Qafqazın taleyi Azərbaycanın əlindədir - Məlahət İbrahimqızı

16:24 04.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin 44 günlük savaşından sonra, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar Qərbin, Avropanın maraqlı dairələri tərəfindən narahatlıqla izlənir. Ermənistanın təcavükar siyasəti və beynəlxalq hüquqa zidd, cinayətkar hərəkətlərini görməzdən gələn Avropa və Qərb təşkilatları, dövlətləri regionda sülhün bərqərar olması istiqamətində yeni maneələr yaratmağa çalışır. Ermənistan sülhə məcbur edilmir, işğalçı siyasətinə görə məhkəmələrə cəlb olunmur, silahlandırılır, işğala məruz qalan Azərbaycana qarşı müxtəlif qərəzli çıxışlar, qətnamələr qəbul olunur. “Həftə içi”nə müsahibə verən deputat Məlahət İbrahimqızı bir sıra məsələlərə diqqət çəkib.

– Avropa Birliyinin, ABŞ-nin, Fransanın Azərbaycana qarşı qərəzli, əsassız hücumlarının arxasında hansı maraqlar durur? Cənubi Qafqazda nəyə nail olmağa çalışırlar?

– Avropa və Qərbin öz maraqları naminə ayrı-ayrı bölgələrdə yaratdıqları kataklizmlər, qərəzli yanaşmalar cəmiyyətdə təəssüf hissi və daha çox şok yaratmaqdadır. Bir qədər əvvəl Avropa Birliyi, ATƏT, Avropa Şurası, BMT-nin ayrı-ayrı ölkələrə münasibətdə baş verən haqsızlıqlara ikilistandatlı yanaşmaların olması tənqid edilirdisə, indi tamamilə fərqli mənzərə ilə qarşılaşırıq. Məhz II dünya müharibəsindən sonra Fransa, ABŞ, Almaniya və digər ölkələr insan hüquqlarını beynəlxalq dəyər kimi gündəmə gətirərək, onun müdafiəsi üçün bir çox təşkilatlar yaratdılar. Münaqişə və müharibə ocaqlarının yarandığı ölkələrdə cərəyan edən prosesləri araşdırarkən bir acı həqiqət ortaya çıxır. Məlum olur ki, özlərini “demokratik dəyərlərin beşiyi” sayan ölkələr hər zaman ayrı-ayrı xalqları, dövlətləri təsir altında saxlamaq üçün onlara təzyiqlər edirlər. Bu gün isə Avropanın ayrı-ayrı təsisatları maraqlı olduqları bölgələrdə ölkələrə qarşı  müstəmləkəçiliyin, əsarətin yeni bir üslubunu müəyyənləşdiriblər. Əgər əvvəllər öz məqsədlərini ustalıqla gizlədirdilərsə, indi artıq açıq şəkildə hücuma keçir, haqlının deyil, haqsızın yanında dayanmaqdan çəkinmirlər. Çox güman ki, Avropa İttifaqı, ABŞ, Ermənistan rəsmilərinin aprelin 5-də Brüsseldə keçirilən görüşdə bölgə ilə bağlı hansı təhdid ocağının yaradıldığı həmin qurumların mahiyyətini bir daha açacaq.

Bu gün həmin məkrli missiyanın açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyən Fransa tərəfindən həyata keçirildiyini müşahidə etməkdəyik. Bu onu göstərir ki, məlum təşkilatlar rüşvət, korrupsiyaya görə başqalarının marağını müdafiə edir. Anlamırlar ki, Azərbaycan da digər ölkələr kimi beynəlxalq hüquq çərçivəsində eyni hüquqlara malik müstəqil dövlətdir.

Ermənistan silahlandırılır. Niyyət bu ölkəni hərbi plasdarma keçirməkdir. O da hər kəsə yaxşı məlumdur ki, Ermənistanı səmimi müdafiə etdiklərini bəyan edən Fransa, ABŞ siyasətçiləri həmin ölkələrdəki güclü erməni diasporasının pulu ilə hərəkət edir. Bu faktlar Avropa məhkəmələrində ifşa olunub.

– Aprelin 5-də Brüsseldə regiona qarş hansı yeni təhdidin bünövrəsi qoyula bilər?

–  Bu, gündəmdə olan və ciddi müzakirə edilən məsələlərdən biridir. Azərbaycanla ABŞ bir sıra mühüm məsələlərdə yaxın işbirliyinə malikdir. O da məlumdur ki, ABŞ antiterror koalisiyası yaradan zaman Azərbaycan oraya ilk qoşulanlardan olub. Görünən budur ki, həmin dövlətlərin şəxsi maraqları bütün bu məsələlər kölgədə qoyur. Bu gün Ermənistan, Avropa İttifaqı, ABŞ-nin birlikdə konfrans keçirməsi bir daha Cənubi Qafqaza yeni bir ayrıseçkilik xəttinin çəkilməsini göstərir.

Aydındır ki, Qafqazda üç ölkə var və bölgənin taleyini həll edən əsas ölkə Azərbaycandır. ABŞ, Fransa kimi dövlətlər bk açarı əlimizdən almaq istəyirlər. Görünən odur ki, Azərbaycan kimi ərazisi, əhalinin sayı kiçik bir dövlətin müstəqil siyasət yürütməsi, regionun güclü bir dövləti kimi daha geniş bölgədə böyük oyunçuya çevrilməsini həzm edə bilmirlər. Bu hallar bizi o dərəcədə düşündürmür. Azərbaycan öz düşmənlərini zərərsizləşdirmə siyasətini gözəl şəkildə yürüdür. Azərbaycan dövlət başçısının əyilməz, qətiyyətli siyasi iradəsi var. Onun apardığı siyasət öz dövlətinin, eyni zamanda bu bölgəınn marağına xidmət edir, bölgənin inkişafının təminatçısıdır. Ermənistan sülhə dəvət edilmək əvəzinə təhlükəszilik təminatından danışaraq sülh prosesindən yayındırırlar. İstənilən halda Qərbin, Avropanın oyunları iflasa uğrayacaq.