdən sığortalayaydılar...

- ABŞ lideri Cozef Bayden fevralın 10-da “NBC” kanalına müsahibəsində, deyilənə görə, çaşıb Əfqanıstan əvəzinə “Ukrayna” dedi. Bəlkə bu, heç çaşmaq deyilmiş, Ağ Ev doğrudan da məqsədli şəkildə Ukraynanı Rusiya hakimiyyəti üçün Əfqanıstana çevirməyə çalışır?  Necə ki, 43 il öncə - 1979-cu ildə Əfqanıstanı SSRİ üçün onun sonunu gətirən bataqlığa çevirmişdi...

-Əslində burada məqsəd çox aydındır. Yəni ukrayınların vasitəsilə Rusiyaya problemlər yaratmaq… Amma gərək Ukrayna və Rusiya siyasətçiləri buna yol verməyəydilər.  Görünür ki, burada çox ciddi siyasi səhvlərə yol verilib. Putinin hücumla bağlı əmri isə, hesab edirəm ki, ən böyük səhvdir. Bu hadisələr heç də Rusiyanın xeyrinə olmayacaq. Ən azı ölkədə daxili iqtisadi və siyasi böhran güclənəcək…

-Necə hesab edirsiz, Putinin Ukraynadakı qondarma separatçı qurumları tanıması və ardınca guya öz xahişləri ilə həmin qurumlardakı əhalinin müdafiəsi məqsədi ilə Ukraynaya faktiki təcavüz etməsi Qarabağdakı separatçı-terrorçu rejimi, eləcə də Ermənistanda Putinin dostu sayılan Xocalı qatilləri Robert Köçəryan və Serjik Sərkisyanın başçılıq etdiyi revanşist, anti-türk, terrorçu və işğalçı xislətli müxalifəti fəallaşdırmayacaq ki? Bildiyiniz kimi, dünən gecə - fevralın 23-də Ermənistan Laçın istiqamətində Azərbaycan ordusunun mövqelərini atəşə tutmağa başlayıb. Bu gün səhər tezdən isə qəsbkar ölkənin müdafiə naziri Suren Papikyan Moskvaya rusiyalı həmkarı Şoyqu ilə görüşə yollanıb…

-Ermənilərin Moskva Bəyannaməsindən sonra təşvişə düşməsi  bəllidir. Bu, onlar üçün böyük problem yaradıb… Lakin ümumi tendensiya ondan ibarətdir ki, Rusiya bu saat əsas diqqət və gücünü Ukrayna istiqamətinə yönəldib və ona görə də istəməz ki, Cənubi Qafqazda, Qarabağda da yenidən gərginlik ocağı yaransın. Amma bütün hallarda proseslər Rusiyanın zəifləməsinə doğru gedir. O da bəllidir ki, bu zəiflik ona gətirib çıxaracaq ki, Moskvadan çox uzaq nöqtələrdə Kremlin fəallığı azalacaq. Ümumiyyətlə, bundan öncə demişdim ki, artıq Rusiya  Qarabağa da marağını itirib. Və hazırda regionu idarəetmə üsulu, iki ölkəyə təsir mexanizmi kimi Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya məsələsi onun üçün yetərlidir. Qarabağdakı rus ordusunun saxlanılması Moskvaya bir tərəfdən baha başa gəlir, digər tərəfdən də Ukrayna məsələsi yanında, təbii ki, bu bölgə aktualllığını itirir.

Moskva bəyannaməsi də bunu göstərir. Yəni orada, demək olar ki, heç Qarabağın adı çəkilmir. “Azərbaycan-Ermənistan münaqişəsi” haqda danışılır, vəssəlam…

-Yeri gəlmişkən, sizcə, Moskva Bəyannaməsində Azərbaycanı  suverenliyi üçün təhlükəli məqamlar var?

-Mən də  bəzi şərhçilərə qulaq asdım. Onların bəzi sənədləri düzgün anlamaması normaldır. Moskva Bəyannaməsi,  belə desək, çərçivə sənədidir. Yəni bundan öncə olanları qeyd edib gələcəyə yollar göstərir. Ona görə də saziş yox, bəyannamə adlanır. Müttəfiqlik haqda bəndə baxsaq, görərik ki, hələ 1997-ci ildə iki ölkə arasında Dostluq və Əməkdaşlıq haqda təməl saziş olub. Həmin  sazişin 4-cü bəndində qeyd edilir ki, tərəflərdən birinə təhlükə yaranacağı halda bir-biri ilə məsləhətləşmələrə başlayacaqlar. Bu maddə 1997-ci ildən mövcuddur. Odur ki, mən şəxsən onun nə ziyanını, nə də xeyrini görmürəm. Və onu da deyim ki, Şuşa bəyannaməsi ilə Moskva Bəyannaməsi arasında yetərincə fərqlər var…

-Fərqlər hansı mənadadır?

-O mənada ki, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik daha yüksək səviyyədədir. Orada daimi təhlükəsizlik mövzusuna aid təmaslar mövcuddur. Yəni daimi fəaliyyətdə olan, təhlükəsizliyi təmin edən qurumların birgə işləməsi prosesi elə gedir ki, heç məsləhətləşmələrə də ehtiyac qalmır. Türkiyənin Azərbaycana münasibəti, təbii ki, fərqlidir. 44 günlük savaş zamanı da gördük ki, heç bir bəyannamə, saziş olmadan Türkiyənin “F-16” qırıcıları Azərbaycanda idi… Və Türkiyə arxayınlıqla bəyanat verirdi ki, biz Azərbaycanın yanındayıq…

-Tofiq müəllim, necə hesab edirsiz, Ukraynada hərbi əməliyyatlar qısa müddətdə dayanacaq, yoxsa Kreml bütün təzyiqlərə rəğmən sonadək rəsmi Kiyevi diz çökdürməyə çalışacaq?

-Putinin bəyanatlarından aydın olan məqsəd Vladimir Zelenskini hakimiyyətdən devirmək və Rusiyaya bağlı iqtidar formalaşdırmaqdır.  Amma onun buna nail olub-olmayacağı sual altındadır. Çünki bu, elə də asan məsələ deyil.  Və əminəm ki, hansısa mərhələdə bu qarşıdurma dayanacaq…

İlkin məlumatlara görə, quru qoşunlarının hücumu o qədər də aktiv deyil. Amma Rusiya tərəfindən ballistik raketlərlə Ukrayna ordusunun Kiyev və digər şəhərlərdəki strateji obyektlərinin vurulması haqda məlumatlar onu göstərir ki, öncə dediyim kimi, Qərb Ukraynanı yetərli hava hücumundan müdafiə vasitələri ilə təmin etməyib… Hər halda baxaq görək… Amma hesab edirəm ki, bu hücum, döyüşlər nəticəsində Putin Zelenskini devirəcəyinə əmindir. Fəqət, əslinə qalsa, böhranlı vəziyyət elə Rusiyanın özündədir…Odur ki, Rusiya lideri bu haqda və özünün gələcəyi barədə də ciddi düşünməlidir...